Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4759/2024 23.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarının artırılmaqla 10 aprel 2008-ci il təvəllüdlü X1, 22 may 2009-cu il təvəllüdlü X3 və 28 dekabr 2010-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2007-ci ilin mart ayında el adəti ilə ailə qurmuş, nikahları 29 may 2008-ci ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından üç uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların onun yanında qalmaları və uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Uşaqların bütün qayğısını, ehtiyaclarını iddiaçı özü qarşılayır. Cavabdeh uşaqlara heç bir diqqət, qayğı göstərmir, onlarla maraqlanmır. İddiaçı uşaqlarla birlikdə kirayədə yaşayır, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Əvvəlki qətnamə ilə müəyyənləşdirilmiş miqdarda aliment uşaqların tələbatlarını qarşılamağa kifayət etmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, xəstə olmasını və işləyə bilmədiyini bildirib nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 10 aprel 2008-ci il təvəllüdlü X1, 22 may 2009-cu il təvəllüdlü X3 və 28 dekabr 2010-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)- 1140/2021 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 29 may 2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanması haqqında akt qeydləri kitabında 419 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 10 aprel 2008-ci il təvəllüdlü X1, 22 may 2009-cu il təvəllüdlü X3 və 28 dekabr 2010-cu il təvəllüdlü X4 adlı uşaqların anaları İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün 11 noyabr 2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş üzrə məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, iddiaçı öz tələbində qismən haqlıdır. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Çünki tələb üzrə irəli sürülmüş və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə cavabdehi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olacaq. Lakin artıq bildirdiyimiz kimi, məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, cavabdeh rəsmi olaraq heç bir yerdə işləmir və məhkəmədə sonuncunun mütəmadi gəlirə malik olması barədə məlumat yoxdur. Bundan əlavə hər iki tərəf cavabdehin əvvəllər ödənilməmş aliment borcuna görə cinayət məsuliyyətinə cəlb edilməsini, borcunu ödədikdən sonra isə məsuliyyətdən azad edilməsini bildirir. Həmçinin məhkəmə uşaqların saxlanması ilə əlaqədar qanunvericiliyim hər iki valideyni öhdələndirməsini də diqqətə alır. Cavabdehin iddianın təminini istisna edən hal kimi hazırda xəstəliyi ilə əlaqədar işləməməsini, valideynlərinin himayəsində onların maddi dəstəyi ilə yaşamasını bildirməsini – uşaqların saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyil. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)-1140/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarı artırılmalı, hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində təyin edilməli və bu məbləğdə alimentin tutulmasının əvvəli qətnamə çıxarıldığı gündan aparılmalı, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 60 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə xərcləri məsələsinin həlli ilə əlaqədar qeyd edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq - 135 manat) 1620 manat olduğuna (135 manat x 12 ay) görə məhkəmə hesab edir ki, 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, mediasiya xərci kimi ödənilmiş 60 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(001)- 1140/2021 saylı qətnaməsi ilə 10 aprel 2008-ci il təvəllüdlü X1, 22 may 2009-cu il təvəllüdlü X3 və 28 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün təyin edilmiş aliment dəyişdirilərək artırılsın, hər uşağa yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər uşağa görə hər ay 175 (bir yüz yetmiş beş) manat, üç uşağa 525 (beç yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh məhkəmə xərcləri kimi mediasiya xərci kimi ödənilmiş 60 manat pul İddiaçı, dövlət rüsumu kimi 35 manat pul alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(001)-4759/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4759/2024
23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver