Məhkəmə qərarları › İş №2(001)-4612/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-4612/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4612/2023 10.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, KHAZAR SD markalı **-AX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsusdur. Cavabdeh həmin avtomobilə görə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də iddaçı İddiaçı 1500 manat pul alaraq, məbləğin 100 manatın MMC-yə verib. Avtomobil iddiaçıya 36 ay müddətində günlük 25 manat ödəmək şərtilə verilib, məbləğ tam ödənildikdən sonra isə avtomobil iddiaçıda qaımalı idi. Həmin gün iddiaçıya etibarnamə verildi. Əslində aralarında müqavilə bağlanmalı idi, lakin bağlanmadı.İddaçı İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus karta 175 manat pul ödəmişdir. Sonra xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə 175 manat ödəmiş və bildirmiş ki, etibarnamənin vaxtı bitib, ona yeni etibarnamə və müqavilə verilməlidir. Lakin Cavabdeh nə müqaviləni, nə də etibarnaməni ona vermədi. Hər dəfə onunla əlaqə saxlandıqda lizingə pul ödəyə bilmədiyini bəhanə edərək etibarnaməni verə bilmədiyini söyləyirdi. Bu hadisələrdən sonra iddiaçı tərəfindən cavabdehə üç dəfə olmaqla, ümumilikdə 650 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının ayağı sındığına görə maşını Cavabdeh qaytardı. Cavabdeh maşını götürdüyü zaman iddiaçı ondan ödədiyi pulun qaytarılmasını istədi, cavabdeh isə ona bildirdi ki, ona 200-300 manat qaytara bilər, pulu yoxdur, nə vaxt sağalsa maşını yenidən ona qaytaracaq. İddiaçı bundan sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, lakin mübahisə mülki xarakterli olduğuna görə işə baxılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdehə pul ödəmək üçün o, qızının qızıllarını lombarda qoymuş, hal-hazırda uşağı onunla buna görə danışmır. Pulu ödəməsə qızıllar batacaq. Cavabdeh polisdə ona cəmi 1000 manatın ödənilməsini qəbul edib. Lakin bu həqiqəti əks etmir. Aralarında hər hansı müqavilə bağlanmayıb və cavabdehin ondan ümumiyyətlə pul alması qanunsuz idi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində İddiaçı müraciəti əsasında toplanmış 164/23 saylı rədd materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, "xxxx" MMC-dən 2022-ci ilin noyabr ayında Khazar SD markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqlə alıb, xx.xx.2022-ci il tarixdə İddiaçı qalmaq şərtilə sürməyə etibarnamə ilə vermişdir. İlkin ödəniş kimi ona 1000 manat pul vermiş və qalanın isə 36 ay olmaqla gündəlik 25 manat pul ödəyəcəkdi. Lakin, 15 gün bundan əvvəl İddiaçı avtomobilə ziyan vuraraq geri qaytarmışdır. Elçin avtomobili qaytaran zaman pul tələb etmişdir. O, bildirmişdir ki, aralarında olan razılığa görə avtomobil götürüldükdən sonra ilkin ödəniş geri qaytarılmır və avtomobilə dəyən ziyan həmin pulla əvəz olunur. Elçin ondan xahiş etmişdir ki, pula ehtiyyacı var və ona müəyyən qədər köməklik göstərsin. Azər ona bildirmişdir ki, imkan olsa 200 manat pul verəcəkdi. Lakin, xx.xx.2023-cü il tarixində polis əməkdaşları onun mobil nömrəsinə zəng edərək barəsində şikayət olduğunu bildirmiş və Yasamal RPlnə dəvət etmişdir. Əlavə olaraq o bildirmişdir ki, Elçinə 200 manat pulu ehtiyyacı olduğu üçün kömək edəcəkdi”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... lizinq alan , Cavabdeh müvəqqəti istifadə və sahibliyinə verilmiş “Khazar SD” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisələri ilə bağlı olaraq "xxxx" ASC tərəfindən 16 mart 2023-cü il tarixdə 406 manat, 10 mart 2023-cü il tarixdə 395 manat məbləğində sığorta ödənişləri "xxxx" MMC-nin hesabına köçürülmüşdür”. İş materiallarında olan Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı zərərçəkən olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə 175 manat, xx.xx.2023-cü il tarixdə 175 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat məbləğində = cəmi 1050 manat məbləğində pul köçürmüşdür. Göründüyü kimi, avtomobil üçün 1000 manat “ilkin ödənişin” ödənilməsi işin mübahisələndirilməyən halıdır, 1050 manat məbləğində pulun isə hissə-hissə ödənilməsi iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləlilklə, məhkəmə Cavabdeh İddiaçı 1000 manat məbləğində pulun aldığını etiraf etməsini, 1050 manat məbləğində pulun isə cavabdehə köçürülməsi iş materiallarında olan qəbzlərlə təsdiq olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, 2000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 2000 (iki min) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 41 (qırx bir) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar