Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4751/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(001)-180/2024 saylı qətnaməsi ilə müəyyən edilən alimentin artırılması və hər ay, hər uşaq üçün 235 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-180/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 onun yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində alimentin Cavabdeh Gülhəsn oğlundan tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda hesab edir ki, aliment məbləği ölkə üzrə yaşayış minimumuna uyğun artırılmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçı bildirmişdir ki, alimentin müəyyən edildiyi vaxtdan həm uşaqların xərcləri, həm uşaqlar üçün yaşayış minimumu artmışdır. Cavabdehin öz adına olmasa da, avtomobili və evi vardır, buna baxmayaraq köhnə aliment borclarını da ödəmir. Bundan əlavə uşaqlar əlavə hazırlıq kurslarına gedirlər və cavabdeh alimentdən başqa uşaqların saxlanılmasında iştirak etmir. Uşaqlarla ünsiyyətinə ona görə mane olmuşdur ki, cavabdeh cəmi bir dəfə, onda da uşaqları öz qohumunun vasitəsilə tələb etdiyindən başqa şəxsə təhvil verməkdən imtina etmişdir. O, Azərbaycan Tibb Universitetində tibb bacısı işləyir və aylıq maaşı 500 manatdır.
4. Məhkəmə iclasında iştirakı edən cavabdeh izahatında bildirmişdir ki, rəsmi iş yeri olmasa da usta yanında fəhlə kimi çalışır və aylıq 450-500 manat qazancı olur. Alimentin qalan hissəsini atası ona köməklik edir. Hazırda aliment borcu vardır və adına iddiaçının dediyi kimi hər hansı əmlak yoxdur. İddiaçı uşaqlarla ünsiyyətinə mane olur və qohumu vasitəsilə dediyi məsələ isə şişirdilir, çünki iddiaçı ilə yaxınlıqda yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-180/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
6. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 497535 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2024-cü il tarixində ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 155 № ilə qeyd edilmişdir.
7. 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 393874 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. Bakı şəhəri Binəqədi Rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 753185 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-180/2024 saylı, xx.xx.2024-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat aliment tutulur.
10. Hazırda iddiaçı qətnamə ilə müəyyən edilən alimentin artırılmasını tələb edir və tələbini isə uşağın tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əsaslandırır. Cavabdeh isə tələb edilən məbləğdə alimenti ödəmək imkanının olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
12. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
13. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
14. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
15. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
16. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
19. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
20. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2023-cü ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, artılıran məbləğin cəmi 30 manat təşkil etməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilməli və hər ay, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.
21. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Hansı ki, alimentin artırılması tələb olunan məbləğ uşağın minimal ehtiyaclarını qarşılamağa yönəlmişdir və bir valideyn olaraq cavabdeh uşağını ən azından minimal səviyyədə saxlamaq vəzifəsini mübahisəsiz qəbul etməlidir.
22. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. Belə olan halda alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
23. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-180/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(001)- 180/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev