Məhkəmə qərarları › İş №2(001)-461/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-461/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-461/2025 04.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" KB ASC-nin nümayəndəsi X2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair ilkin, Cavabdeh "xxxx" KB ASC-nə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 14950 manat əsas, 2443,2 manat faiz, 88,7 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 17481,90 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 142,45 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ərizə-anketi və xx.xx.2021-ci il tarixli Ümumi Ofertanı anlaqlı vəziyyətdə bağlamadığını nəzərə alaraq, etibarsız hesab edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizənianketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1 -ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 27,50% olmaqla 14950 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 avqust 2024 il tarixinə "xxxx" KB ASC-yə 14950 AZN əsas, 2443,2 AZN faiz, 88,7 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 17481,90 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia tələbində göstərmişdir ki, guya xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla "Ümumi Oferta" ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq, SMS vasitəsilə ona 60 ay müddətinə, illik 27,50% olmaqla 14950 manat məbləğində kredit xətti açılmışdır. Lakin məhkəmənin nəzərinə çatdırır ki, o, ilkin iddia üzrə iddiaçının pretenziya və iddia tələbindən yenicə xəbərdar olmuşdur. Bildirir ki, bağlanmış əqddən o, həmin vaxt məlumatlı olmamışdır. Belə ki, 2018-ci ildən etibarən ikinci dərəcəli əlildir, onda hərbi əməliyyatlar vaxtı aldığı baş-beyin travmaları nəticəsində şizofreniyaya bənzər psixozlar müəyyən edilmiş, əlilliyin müəyyən olunması meyarında müəyyən edilmişdir ki, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) var, əmək qabiliyyətsiz hesab olunmuşdur. Eyni zamanda, xəsətəliyi ilə əlaqədar hər ay həkim müşahidəsi altında 10 saylı şəhər poliklinikasında müayinə alır və bu müddət ərzində poliklnikadan kənara çıxa bilmir. İlkin iddia üzrə iddiaçı onun xəstəliyi dövründə, xatırlamadığı vaxtda hansısa üsulla onunla əqd bağladığını və həmin əqd üzrə ona qarşı borcunun yarandığını iddia edir. Lakin nəzərinizə çatdırır ki, bağlanmış əqd barədə məlumatı yoxdur və hər hansı məbləğ əldə etməmişdir. Əgər belə bir əqd bağlamışdırsa da, onun əqdi bağlamaq üçün fəaliyyət qabiliyyəti olmadığına görə yalnız qəyyumun vasitəsilə bağlanıla bilərdi. ƏƏSMN yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli arayışına əsasən, ikinci dərəcə əlillik müəyyən olunmuşdur. TSEK-in diaqnozuna əsasən, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, kəllə-beyin travması (döyüşdə mərmi partlayışı zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya. Bazu, təpə nahiyəsində, burun yuxan hissəsində çoxlu zəif dəri çapıqları. Şizofreniyaya bənzər psixozlar müəyyən olunub. Əlillik dərəcəsi ikinci dərəcəlidir. Əmək qabiliyyətsizdir. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5in 04 fevral 2019-cu il tarixli, 403 saylı rəyinə əsasən, diaqnoz: kəllə-beyin travması nəticəsində demensiya, anamnezində şizofreniyaya bənzər psixozlar müşahidə olunub. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5in 22 fevral 2019-cu il tarixli, 692 saylı rəyinə əsasən, diaqnoz: KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyayabənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunub. Səhiyyə Nazirliyinin “ Psixi Sağlamlıq Mərkəzi” X5in 24 yanvar 2024-cü il tarixli, 498 saylı rəyinə əsasən, diaqnoz: KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunub. Kənar şəxlsərin qulluğuna ehtiyacı var. SN İnformatika və statistika İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, tam diaqnoz: şizofren paranoidin fasiləsiz gedişi. Respublika Reabilitiasiya Mərkəzinin 456 №-li stasionar reabilitasiya kartasından çıxarışa əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyi olan şəxs Cavabdeh verilir, ondan ötrü ki, o həqiqətən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Reabilitasiya Mərkəzində stasionar qaydada reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində Cavabdeh mövcud vəziyyəti qiymətləndirilmiş və aşağıdakı reabilitasiya tədbirləri həyata keçirilmişdir: Medikamentoz müalicə; Müalicəvi massaj; Psixoterapiya; Müalicəvi bədən tərbiyəsi. Bütün bu tibbi sənədlər və rəylər, eyni zamanada, məhkəməyə hazırda təqidm olunan çıxarışlar onu təsdiq edir ki, o, əmək qabiliyyətsizdir və şizofreniya paranoid xəstəliyindən əziyyət çəkdiyi üçün kənarşəxsin qulluğuna ehtiyacı var. Fəaliyyət qabiliyyətinin olmaması nəzərə alınmaqla, o, mülki münasibətlərdə iştirak etmək imkanından məhrumdur. Hazırda isə məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etməyinə yaxın qohumları köməklik göstərmişdir. Həmçinin qeyd etmişdir ki, əqd bağlanan zaman o, anlaqlı vəziyyətdə olmamış, öz hərəkətlərinin mənasını başa düşməmiş, buna görə də hazırda belə bir əqdin bağlanmasını xatırlamır. Mülki münasibətlərdə iştirak etmək imkanından məhrum olduğu üçün həmin əqd üzrə hər hansı öhdəlik sahib deyildir. Bank fəaliyyət qabiliyyəti və anlaqlığı barədə məlumat əldə etmədən online qaydada onun adına bankdan pul götürülməsini təmin etmişdir. Ona görə də sözü geüdən müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" KB ASC-nin nümayəndəsi X4 ilkin iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, həm ekspert rəyi, həm də qarşılıqlı iddia ərizəsi ilə tanış olmuş və bildirir ki, əqdin etibarsızlığından söhbət gedə bilməz. İlk olaraq qeyd edir ki, əqdin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh tərəfindən banka heç pretenziya göndərilməyib. Rəydən də, görünür ki, Cavabdeh özünü müdafiə edir. Çünki o, bir neçə dəfə kredit götürüb və ödəyib. Onun ödəmə qabiliyyəti olub, lakin hazırda ödəməsində gecikmələr olduğundan bank tərəfindən məhkəməyə müraciət olunmuşdur. Göstərdiklərini nəzərə alaraq ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, sözü gedən kredit müqaviləsinin bağlanmasından xəbəri yoxdur. Yəni, məsələnin necə olmasını xatırlamır. O, bankın nümayəndəsinin dediklərini yalan-böhtan adlandırmır. Sadəcə o, krediti nə vaxt və haradan götürdüyünü xatırlamır. O, ekspertiza mərkəzində də, olmuş xəstəliyi ilə bağlı olanları soruşmuşlar. Bütün olanları xatırlamadığı üçün ilkin iddia tələbini qəbul etmir. Ona görə də ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: 26 sentyabr 2023-cü il tarixli, 15112nklNSHb/23 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh SMS vasitəsi ilə 60 ay müddətinə illik 27,50 faiz ödəmək şərti ilə 14950 manat məbləğində kredit verilmişdir. 14 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-nə əsas borcu 14950 manat, faiz borcu 2443,2 manat, cərimə borcu 88,7 manat olmaqla, ümumilikdə 17481,90 manat məbləğində kredit borcu vardır. DSMF-nin Sabirabad rayon şöbəsi tərəfindən verilmi. 022085 nömrəli vəsiqədən görünür ki, Cavabdeh 12 mart 2019-cu il tarixən müddətsiz olaraq, İİ-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5in 04 fevral 2019-cu il tarixli, 403 saylı rəyindən görünür ki, Cavabdeh kəllə-beyin travması nəticəsində demensiya, anamnezində şizofreniyaya bənzər psixozlar müşahidə olunması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5in 22 fevral 2019-cu il tarixli, 692 saylı rəyindən görünür ki, Cavabdeh KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyayabənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ikinci dərəcə əlillik müəyyən olunmuşdur. TSEK-in diaqnozuna əsasən, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, kəllə-beyin travması (döyüşdə mərmi partlayışı zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya. Bazu, təpə nahiyəsində, burun yuxan hissəsində çoxlu zəif dəri çapıqları. Şizofreniyaya bənzər psixozlar müəyyən olunub. Əlillik dərəcəsi ikinci dərəcəlidir. Əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5in 24 yanvar 2024-cü il tarixli, 498 saylı rəyindən görünür ki, Cavabdeh KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunması diaqnozu qoyulmuş və kənar şəxlsərin qulluğuna ehtiyacının olması qeyd edilmişdir. Respublika Reabilitiasiya Mərkəzinin 456 №-li stasionar reabilitasiya kartasından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyi olan şəxs Cavabdeh verilir, ondan ötrü ki, o həqiqətən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Reabilitasiya Mərkəzində stasionar qaydada reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində Cavabdeh mövcud vəziyyəti qiymətləndirilmiş və aşağıdakı reabilitasiya tədbirləri həyata keçirilmişdir: Medikamentoz müalicə; Müalicəvi massaj; Psixoterapiya; Müalicəvi bədən tərbiyəsi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertizası və X3” X5 xx.xx.2024-cü il tarixli, 3332 saylı rəyinin nəticə hissəsindən görünür ki; 1-ci sual üzrə - Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Ümumi Oferta” ilə tanış olub və ona bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə - “Ünibank" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən Cavabdeh öz hərəkətlərinin mənasını başa düşmüşdür. 2-ci sual üzrə - Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Umumi Oferfa” ilə tanış olub və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olubmuşdur. Həmçinin sözü gedən rəydə qeyd edilmişdir ki, Cavabdeh göstərilən əməliyyatları icra etməsini xatırlamaması onda aşkar edilən psixi pozuntu ilə əlaqədar deyil. Belə ki, Cavabdeh aşkar edilən psixi pozuntu ilə əlaqələndirməsi və tibbi sənədlər təqdim etməsi özünü müdafiə kimi qiymətləndirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Maddə 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Maddə 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İlk iddiaya üzrə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmiş və SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 27,50% olmaqla 14950 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğdə kreditləşməni aparmış, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 avqust 2024 il tarixinə "xxxx" KB ASC-yə 14950 manat əsas, 2443,2 manat faiz, 88,7 manat cərimə borcu olmaqla, ümumilikdə 17481,90 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməli, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 14950 manat əsas, 2443,2 manat faiz, 88,7 manat cərimə borcu olmaqla, ümumilikdə 17481,90 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini iş materialları əsasında araşdıraraq hesab edir ki, qarşılıqlı iddia aşağıdakı qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Hazırda ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddiasının əsasını iddiaçı ilə əqdi bağlayan zaman anlaqlı vəziyyətdə olmaması, öz hərəkətlərinin mənasını başa düşməməsi və hazırda həmin əqdin onun tərəfindən bağlanmasını xatırlamadığı üçün əqdin etibarsız hesab edilməsi təşkil edir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Qarşılıqlı iddianın əsasının maddi hüquqi norması qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci və 346-cı maddələrinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, “ Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.”. Yuxarıda qeyd olunduğu kimi etibarlı əqdin bağlanması üçün sağlam iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə olmalıdır. Təsadüfi deyil ki, qanunverici əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsız sayılmasını nəzərdə tutmuşdur. Fəaliyyət qabiliyyətli şəxsin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi halında əqdin etibarsızlığı bilavasitə sübutetmə ilə bağlıdır. Yəni əqdin bağlanması zaman anlaqlılığın olmaması sübuta yetirilməlidir və bu vəzifə əqdi mübahisələndirən tərəfin üzərinə düşür. Hazırkı halda Cavabdeh yuxarıda göstərilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin təqdim etdiyi sənədlərə əsaslanaraq əqd bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini iddia edir. Məhkəmə qarşılıqlı iddiaçının arqumentlərini əsaslı saymır. Belə ki, Cavabdeh ikinci dərəcəli əlil olması, onun əmək qabiliyyətsiz olması və onun orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillikdən əziyyət çəkməsi iş üzə müəyyən edilsə də, bu halların xx.xx.2021-ci il tarixli “Ümumi Oferta” əqdi bağlanan zaman onun anlaqlı olmaması və ya anlaqlılığını müvəqqəti itirməsini sübuta yetirmək üçün kifayət deyil. Məsələnin aydınlaşdırılması ilə bağlı məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertizası və X3” X5 rəyi əldə olunub və xx.xx.2024-cü il tarixli, 3332 saylı rəyinin nəticə hissəsinə əsasən- “1-ci sual üzrə - Cavabdeh xx.xx.2029-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Ümumi Oferta” ilə tanış olub və ona bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə - “Ünibank" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən Cavabdeh öz hərəkətlərinin mənasını başa düşmüşdür. 2-ci sual üzrə - Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Umumi Oferfa” ilə tanış olub və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur.”. Həmçinin sözü gedən rəydə qeyd edilmişdir ki, Cavabdeh göstərilən əməliyyatları icra etməsini xatırlamaması onda aşkar edilən psixi pozuntu ilə əlaqədar deyil. Belə ki, Cavabdeh aşkar edilən psixi pozuntu ilə əlaqələndirməsi və tibbi sənədlər təqdim etməsi özünü müdafiə kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməzsə, habelə ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olarsa, o zaman ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur. Belə olan halda məhkəmə hesab edir edir ki, xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinin və xx.xx.2023-cü il tarixli "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketin Cavabdeh tərəfindən anlaqlı olmaması və ya anlaqlılığını müvəqqəti itirməsi halında imzalaması iş üzrə sübut olunmur. Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Ümumi Oferta” ilə tanış olub və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən o, öz hərəkətlərini dərk etdiyindən, eləcə də öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətində olduğundan, mübahisə predmeti olan müqavilənin etibarsızlığı halları müəyyən edilmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ilkin iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 142,45 manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" KB ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək 14950 manat əsas, 2443,2 manat faiz, 88,7 manat cərimə borcu olmaqla, ümumilikdə 17481,90 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 14950 manat əsas, 2443,2 manat faiz, 88,7 manat cərimə borcu olmaqla, ümumilikdə 17481,90 manat məbləğində pul vəsaiti tutularaq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" KB ASC-yə ödənilsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 142,45 manat məbləğində pul vəsaiti tutularaq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" KB ASC-yə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar