Məhkəmə qərarları › İş №2(001)-4728/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4728/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4728/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə, "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 9522,11 manat, faiz borcu üzrə 1802,47 manat, 0 manat cərimə olmaqla, ümumilikdə 11342,89 manat, dövlət rüsumu olaraq ödənilmiş 124,03 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 fevral 2023-cü il tarixli müqaviləyə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə ödəmək şərti ilə illik 26,50 faiz dərəcəsi ilə 10000 manat kredit verilmişdir. Cavabdeh kredit borcunu faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsində götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 28 iyun 2024-cü il tarixə iddiaçıya iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sisteminə ərizə yükləyərək iddia ərizəsinə baxılması ilə əlaqədar məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin yeni maliyyə arayışı yükləyərək, cavabdehin 14 avqust 2024-cü il tarixə 9522,11 manat əsas və 1489,06 manat faiz borcunun olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, bankdan 10000 manat pul götürmüş, lakin son aylar ödəniş edə bilmədiyi üçün banka borcu yaranmışdır. O, bir neçə dəfə banka müraciət edərək faiz borcunun azaldılmasını xahiş etmiş, lakin bank ona köməklik göstərməmişdir. Həmçinin məhkəməyə arayış təqdim edərək bildirdi ki, məhkəməyə müraciət olunandan sonra o, 300 manat ödəniş etmişdir. Aylıq ödənişi 400 manat yox, 250 manat olarsa rahat ödəyəcəkdir. Mülki iş materiallarında olan: - 15 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26,50 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit xətti açılmışdır. - 28 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-nə əsas borcu 9522,11 manat əsas, 1802,47 manat faiz və 18,31 manat cərimə borcu təşkil edir. - 14 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-nə əsas borcu 9522,11 manat əsas və 1489,06 manat faiz borcu təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki işdən görünür ki, iş məhkəmənin icraatında olduğu vaxt Cavabdeh tərəfindən ödənişlər edildiyindən, iddiaçı sonuncu maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışında əsas borcla bağlı hissədə dəyişiklik olmasa da, faiz borcu azalaraq 1489,06 manat, cərimə borcu isə 0 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə iddia tələbində göstərilən məbləğdə yəni, 9522,11 manat, faiz borcuna münasibətdə isə 14 avqust 2024-cü il tarixli maliyyə arayışına uyğun olaraq 1489,06 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 124,03 manatın 110 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9522,11 manat əsas, 1489,06 manat faiz borcu olmaqla, ümumilikdə 11011,17 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9522,11 manat əsas, 1489,06 manat faiz borcu olmaqla, ümumilikdə 11011,17 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 110 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar