Məhkəmə qərarları › İş №2(001)-4721/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4721/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4721/2022 13.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Səfərova (Qocayeva) Arzu Kamran qızına qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Səfərova (Qocayeva) Arzu Kamran qızına qarşı pul tələbi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 499,91 manat məbləğində əsas, 106,46 manat məbləğində faiz, 3,89 manat cərimə olmaqla, cəmi 610,26 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, həmin tarixdə cavabdehə “sms kredit” bildirişi göndərilmiş və ona 60 ay müddətinə illik 29% ödəmək şərtilə yalnız 300 manat məbləğində kredit limiti açılmış, sonradan həmin limitin artırılmasını təsdiq edən sənədlər (16 oktyabr 2020-ci il tarixli kredit müqaviləsinin 4.2.14-cü bəndinə uyğun olaraq kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və aylıq ödənişlər əks olunmaqla bu barədə sms-in cavabdehə göndərilməsi, cavabdeh tərəfindən təklifin qəbul olunması barədə təsdiqedici sms-in iddiaçıya göndərilməsi barədə) iddiaçı tərəfindən ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinad edərək belə nəticəyə gəlirəm ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Səfərova (Qocayeva) Arzu Kamran qızına qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263-264, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Səfərova (Qocayeva) Arzu Kamran qızına qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar