Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-462/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 25.11.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında iddiaçı Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin Bakı filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmiş və onlarla təşkilat arasında 01.07.2015-ci il tarixili L-BK-0038161-F nömrəli birgə borcluluq müqaviləsi bağlanmışdır. Daha sonra birgə borcluluq müqaviləsinə əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə 01.07.2015-ci il tarixili L-BK-0038161-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-cı bəndlərinə əsasən, nağd ehtiyac məqsədilə birgə borclulara 24 ay müddətinə qaytarmaq, aylıq 2,5%, illik 30% olmaqla 2800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh3 ilə BK-00024012 saylı zaminlik müqaviləsi bağlanmışdır. İnkişaf üçün Maliyyə MMC ilə cavabdehlər arasında 23.02.2018-ci il tarixdə imzalanmış rəsmi razılaşma protokollarına əsasən kreditin faizi 12%-ə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti 20.02.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 758,01 ABŞ dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1327,68 ABŞ dolları və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 195,84 ABŞ dolları olmaqla cəmi 2281,53 ABŞ dolları məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh1 təşkilata ödənilməmiş 2041,99 ABŞ dolları məbləğində əsas məbləğ, 899,04 ABŞ dolları məbləğində faiz və 143,16 ABŞ dolları cərimə borcu borcu var. İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh1 arasında bağlanmış 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsinin 6.7 bəndində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin bəndinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 123,88 ABŞ dolları təşkil edir. Təşkilatla borclunun zaminləri arasında bağlanmış 01.07.2015-ci il tarixli BK-00024012 saylı zaminlik müqavilələrinin 2.1 bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq zamin, borclu tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından kreditorun xeyrinə silinməsinə icazə verib. Borclularla BOKT İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış L-BK-0038161-F nömrəli birgə borcluluq, kredit və BK-00024012 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməmiş 2041,99 ABŞ dolları məbləğində əsas məbləğ üzrə borcu, 899,04 ABŞ dolları faiz borcu, 143,16 ABŞ dolları cərimə borcu və 123,88 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 3208,07 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT İnkişaf üçün Maliyyə MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini, işə iddiaçı Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçı Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, Cavabdeh2 onun oğlu, Cavabdeh3 isə bacısı oğludur. O, iddiaçı Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-dən 01.07.2015-ci ildə 2800 ABŞ dolları kredit götürmüş, kredit ona illik 30% olmaqla 24 ay müddətinə verilmişdir. Daha sonra aralarında bağlanmış razılaşmaya əsasən kreditin qaytarılması müddəti uzadılmışdır. Ona ödənilən kompensasiyanı o, maddi imkanı olmadığından xərcləmişdir. Hazırda ekspert tərəfindən müəyyən olunan 1967,66 ABŞ dolları əsas borc məbləği həcmində iddia tələbini qəbul edir, bu məbləği iddiaçıya hissə-hissə ödəyəcəkdir. Aldığı krediti maddi imkanı olmadığından, ABŞ dollarının məzənnəsi qalxdığından qaytara bilməmişdir. ABŞ dollarının məzənnəsi qalxdığından onun qaytardığı və qaytaracağı borc vəsaitindən iddiaçı kifayət qədər gəlir əldə etmiş və edəcəkdir. Ona görə də, iddia ərizəsinin qalan hissədə təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank olmayan kredit əşkilatı İnkişaf üçün Maliyyə MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 24 ay müddətinə qaytarmaq, illik 30% ödəmək şərti ilə 2800 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən Bank olmayan kredit əşkilatı İnkişaf üçün Maliyyə MMC ilə birgə borclular Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı birgə borcluluq müqaviləsindən müəyyən olunur ki, bu müqavilə 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsi ilə birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 verilən 2800 ABŞ dolları məbləğində kreditə təminat olaraq kreditor qarşısında ailə üzvlərinin götürdüyü borc məbləğinə birlikdə təminat verən birgə borcluların birgə borcluluq və zaminlik öhdəliyini tənzimləyir. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, birgə borclular kreditdən təyinatı üzrə istifadə etməyi və müvafiq kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdələrinə götürmüşlər. Borcverən Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC ilə zamin Cavabdeh3 arasında bağlanmış 01.07.2015-ci il tarixli BK-00024012 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsi ilə borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə devalvasiya ilə əlaqədar verilən güzəştlərə dair 23.02.2018-ci il tarixli əlavədən müəyyən olunur ki, bu razılaşma ilə Cavabdeh1 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsi üzrə 23.02.2018-ci il tarixinə olan əsas borc məbləği 2041,99 ABŞ dolları, faiz borcu 808,28 ABŞ dolları, cərimə borcu 143,16 ABŞ dolları olmaqla cəmi borcu 2993,43 ABŞ dolları təşkil edir. Razılaşmanın 1.2-ci bəndindən müəyyən olunur ki, bu razılaşma ilə borclunun bu əlavənin 1.1.-ci bəndində qeyd edilən 2993,43 ABŞ dolları qalıq borcunun 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsinin 6.1-ci bəndində qeyd olunan faiz 23.02.2018-ci il tarixindən etibarən 18% aşağı salınaraq aylıq 1% illik 12% olaraq müəyyənləşdirilməklə kredit müqaviləsinin müddəti 20.02.2020-ci il tarixinədək uzadılmışdır. Razılaşmanın 1.3-cü bəndindən müəyyən olunur ki, borclu 01.07.2015-ci il tarixli L- BK-0038161-F saylı kredit müqaviləsinə olan bu əlavəyə əməl etmədiyi təqdirdə bu əlavədə razılaşdırılan şərtlər öz qüvvəsini itirir və kreditor borcu borcludan 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsinə uyğun tələb edəcəkdir. 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsinə 1 saylı 23.08.2018ci il tarixli əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 aldığı krediti 23.01.2020-ci il tarixinədək hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə devalvasiya ilə əlaqədar verilən güzəştlərə dair 23.02.2018-ci il tarixli əlavədən müəyyən olunur ki, bu razılaşma ilə 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 öhdəliklərin vaxtında və lazımınca yerinə yetirilməsinə təminat verdiyi müvafiq kredit müqaviləsinin müddətinin uzadılmasına və ödəniş cəvəlinin dəyişdirilməsinə razı olduğunu və bu dəyişikliyin onun üçün əlverişsiz nəticələrə səbəb olmadığını bildirmiş, kreditin və kreditdən istifadə edilməsinə görə hesablanmış faizlərin növbəti ödənişlərinin 23.02.2018-ci il tarixli ödəniş cədvəlinə müvafiq olan qaydada və müddətdə həyata keçirilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin 22.09.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcu 2041,99 ABŞ dolları, faiz borcu 899,04 ABŞ dolları, cərimə borcu 143,16 ABŞ dolları, müqavilə şərtlərinin pozulmasına görə əldən çıxan faydaya görə 123,88 ABŞ dolları olmaqla cəmi borcu 3208,07 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.02.2022-ci il tarixli 9\9158 saylı rəyindən müəyyən olunur ki, 01.07.2015-ci il tarixli L- BK-0038161-F saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcu 1967,66 ABŞ dolları, faiz borcu 386,55 ABŞ dolları olmaqla cəmi borcu 2354,21 ABŞ dolları təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, birgə borclular olan cavabdehlər bağladıqları müqavilələr üzrə öhdəliklərini icra etmədiklərindən iddiaçıya 01.07.2015-ci il tarixli L-BK-0038161-F saylı kredit müqaviləsi üzrə əsas borca görə 1967,66 ABŞ dolları, faiz borcuna görə 386,55 ABŞ dolları borcları yaranmışdır. Ona görə də məhkəmə iddiaçının cavabdehlərdən müştərək qaydada əsas borca görə 1967,66 ABŞ dolları, faiz borcuna görə 386,55 ABŞ dolları tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 23.09.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 10 ABŞ dolları tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1.-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2.-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.4.-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09.07.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı iddia tələbinə münasibət bildirib qeyd edir ki, iddiaçı ABŞ dolları ilə verdiyi kreditə görə birgə borcluların gəlir əldə etmələrinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, əksinə məhkəmə araşdırması zamanı ABŞ dollarının məzənnəsinin artması nəticəsində maddi ziyanla qarşılaşan borcalanların öhdəliklərini vaxtında icra edə bilməmələri müəyyən olunduğundan, ABŞ dollarının məzənnəsinin artması nəticəsində iddiaçının özünün gəlir əldə etməsinin və edəcəyinin sübuta ehtiyacı olmadığından məhkəmə iddiaçının bu tələbini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 01.07.2015-ci il tarixli L- BK-0038161-F saylı kredit müqaviləsi üzrə əsas borca görə 1967,66 ABŞ dolları, faiz borcuna görə 386,55 ABŞ dolları, cəriməyə görə 10 ABŞ dolları olmaqla cəmi 2364,21 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat Bank olmayan kredit təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə tutulsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-462/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-462/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver