Məhkəmə qərarları › İş №2(001)-4733/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4733/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4733/2024 26.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayır. ünvan 3 33.3 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini 19 iyun 2023-cü ildə Cavabdeh daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 42000 manata razılaşaraq satmış, razılaşma əsasında 39000 manat pulu ona ödəmiş, qalan 3000 manatı kredit müqaviləsinə əsasən Cavabdeh 19 iyun 2024-cü il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh ilə razılaşmalarına əsasən üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Belə ki, cavabdeh ona borclu olduğu 3000 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməkdən yayınaraq icra etməkdən boyun qaçırır Bu isə cavabdehin üzərinə götürdüyü öhdəliyini pozması deməkdir. Cavabdeh aralarındakı razılaşmanı könüllü şəkildə icra etmədiyi baxımından onun cavabdehə borc verdiyi pulun alınıb ona qaytarılması üçün məhkəməyə müraicət etmək məcburiyyətindədir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana 3000 manat məbləğində pul borc verir, borcalan isə krediti xx.xx.2024-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür. AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Dədəd Qorqud küçəsi, ev 1A, mənzil 22 Yeni qaydalarla: AZ 2011, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 33.3 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh ümumlikdə 38500 manata satmışdır. xx.xx.2023-cü il tarixli mədaxil orderlərinin surətlərindən görünür ki, Cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin hesabına 225,4 manat, 115 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli mədaxil orderlərinin surətlərindən görünür ki, Cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusunun "xxxx" ASC-dəki hesabına 38500 manat, 77 manat, 75.25 manat məbləğlərində vəsait ödəmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Dədəd Qorqud küçəsi, ev 1A, mənzil 22 Yeni qaydalarla: AZ 2011, ünvan 4 saylı mənzil xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixli mədaxil orderlərinin surətlərindən görünür ki, İddiaçı 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusunun "xxxx" ASC-dəki hesabına 3000 manat, 6 manat məbləğlərində vəsait ödəmişdir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, İddiaçı 3000 manat pulu xx.xx.2024-cü il tarixə kimi geri qaytarmaq şərti ilə borc almışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 3000 manat məbləğində borcu xx.xx.2024-cü il tarixədək qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Bununla da məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar