Məhkəmə qərarları › İş №2(001)-4760/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4760/2023

06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4760/2023 06.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5998/2022 saylı qətnaməsi ilə tutulan alimentin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mediasiyaya müraciət etdiyi vaxtdan etibarən hər ay 220 manat sabit pul məbləğində alimentin və X2 3 yaşınadək 100 manat sabit pul məbləğində alimentin, eyni zamanda 50 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 5998/2022-ci il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü X1 mənim himayəmdə qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh 14 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 193 (yüz əlli dörd) manat, eyni zamanda xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşınadək 14 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 50 (alli) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq o, uşağın maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti onula bərabər bölüşməlidir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır. Qeyd edir ki, tərəfindən alimentin artırılması ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MSB/11-2023-01210 saylı arayış verilmişdir

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə məhkəmə barədə danışmışdır. Cavabdehin danışığından belə başa düşmüşdür ki, məhkəmə iclaslarına gəlməyəcək. Cavabdeh "xxxx" MMC-də işləyir və 1116 manat əmək haqqı alır. Əmək haqqının atırılmasından məlumatı yoxdur. Ona və uşağına anası baxır. Hazırda anası ilə qalır. 50 manat əlavə ödənişi ümumiyyətlə ödəmir. Böyüdükcə uşağın xərci artır. Ödənilən pul heç uşağın yeməyinə. İçməyinə çatmır. Uşaqla ünsiyyəti belə yoxdur. Ödəməli olduğu alimentlə bağlı deyir ki, ödəməyə imkanı yoxdur. Rəsmi şəkildə olmasa da, deyəsən qeyri-rəsmi olaraq evlidir. Lakin həmin münasibətindən uşağı yoxdur.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5998/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında 17 iyun 2021-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan 15 iyul 2022-ci il təvəllüdlü X1 anası X5 yanında qalması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi və s. qət edilmişdir. Həmin icraatda cavabdeh əmək haqqının 850 manat təşkil etdiyini bildirmişdir.

7. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 445521 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikaha Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 28 yanvar 2023-cü il tarixində 24 № ilə qeyd edilmişdir.

8. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildə keçirilmiş mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.

9. “Azemis” Elektron Məhkəmə Sistemindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləyir və 1069,71 manat əmək haqqı alır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 193 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək ana üçün 50 manat sait pul məbləğində aliment ödəyir.

11. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini, ana üçün ödənilən alimentin isə 100 manat aliment ödənilməsini tələb edir.

12. Tələbini isə uşağın tələbatlarının artması və özünün təkbaşına uşağın saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

14. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

15. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

17. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

18. 85.2 və 85.1.1-ci maddələrinə əsasən-hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir;

19. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir;

20. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

23. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

24. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2022-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, cavabdehin əmək haqqının artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

25. Tələbin uşağın üç yaşına çatanadək keçmiş arvadın xeyrinə tutulan alimentin artırılması hissəsində məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslı hesab edilməlidir. Çünki cavabdehin əmək haqqının məbləği qanunvericiliyin tələbinə uyğun olaraq keçmiş ərin zəruri vəsaitə malik olması qənaətinə əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, aliment həmin hissədə də artırılaraq 100 manat məbləğində müəyyən edilməlidir.

26. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.

27. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Lakin artırılan həcmdə alimentin mediasiya mərhələsi üçün müraciət edildiyi vaxtdan hesablanması barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı hesab edilə bilməz, çünki bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

28. Odur ki, dəyişdirilmiş formada tutulmalı olan alimentin hesablanması hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlamalıdır. Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentlərin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

34. Eyni zamanda mediasiyada ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat və xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Mediasiyada ödənilmiş 50(əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar