Məhkəmə qərarları › İş №2(001)-466/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-466/2024

01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-466/2024 01.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hisəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı və mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsi cəlb edilməklə “qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən istifadəsində olan torpaq sahəsinə cavabdehin qanunsuz istifadə etdiyi çəndən su axıdılmasına son qoyulması, ona qarşı yönəlmiş qanuna zidd əməllərin qadağan edilməsi, delikt nəticəsində vurulmuş maddi zərərə görə 10000 manat məbləğində təzminatın, 11 saylı Vəkil bürosuna ödədiyi 71 manat və dövlət rüsmuna görə 120 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə 1988-ci ildə məlum hadisələr nəticəsində keçmiş Ermənistan SSR-in Meqri rayonundan qovulmuşdur. xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında (keçmiş 173 saylı Hərbi Anbar) işə qəbul olunmuşam və rəhbərlik tərəfindən yuxarıda qeyd edilən ünvanda mənzillə təmin edilmiş, komandanlığın razılığı ilə həmin mənzilin qarşılığında yerləşən torpaq sahəsini abadlaşdırıb orada müxtəlif meyvə ağacları və bostan bitkiləri əkərək ailəsinin zəruri ehtiyaclarını ödəmək üçün istifadə etməyə başlamışdır. Təxminən 1993-cü ildə MƏA-nın rəisi polkovnik S.V.İmanov məzuniyyətdə olarkən, onun vəzifələrini müvəqqəti icra edən, mayor rütbəsində olan Qurji soyadlı zabit özünün də həmin dövrdə mənzillərin birində yaşadığı 2 saylı evin su təchizatını yaxşılaşdırmaq üçün onunla razılığa gələrək həmin sahədə 25000 litr tutmlu dəmir çən yerləşdirdi. Əvvəllər həmin hərbi şəhərcik Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının balansında idi, lakin təxminən 2001-ci ildə MN-in Bakı rayon Mənzil İstismar Sahəsinin 2 saylı Evlər İdarəsinin (hazırkı 8 saylı El) balansına keçdi, mənzillər fərdi qaydada sayğaclaşdırılmağa başladı, bu səbəbdən də bütün sakinlər ana xəttdən öz mənzillərinə yeni su xətti çəkdilər. Lakin hazırda cavabdehin yaşadığı mənzilin xidməti order üzrə əvvəlki istifadəçisi, gizir X1 (cavabdehin mərhum atası) digər sakinlər kimi yeni su xətti çəkmək əvəzinə, fürsətdən istifadə edərək mənzilinə gedən su xəttini özbaşına olaraq artıq heç kimin istifadə etmədiyi həmin çənin çıxış borusuna qoşub istifadə etməyə başladı. Qeyd edir ki sözügedən çən, əvvəllər torpağa basdırılmış vəziyyətdə içərisində uzun müddət benzin saxlanılmış, istismar müddəti bitdikdən sonra yerindən çıxarılaraq silinmişdir. Onun istifadəsində olan torpaq sahəsində üçdə iki hissəsi yenidən torpağa basdırılmış vəziyyətdə qoyulduğu tarixdən isə artıq 30 ildən artıq bir müddət keçmişdir. Bu səbəbdən də korroziyaya məruz qalıb torpağa basdırılmış alt hissəsi çürüyərək deşildiyindən artıq 10 ildən artıqdır ki içməli su oradan boş-boşuna axaraq israf olunur, yaranmış bataqlıq nəticəsində onun öz əlləri ilə əkdiyi meyvə ağacları məhv olmuş, torpaq sahəsi əkin üçün yararsız vəziyyətə düşmüş, eləcə də atmosferi ən zəngin oksigenlə təmin etmək xüsusiyyətinə malik olan iri gövdəli bir şam ağacının da kökləri yerdən üzülərək həmin sahəyə aşmışdır. Beləliklə süni bataqlıqlar əmələ gəlməsi səbəbindən hazırda həmin sahədə botanik xüsusiyyətlərinə görə taxıllar fəsiləsindən olub, yayılma arealı əsasən göllər və bataqlıqlar olan, hündürboylu çoxillik hidrofil ot sayılan qamış, eləcə də digər oxşar xassəli otlar bitərək sözün əsl mənasında cəngəllik yaranmışdır. Artıq 32 ildir ki fasiləsiz olaraq onun faktik istifadəsində olan torpaq sahəsindən istifadə etmək imkanlarından tamamilə məhrum olunmuş və bütün bunların nəticəsində mənə külli miqdarda maddi zərər vurulmuşdur. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə dəfələrlə cavabdehə müraciət etsə də, o, heç bir tədbir görməmiş, əksinə gah əlinə soyuq silah (bıçaq) götürərək üzərinə hücum çəkmiş, gah da öz yaxın qohumlarını başına toplayaraq ona hədə-qorxu gəlmişdir. Bütün bunlardan sonra eyni məqsədlə bir neçə dəfə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmiş, lakin bu ərizələrin də heç bir real nəticəsi olmadığından "xxxx" ASC-yə qarşı "zərər vurulmasına son qoyulması tələbinə dair" iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "zərərin vurulmasının qarşısının alınması" tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadda Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi marağı digər hüquqi şəxsə məxsus ehtiyat su çənindən suyun iddiaçının torpaq sahəsinə axmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. Mübahisə predmeti olan ehtiyat su çəni qonşuluqda olan fiziki şəxsə məxsusdur. Onun təmir edilməsi və ya suyun axmasının qarşısının alınması ilə bağlı iddia tələbləri həmin şəxsə qarşı irəli sürülə bilər. Onu da Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh tərəfindən uzun illər illər boyu davam etdirilən qanunsuz əməllərə qarşı heç bir tədbir görülmədiyi üçün, o, tamamilə arxayınlaşaraq özünü "toxunulmaz" hiss etdiyindən, xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində narkotik maddələrin təsiri altında qeyri adekvat, aqressiv vəziyyətdə, şəhərciyin həyətində olan hər kəsin gözləri qarşısında nümayişkəranə şəkildə üzərinə hücum edərək yumruğunu bir neçə dəfə sifət nahiyyəsinə yaxınlaşdırmaqla hədəqorxu gəldi, əxlaqsız işarələr işarələr göstərməklə Ünvanına nalayiq ifadələr işlətdi və bildirdi ki, “mən burada doğulmuşam, mənim torpağımdır necə istəsəm o cür də hərəkət etəcəyəm, get kimə və hara istəyirsən şikayət elə. Orada olan şəxslər onu sakitləşdirməyə çalışsalar da, cavabdeh heç kəsə məhəl qoymadı və AR CM-in 221.1-ci maddəsinin dispozisiyasında sadalanan bütün əlamətləri özündə əks etdirən xuliqanlıq hərəkətlərini təxminən 25-30 dəqiqə ərzində davam etdirdi. Onun sonuncu hərəkətlərdən sonra artıq tam yəqin etmişdir ki, cavabdehin qanuna zidd əməllərinin gələcəkdə daha ağır nəticələrə səbəb olmasının qarşısının alınması məqsədi ilə, problemlərin hüquqi müstəvidən başqa həll yolu yoxdur, bu səbəbdən də ona qarşı hazırkı iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında (keçmiş 173 saylı Hərbi Anbar) işə qəbul olunmuşam və rəhbərlik tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3 saylı Hərbi şəhərcik, 14 saylı evin, 2 saylı mənzili ilə təmin edilmişəm. Komandanlığın razılığı ilə həmin mənzilin qarşılığında yerləşən torpaq sahəsini abadlaşdırıb orada müxtəlif meyvə ağacları və bostan bitkiləri ǝkǝrǝk ailəmizin zəruri ehtiyaclarını ödəmək üçün istifadə etməyə başlamışam. Təxminən 1993-cü ildə mayor rütbəsində olan Qurji soyadlı zabit özünün də həmin dövrdə mənzillərin birində yaşadığı 2 saylı evin su təchizatını yaxşılaşdırmaq üçün mənimlə razılığa gələrək həmin sahədə 25000 litr tutmlu dəmir çən yerləşdirdi. Əvvəllər həmin hərbi şəhərcik Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının balansında idi, lakin təxminən 2001-ci ildə MN-in Bakı rayon Mənzil İstismar Sahəsinin 2 saylı Evlər İdarəsinin (hazırkı 8 saylı El) balansına keçmişdir. Artıq 10 ildən artıqdır ki içməli su çəndən boş-boşuna axaraq israf olunur, yaranmış bataqlıq nəticəsində mənim öz əllərimlə əkdiyim meyvə ağacları məhv olmuş, torpaq sahəsi əkin üçün yararsız vəziyyətə düşmüşdür. Bu müddət ərzində mən müxtəlif meyvələr, göy-göyərti əkə bilərdim. Lakin cavabdehin mənə vurduğu ziyan nəticəsində mən bağımdan istifadə edə bilməmişəm. Mən 32 ildir ki, fasiləsiz olaraq mənim faktik istifadəmdə olan torpaq sahəsindən istifadə etmək imkanlarından tamamilə məhrum olunmuşam və bütün bunların nəticəsində mənə 10000 manat maddi zərər vurulmuşdur. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə bir dəfə turbanı bıçaqla kəsdim, bundan sonra cavabdeh içikili vəziyyətdə, şəhərciyin həyətində olan hər kəsin gözləri qarşısında nümayişkaranə şəkildə üzərimə hücum etmiş, mənə nalayiq ifadələr işlətmişdir. Bütün bunlardan sonra eyni məqsədlə bir neçə dəfə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmişəm, lakin bu ərizələrin də heç bir real nəticəsi olmamışdır. Bundan başqa bildirirəm ki, MN-in Bakı rayon Mənzil İstismar Sahəsinin 8 saylı Evlər İdarəsinin əvvəlki rəisi istifadəmdə olan torpağın Mənzil İstismar Sahəsinin balansına qaytarılması ilə məhkəməyə müraciət etmişdir, lakin iddia təmin edilməmişdir.

4. Məhkəmə iclaslarında iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsinə dair hər hansı sənədi yoxdur, lakin torpaq sahəsi 32 ildir ki, onun istifadəsindədir və heç kimin buna etirazı yoxdur. Uzun illər ərzində əldən çıxmış fayda qismində 10000 manat zərər çəkmişdir. Dəfələrlə cavabdehə su axıntısının qarşısın almaq üçün hamı kimi ana xətdən su çəkməsini bildirmişdir. Çəndən yalnız cavabdeh istifadə edir. Çənin torpaq sahəsindən çıxarılmasına ona görə etiraz edir ki, çənin çıxarılması üçün böyük texnika tələb edilir və bu zaman torpaq sahəsi dağıntılara məruz qalacaqdır. Bundan başqa çənə dair cavabdehin heç bir hüququ yoxdur və o, çəni çıxardıb metal kimi satmaq istəyir. Bu səbəbdən çənin cavabdeh tərəfindən çıxarılmasına və ya kəsib götürülməsinə etiraz edir. Cavabdehin çənə gedən suyu kəsib ana xətdən bir başa özünə su çəkməsini istəyir.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Hərbi şəhərciyə 1982-ci ildə köçmüşlər, onun atası hərbiçi olub, ora köçəndə iddiaçı orada yaşamamışdır. İddiaçının mərhum atası ilə münasibətləri yaxşı olmuşdur. Atası rəhmətə gedəndən sonra iddiaçı evə gedən suyu bağlamışdır. Çəni atası köçəndə binanın ikinci mərtəbəsində olan 4 qonşunun su təchizatının yaxşılardırılması üçün qoymuşdur. O, iddiaçıya, onun oğlanlarına dəfələrlə çənin çıxarılması üçün müraciət etmişdir. Belə ki, çən böyük olduğundan əl ilə çıxarılmasının mümkün olmadığını iddiaçıya izah edib, çəni texnika ilə çıxarılmalı olduğunu demişdir. Lakin iddiaçı texnika ilə çənin çıxarılmasına icazə verməmişdir. "xxxx" ASC-nin əməkdaşları dəfələrlə gəliblər və onun sudan qanunsuz istifadə etmədiyini bildirmişlər. Onun su xətti sayğaca qoşulub və qanunidir. Əgər su axıntısı olsa idi, "xxxx" ASC-nin əməkdaşları baxış keçirərkən bu məsələyə göz yummazdırlar.

6. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, çəndən hazırda yalnız o istifadə edir. Sudan istifadəyə görə aylıq 8-9 manat ödənişlər edir. İddiaçı ümumiyyətlə oranı dəmir hasarlarla bağlayıb və ora keçməyə imkan vermir. Çənin ərazidən çıxarılmasına razıdır.

7. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hisəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, ərazi onların olsa da, çən onlara məxsus deyil. Ona görə də, çəni çıxarda bilmirlər. İddiaçı o vaxtdan həmin torpağı zəbt edib və torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, iddiaçıya ərazini vermiş hərbi hissə ləğv olunub. Onlar çəni torpaq sahəsindən çıxarda bilərlər, lakin çəni çıxartdıqları təqdirdə çən Qarnizonun balansına keçəcəkdir. Ona görə də, tərəflərə təklif edirlər ki, çəni özləri çıxarsınlar. Onlar ərazini su basması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə məktub yazmışlar, lakin məktublarına cavab verilməmişdir. Bundan əlavə nümayəndə bildirdi ki, çən onların olsaydı götürərdilər. Torpaq sahəsi ağac əkmək üçün sənədsiz olaraq iddiaçının müvəqqəti istifadəsinə verilmişdir. 2012-ci ilədək kommunal ödənişlər onlara ödənilmiş, 2012-ci ildən etibarən isə onların balansında olan torpaq sahəsində yerləşən tikililərin abonentləri ilə müvafiq olaraq Azərsu, Azərişıq, Azəriqaz arasında müqavilələr bağlanmışdır.

8. Növbəti məhkəmə iclaslarında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, çənin təmir olunmasına vətəndaş məsuliyyət daşıyır və onlar mütəxəssislə əraziyə baxış keçirəcəkdirlər. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-saylı hərbi şəhərcik, ev 14, mənzil 2-də, Cavabdeh isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-saylı hərbi şəhərcik ev 2, mənzil 7-də yaşayır. Tərəflərin evinin arasında yerləşən torpaq sahəsi Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin balansında olsa da, faktiki olaraq iddiaçı tərəfindən bağ kimi istifadə edilir. Həmin torpaq sahəsində olan böyük hissəsi yerə basdırılmış 25-30 tonluq su çənindən cavabdeh və ailəsi istifadə edir. Həmin su çəninin yerə basdırılan hissəsində korroziya nəticəsində su sızıntısının olduğu ehtimal edilir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, texniki baxış zamanı Cavabdeh məxsus ehtiyat su çənindən əraziyə suyun sızması aşkar edilmişdir. Eyni məzmunlu cavablar "xxxx" ASC tərəfindən bir neçə dəfə verilmiş və su çəninin təmir edilməsi tövsiyyə edilmişdir. Hansı ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, cavabdehin ünvanını su ilə təmin edən xətt əvvəlcə həmin çənə daha sonra ünvana ötürülmüşdür. İddiaçı həmin məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsində “zərərin vurulmasının qarşısının alınması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və qeyd edilən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 9860/2023 saylı qərardadı ilə mümkünsüz sayılmışdır. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-dən mütəxəssis cəlb edilməsi və mütəxəssisin yazılı məsləhət verməsi tələb edilsə də, "xxxx" ASC tərəfindən məhkəmə qərardadı icra edilməmişdir.Bundan əlavə Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil-İstismar sahəsinin və eyni məzmunlu Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin məktublarında da qeyd edilmişdir ki, İddiaçı evinin yanında bağ sahəsi kimi istifadə etdiyi torpaq sahəsində yerə basdırılmış iri tutumlu köhnə dəmir çəndən Biləcəri-3 hərbi şəhərcik, ev 2, mənzil 7-də yaşayan Cavabdeh ailəsi istifadə edir. Həmin köhnə çən torpaqda qaldığından korroziyaya uğrayaraq yararsız hala düşmüşdür. Bu barədə tərəflərindən 2 dəfə Cavabdeh xəbərdarlıq edilmişdir ki, istifadəsində olan çəni təmir etdirsin, lakin o çənini təmir etdirməyəcəyini bildirmişdir. 1980-ci illərin axırında Biləcəri-3 hərbi şəhərcik sakinlərinin su ehtiyacını ödəmək məqsədi ilə Cavabdeh istifadə etdiyi tutumu təxminən 25-30 tonluq çəni qonşuların dediyinə görə yaxınlıqda yerləşən hərbi hissədən götürülmüşdür.

10. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin istifadə etdiyi su çənindən su axmasının qarşısının alınmasını və su axma nəticəsində ona vurulan zərərin ödənilməsini tələb edir. Məhkəmə iclaslarında tərəflərin mübahisəni məhkəmədən kənar həll edilməsi ilə bağlı razılığa gəlmələri üçün tədbirlər görülsə də, iddiaçı su çəninin çıxarılmasına etiraz etmiş, cavabdehin yeni xətt çəkməklə su axmanın qarşısını almağını istəmişdir, cavabdeh isə su çəninin çıxarılmadan onun təmir edilməsi və ya su axmanın qarşısının alınmasının mümkün olmadığını bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

12. Bundan başqa iddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. İşin müəyyən edilmiş halları baxımından məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və zərərin qarşısının alınması ilə bağlıdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:

15. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər.

19. 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.

20. 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir.

21. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.

22. İşin halları ilə müəyyən edilir ki, üçüncü şəxsin balansında olan və iddiaçının istifadə etdiyi torpaq sahəsində cavabdehin istifadə etdiyi dəmir materialdan hazırlanmış su çəni yerləşir və həmin çənin torpağın altında olan hissəsi korroziyaya uğradığından su sızma baş vermişdir. İddiaçı su sızmanın nəticəsində əldən çıxmış fayda qismində zərər tələb etsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

23. Bununla belə məhkəmə hesab edir ki, hazırki halda su sızmanın nəticəsində zərərin vurulması müəyyən edilməsə də, gələcəkdə su sızma nəticəsində iddiaçıya zərər vurulması təhlükəsi vardır. Çünki dəmir materialdan hazırlanmış, 30 ildən çox istifadə edilmiş, torpaqla fiziki təmasda olan 25-30 tonluq çənin gələcəkdə daha böyük fəsad törətməsi ehtimalı yüksəkdir. Bu səbəbdən də iddia tələbi su axıtmaya son qoyulması, yəni hüquqi nəticə etibarı ilə axıntının aradan qaldırılması üçün müvafiq tədbir görülməsi hissəsində əsaslı hesab edilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin balansında olduğundan cavabdehin istifadəsində olan çəndən su axıntısına səbəb olan halın aradan qaldırılması ilə bağlı hərəkətlər də onun razılıq verdiyi qaydada icra edilə bilər. Belə ki, çənin təmir edilməsi, çıxardılması və ya digər tədbir görülməsi üçün cavabdehin, digər şəxslərin əraziyə daxil olması və orada texnikanın işlənməsi gərəklidir və bu da torpaq sahəsinə sərəncam vermək hüququ olan şəxsin razılığı ilə mümkündür.

24. Odur ki, iddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Tətbiq edilən prosessual normalar:

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

29. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil- İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməli, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilən 71 manat və iddia qismən təmin edildiyinə görə 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsi cəlb edilməklə “qanunsuz hərəkətlərin qadağan edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçının istifadə etdiyi torpaq sahəsində yerləşən və cavabdehin istifadə etdiyi çəndən su axıntısına səbəb olan halın Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli Mənzil İstismar Sahəsinin razılıq verdiyi qaydada aradan qaldırılması vəzifəsi Cavabdeh həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilən 71(yetmiş bir) manat və dövlət rüsumunun əvəzi qismində 100(bir yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar