Məhkəmə qərarları › İş №2(001)-4622/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4622/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4622/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə 02 iyul 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 21.08.2008-ci il tarixli, 186/08/PB saylı kredit müqaviləsi üzrə 431 manat əsas, 2248,95 manat hesablanmış faiz borcu olmaqla, cəmi 2679,95 manat, 23.07.2008ci il tarixli, 148/08/PB saylı kredit müqaviləsi üzrə 887,98 manat əsas, 4149,66 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5037,64 manat, 27.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 402,32 manat əsas, 2044,97 manat hesablanmış faiz borcu olmaqla, cəmi 2447,29 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəlki “İddiaçıbank” ASC (indiki İddiaçı BOKT ASC) arasında 21.08.2008-ci il tarixli, 186/08/PB saylı, 23.07.2008-ci il tarixli, 148/08/PB saylı və 27.08.2008-ci il tarixli kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq 21.08.2008-ci il tarixli, 186/08/BP saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, 18 faiz olmaqla, 500 manat, 23.07.2008-ci il tarixli, 148/08/PB saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 18 faizlə 1000 manat və 27.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 24 ay müddətinə, illik 18 faizlə 500 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 3.2-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə kreditor 36 faiz həcmində dəbbə pulu tələb edir; 3.3-cü bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri 15 faiz dəbbə pulu hesablayıb borcludan tələb edir. Cavabdeh BOKT-a 21.08.2008-ci il tarixli, 186/08/PB saylı kredit müqaviləsi üzrə 431 manat əsas, 2248,95 manat hesablanmış faiz borcu olmaqla, cəmi 2679,95 manat, 23.07.2008-ci il tarixli, 148/08/PB saylı kredit müqaviləsi üzrə 887,98 manat əsas, 4149,66 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5037,64 manat, 27.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 402,32 manat əsas, 2044,97 manat hesablanmış faiz borcu olmaqla, cəmi 2447,29 manat borcu mövcuddur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 21.08.2008-ci il tarixli, 186/08/PB saylı kredit müqaviləsi üzrə 431 manat əsas, 2248,95 manat hesablanmış faiz borcu olmaqla, cəmi 2679,95 manat, 23.07.2008-ci il tarixli, 148/08/PB saylı kredit müqaviləsi üzrə 887,98 manat əsas, 4149,66 manat hesablanmış faiz borcu olmaqla, cəmi 5037,64 manat, 27.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 402,32 manat əsas, 2044,97 manat hesablanmış faiz borcu olmaqla, cəmi 2447,29 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə göndərərək, iddiaçının mövcud tələblə onlara qarşı iddia qaldırmaq hüququnun müddət baxımından keçdiyini qeyd etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 148/08/PB saylı, 23.07.2008-ci il tarixli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətə illik 18 faizlə 1000 (bir min) manat kredit verilmişdir. Mülki işin materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 186/08/PB saylı, 21.08.2008-ci il tarixli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətə illik 18 faizlə 500 (beş yüz) manat kredit verilmişdir. Mülki işin materiallarında olan Cavabdeh ilə “İddiaçıbank” ASC arasında bağlanmış 27.08.2008-ci il tarixli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 24 ay müddətə illik 18 faizlə 500 (beş yüz) manat kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 23 iyul 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kredit 24 ay müddətinə, 21 avqust 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kredit 24 ay müddətinə, 27 avqust 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş, Kreditlərin ödənilməli olan son tarixləri 23 iyul 2010-cu, 21 avqust 2010-cu və 27 avqust 2010-cu ildir. İcra müddəti 23 iyul 2010-cu, 21 avqust 2010-cu və 27 avqust 2010cu il tarixlərdə bitmiş kredit müqavilələri ilə bağlı iddia müddətinin axımı həmin tarixlərdən başlansa da, cavabdehə qarşı həmin öhdəliklər üzrə iddia 17 may 2021-ci il tarixdə, başqa sözlə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar