Məhkəmə qərarları › İş №2(001)-4643/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4643/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4643/2021 05.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 04.02.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 28% olmaqla 48 ay müddətinədək 2090 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına və iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.07.2016-cı il tarixli, 02-16-11-052958 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə, illik 23% ödəmək şərti ilə 674 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışında aşağıdakılar qeyd olunmuşdur: “ ... "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanılmış 18.07.2016ci il tarixli 02-16-11-052958 saylı kredit müqaviləsinə əsasən illik 23% dərəcəsi ilə 48 ay müddətinə 674 manat məbləğində kredit verilmişdir. Verilmiş 674 manat məbləğində krediti üzrə aşağıdakı ödənişlər aparılmışdır: 18.08.2016-cı il – 1,22 manat, 02.03.2017-ci il – 50 manat, 20.10.2017-ci il – 50 manat, 01.12.2017-ci il – 50 manat, 29.12.2017-ci il – 55 manat, 01.02.2018-ci il – 50 manat, 19.04.2019-cu il – 314,29 manat. 19.04.2019-cu ildə əsas məbləğdən 314.29 manat, faizdən isə 67 manat ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ödənilmiş kompensasiya məbləğləridir. 18.07.2016-ci il tarixli 02-16-11-052958 saylı kredit müqaviləsi üzrə Cavabdeh 18.07.2020-ci il tarixinə "xxxx" ASC-yə cəmi borcu 761.64 manat, əsas borcu 359.71 manat, faiz borcu üzrə 401.93 manat təşkil edir”. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini ... təmin edən tədbirlər görməlidir. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların onun üçün məcburidir. Məhkəmə cavabdehin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab edir ki, cavabdehin əsas borcu faktiki olaraq 359,71 manat olduğu halda, cavabdehdən məhkəmə qaydasında əlavə olaraq 401,93 manat faiz tələb edilməsi Fərmanın ruhuna ziddir. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməli idilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 359,71 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 47.23% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 14.17 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 359,71 (üç yüz əlli doqquz manat yetmiş bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun 14,17 (on dörd manat on yeddi qəpik) hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15,83 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar