Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4719/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.03.2015-ci il tarixli, 11-30-03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, 118 nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 47320 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank "xxxx" MMC ilə 30.03.2015-ci i! tarixli, 11-30-03-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə 28.10.2021-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən (hakim Fuad Abdiyev) 2(001)-6072/2021 saylı mülki iş üzrə 06.08.2021-ci il tarixli qərardadla, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və "xxxx" MMCyə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, iddiaçı X3 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin (hakim Aytən Əliyeva) 2-2(113)-5199/2021 nömrəli 12.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə aidiyyətlə bağlı fikir ayrılığının həll edilməsi məqsədilə həmin mülki işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Hazırda məhkəmə aidiyyəti ilə bağlı 2-2(102)-593/2021 nömrəli iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Bəhram Qəribovun icraatındadır. Sözügedən məhkəmə aidiyyəti məsələsinə yekun hüquqi qiymət verilməmişdir. Hazırkı mülki iş predmetinə, əsaslarına görə eynilik təşkil edir. Hazırda Ali Məhkəmədə oxşar iddia predmetinin məhkəmə aidiyyəti mübahisələndirildiyi halda mülki işin icraatının davam etdirilməsi gələcəkdə aidiyyət qaydalarının pozulması ilə nəticələnə bilər. Belə olan halda, Ali Məhkəmə mübahisələndirilən məsələyə hüquqi qiymət verməmiş məhkəmə icraatının davam etdirilməsi ədalətli olmazdı. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi hazırkı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 vəsatətə münasibətdə göstərmişdir ki, eyni xarakterli mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi artıq dəfələrlə öz mövqeyini nümayiş etdirmiş və bildirmişdir ki, mübahisənin iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi mənzilin alınması məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 və "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.03.2015-ci il tarixli, 11-30-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 47320 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.03.2015-ci il tarixli, 11-30-03-2015-YS-AAAF-AE saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC 30.03.2015-ci il tarixli, 11-30-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehlər mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışlar. İş materiallarında olan 23.09.2021-ci il tarixli, 9/6145 saylı ekspert rəyində göstərilmişdir ki, 23.09.2021-ci il tarixə tarixə Cavabdeh1 "xxxx" ASC-yə 32481,04 manat əsas borc və 7.917,41 manat faiz borcu mövcuddur. İş materiallarında olan maliyyə arayışından görünür ki, 18.10.2021-ci il tarixə Cavabdeh1 "xxxx" ASC-yə 32566,81 manat əsas borc, 8164,70 manat faiz borcu olmaqla, cəmi borcu 40731,51 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 30.03.2015-ci il tarixli, 11-30-03-2015- YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 30.03.2015-ci il tarixli, 11-30-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 32481,04 manat əsas borc və 8164,70 manat faiz borcu olmaqla, cəmi 40645,74 (qırx min altı yüz qırx beş manat yetmiş dörd qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (sıfır manat qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyəri cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. İddia tələbi qalan hisssədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4719/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4719/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver