Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4655/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar kimi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3800 manat məbləğində pul vəsaitinin, habelə dəymiş ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehi qonşusu İddiaçı2 vasitəsilə əlillik müavinətinin bərpası ilə əlaqədar tanımışdır. Cavabdeh əlilliyi dayandırılan şəxslərin əlilliyinin bərpa edilməsinə kömək etdiyini bildirdiyi üçün iddiaçılar cavabdehlə əlaqəyə girmişlər. İddiaçı1 2014-cü ildə işlədiyi yerdə ağır maddələrlə işlər zamanı məruz qaldığı zəhərlənmə nəticəsində bronxial astma infeksion xəstəliyi səbəbindən 35 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona müavinət təyin edilmişdir. Lakin, 2021-ci ildə müavinəti dayandırılmışdır. 2021-ci ildə İddiaçı2 da əlillik dərəcəsi dayandırıldığından, iddiaçılar əlillik dərəcələrinin bərpası üçün cavabdehlə İddiaçı2 evində görüşmüşlər. Cavabdeh iddiaçılardan əlilliyin bərpa edilməsi məqsədilə 5000 manat pul istəmişdir. Bu məbləğdə pul iddiaçılarda olmadığından, onlar qızılları qarşılığında kredit götürərək, müxtəlif vaxtlarda cavabdehin onlara “Vatsap” proqramı vasitəsilə göndərdiyi kart hesablarına hissəli şəkildə, ümumi olaraq 3800 manat göndərmişlər. Cavabdeh onları 1 il gözlətdikdən sonra iddiaçılar cavabdeh tərəfindən aldandıqlarını anlamışlar. İddiaçılar cavabdehə verdikləri pulu kredit götürdüklərindən, həmin krediti faizləri ilə birlikdə qaytarmaq məcburiyyətində qalmışlar. Sonradan onlar polisə müraciət etmişlər, müraciətlərinə cavab olaraq “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərar qəbul edildiyindən, onlar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər İddiaçı2 iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçı müdafiə etdiyini bildirərək, cavabdehin evində təmizlik işlərinə kömək etdiyini və sonradan onu İddiaçı1lə tanış etdiyini qeyd etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Mülki iş materiallarında olan, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun baş müstəntiqi Hüseyn Məmmdədov tərəfindən qəbul edilmiş 29 aprel 2023-cü il tarixli “cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı1 2020-2021-ci il tarixlərdə 3800 manat pulu borc kimi almışdır. Həmçinin, mülki iş materiallarında olan “borcun etirafı”na dair iltizamda Cavabdeh göstərmişdir ki, o, İddiaçı1 olan 3800 manat borcunu 20 noyabr 2022-ci il tarixinə qaytaracağına söz verir..”. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçıların izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Qeyd olunmalıdır ki, mülki hüquqda heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Yəni əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur. Bu zaman varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin müəyyən edilən hallarına görə cavabdeh tərəfindən 2020-2021-ci il tarixlərdə hər hansı hüquqi əsas olmadan İddiaçı1 3800 manat məbləğində pul alması işdə olan 29 aprel 2023-cü il tarixli “Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun qərarı və Cavabdeh “borcun etirafı”na dair iltizam ilə təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçılardan İddiaçı1 3800 manat borcu olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, iddia bu hissədə təmin edilməli, cavabdehdən 3800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməlidir. Lakin, İddiaçı1 cavabdehə verdiyi pulu faizli kreditlə götürməsi sübuta yetirilmir. İddiaçılar tələbin bu hissəsinin sübutu kimi məhkəməyə kredit müqavilələrini təqdim etsələr də, məhkəmə bu müqavilələri tələbin bu hissəsinə sübut kimi qəbul etmir. Belə ki, həmin müqavilələr üzrə kreditin məhz cavabdehə verilməsi məqsədi ilə götürülməsi nəticəsinə gəlməyə əsas yoxdur. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Buna görə də, məhkəmə hesab edir ki, iddia faizlərin ödənilməsi nəticəsində İddiaçı1 vurulmuş zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iş materialları ilə pul münasibətinin İddiaçı1 ilə Cavabdeh arasında mövcud olduğunu təsdiq olunur. Digər tərəfdən İddiaçı2 öz izahatında cavabdehlə İddiaçı1 sadəcə tanış etdiyini bildirmişdir. Belə olan halda İddiaçı2 hansı əsasla cavabdehdən pul tələb etməsi müəyyən olunmadığından, iddia cavabdehdən pul məbləğinin tutularaq İddiaçı2 ödənilməsi hissəsində də rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3800 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən, 3800 manat həddində təmin edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, bu məbləğdə iddianın verilməsi üçün ödənilməli 58 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4655/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4655/2023
17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver