Məhkəmə qərarları › İş №2(001)-4616/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4616/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4616/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2007-ci il tarixli, K-232/M saylı Kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh1 10000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən verilmiş kredit zamin Cavabdeh2 ilə bağlanmış xx xxxxxx 2007-ci il tarixli, Z-232/M saylı Zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Kredit müqaviləsinin şərtləri pozulmuş və kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8.340 ABŞ dolları məbləğində əsas borc, 10.466,20 ABŞ dolları məbləğində faiz borcu və 7.475,45 ABŞ dolları məbləğində gecikməyə görə artırılmış faizlə hesablanmış borcun (dəbbə pulu), cəmi 26.261,65 ABŞ dollarının tutularaq “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(001)- 5373/2012 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirin oğlundan müştərək qaydada 8.340 ABŞ dolları məbləğində əsas borc, 7.475,45 ABŞ dolları faiz borcu, 10.466,20 ABŞ dolları məbləğində cərimə ödəniş gününə manata olan məzənnə ilə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Göründüyü kimi, qətnamənin nəticə hissəsində cavabdehlərdən birinin ata adı, eyni zamanda faiz və cərimə məbləğləri səhv – iddia tələbində göstərilənlərdən fərqli qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehlər qiyabi qətnamənin ləğvi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Cavabdehlərin xx.xx.2012-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına dair iş materiallarında sübut olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-5373/2012 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(001)- 5373/2012 saylı qiyabi qətnaməsi Cavabdeh2 iştirakı ilə ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və işə baxılması xx xxxxxxx 2020-ci il tarixə, saat 17:00-a təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, işə baxılmasının təxirə salınmasını xahiş etmiş, Cavabdeh2 isə nə məhkəmə iclasına gəlmiş, nə də ki, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişdir. Cavabdeh1 vəsatəti məhkəmə tərəfindən nəzərə alınmış və işə baxılması xx.xx.2020-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. Həmin tarixdə Cavabdeh1 ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin dəftərxanasına təqdim edilmiş və o, məhkəməyə səhhəti ilə bağlı gələ bilməməsini bildirmişdir. Cavabdeh2 isə nə məhkəmə iclasına gəlmiş, nə də ki, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 251-ci maddəsinə müvafiq olaraq, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2007-ci il tarixli, K-232/M saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən kreditor borcalana illik 26% ödəmək şərtilə 24 ay müddətinə 10000 ABŞ dolları kredit vermişdir. İş materiallarında olan xx xxxxxx 2007-ci il tarixli, Z-232/M saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış və zamin Bank qarşısında xx xxxxxx 2007-ci il tarixli, K-232/M saylı Kredit müqaviləsi və ona edilmiş bütün əlavələrdən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixə əsas borc 8340 ABŞ dolları, faiz borcu 10446,20 ABŞ dolları, cərimə borcu 7475,45 ABŞ dolları olmaqla, cəmi borcu 26261,65 ABŞ dolları təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər borcun mövcudluğu və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Məhkəmə iddiaçının zaminə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. xx.xx.2007-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Belə ki, qeyd olunan müqavilə iki il müddətinə xx.xx.2009-cu il tarixədək bağlanmış, iddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2012-ci il tarixdə müraciət edilmişdir. Bundan əlavə məhkəmə iddia tələbinin 7.475,45 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında isə göstərilir ki, “borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. ... ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır”. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 3,80 ABŞ dolları cərimə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 8340 ABŞ dolları əsas borc, 10446,20 ABŞ dolları faiz borcu və 3,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18790 ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçı (hal-hazırda ləğv prosesində olan) İddiaçı ASC-ya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 71,55% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 14,31 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-ya ödənilməli, ödənilmiş dövlət rüsumunun 5,69 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 8340 ABŞ dolları əsas borc, 10446,20 ABŞ dolları faiz borcu və 3,80 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18790 (on səkkiz min yeddi yüz doxsan) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 14,31 (on dörd manat otuz bir qəpik) manat hissəsi tutularaq iddiaçı (hal-hazırda ləğv prosesində olan) İddiaçı ASC-ya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5,69 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar