Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4663/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75126 olan “Samsung Galaxy S10e” markalı telefon üçün 1.323 manat ödənilməmiş hissə, 396 manat dəbbə, 26 fevral 2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy” markalı saat üçün 574 manat ödənilməmiş hissə, 171 manat dəbbə, ümumilikdə 2.464 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 23 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, 159 manat ilkin ödəniş, 12 ay müdətinə, ayda 147 manat ödəmkə şərti ilə alqı-satqı qiyməti 1923 manat olan İMEİ kodu **********75126 olan “Samsung Galaxy S10e” markalı telefon və 26 fevral 2020-ci il tarixli müqavilələrə əsasən, 12 ay müddətinə, ayda 52 manat 50 qəpik ödəmək şərti ilə alqı-satqı qiyməti 630 manat olan “Samsung Galaxy” markalı saat almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən “Samsung Galaxy S10e” markalı telefon üçün ümumilikdə 1.719 manat olmaqla, ondan 1.323 manat ödənilməmiş hissə, 396 manat cərimə pulu borcu yaranmışdır. 26 fevral 2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy” markalı saat üçün ümumilikdə 745 manat olmaqla, ondan 574 manat ödənilməmiş hissə, 171 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin nəticədə 2.464 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 656 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, qeyd edilən əşyaları nisyə alqı-satqı müqaviləsinə əsasən almış, lakin pandemiyaya görə borcunu ödəyə bilməmişdir. Hazırda həmin məbləği tam şəkildə ödəməyə imkanı yoxdur. Ona görə də cərimə məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2019-cu il tarixdə bağlanmış 01069791 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 159 manat olmaqla, hər ay 147 manat ödəmək şərti ilə, dəyəri 1.923 manat olan İMEİ kodu **********75126 olan “Samsung Galaxy S10e” markalı telefon satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Mülki işin materiallarında olan 23 noyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 01069791 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********75126 olan “Samsung Galaxy S10e” markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 26 ferval 2020-ci il tarixdə bağlanmış 20128182 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X3 görünür ki, İddiaçı Cavabdeh 12 ay müddətinə, hər ay 52,5 manat ödəmək şərti ilə, dəyəri 630 manat olan “Samsung Galaxy” markalı saat satmışdır. X5 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Mülki işin materiallarında olan 26 ferval 2020-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 20128182 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy” markalı saatı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan maliyyə və ödəniş cədvəlindən a görünür ki, Cavabdeh 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1.323 manat əsas borcu, 396 manat cərimə borcu, 26 fevral 2020-ci il tarixli müqavilə üzrə 574 manat əsas borcu, 171 manat cərimə borcu vardır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 23 noyabr 2019 və 26 fevral 2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 23 noyabr 2019-cu il və 26 fevral 2020-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında cavabdeh dəyəri 1923 manat olan İMEİ kodu **********75126 olan “Samsung Galaxy S10e” markalı telefon və dəyəri 630 manat olan “Samsung Galaxy” markalı saat almış, lakin sonradan borcunu ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı 23 noyabr 2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 396 manat və 26 fevral 2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən 171 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 1.323 manat əsas borc üzrə 396 manat, 574 manat əsas borc üzrə 171 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 396 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 (yüz) manat, 171 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 (əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 23 noyabr 2019-cu və 26 fevral 2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1.323 manat əsas borc, 100 manat dəbbə pulu, 26 fevral 2020-ci il tarixli müqavilə üzrə 574 manat əsas borc, 50 manat dəbbə pulu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 5 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 23 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1.323 (min üç yüz iyirmi üç) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində dəbbə pulu, 26 fevral 2020-ci il tarixli müqavilə üzrə 574 (beş yüz yetmiş dörd) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində dəbbə pulu, cəmi 2.047 (iki min qırx yeddi) manat məbləğində borc və 25 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4663/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4663/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver