Məhkəmə qərarları › İş №2(001)-4763/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4763/2024

12.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4763/2024 12.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qarajdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digər şəxslər tərəfindən ona məxsus Binəqədi rayonu, 8-ci mkr, N.Məmmədov küçəsi, ev 87A saylı, 07 saylı 26 kv.m olan -1 hissədə olan qarajdan istifadə və sahibliyində yaratdığı maneələrə son qoyulması və həmin qarajdan sərbəst istifadə etməyi üçün şərait yaradılmasına, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməsinə, qarajdan istifadə edə bilmədiyi 2023-cü ilin may ayından qətnamə icra olunan günədək avtomaşınının dayanacaqda saxladığı hər günə görə ödədiyi 2 manat nəzərə almaqla, cavabdehin vurduğu ziyan Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 iyun 2016-cı il tarixdə sonradan saxta olduğunu bildiyi "xxxx" Mənzil Tikinti Kooperativi ilə idarə heyətinin sədri Cavabdeh şəxsində bağladığı müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 3-cü mərtəbəsində yerləşən 4 otaqlı 6 saylı 162,0 kv.m. sahəsi olan mənzilin pay haqqını 178.200 manat olmaqla tam ödəyərək əldə etmişdir. Mənzili təmir edib, faktiki olaraq orada yaşayır. Mənzilə dair cavabdehlə aralarında mübahisə yoxdur. Orada yaşadığı müddətdə cavabdeh tərəfindən binanın -1 zirzəmi hissəsində yerləşən 2 mərtəbəli qarajın -1 qarajlardan birinin ona satılması ilə əlaqədar cavabdehlə razılığa gəlmişlər, qaraja görə pulu 10 000 (on min) manat olaraq 2016-c1 ildə ödəsə də Binəqədi rayonu, 8-ci mikr. Nizami Nərimanov küçəsi, ev 87A saylı binanın 1-ci blokunun 1-ci girişində 07 saylı 26 kv.m. olan -1 qaraja dair müqavilə 04 iyun 2022-ci il tarixdə bağlanmışdır. Qaraj onun istifadəsində və sahibliyində olmuşdur. Qarajdan cavabdeh tərəfindən üzun müddət, yəni 2023-cü ilin may ayınadək heç bir maneə olmadan istifadə etmiş və digər şəxslərlə heç bir mübahisəsi yoxdur. Lakin 2023-cü ilin may ayından Cavabdeh mənim həmin qarajdan istifadə hüququ tam məhdudlaşdırılmışdır. O,qarajınıı digər qarajlardan da istifadə etməklə birləşdirməklə özü üçün ticarət obyekti kimi istifadə etmək istəyir. Bunun üçün qeyd etdiyi qanunsuzlıqlar həyata keçirir. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Hazirliyinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra qarajın giriş qapısında quraşdırılmış məhdudiyyət aradan qaldırılsa da, bir neçə gün sonra yenə də cavabdeh qanunsuz hərəkətlərini davam etdirmiş və davam etdirməkdədir. Cavabdeh məqsədi onu ona qarşı fiziki zor tətbiq etməyə vadar etmək və bununla da qarajı əlindən almağa nail olmaqdır. Onun bu məqsədini bildiyindən hüquqlarımın qorunmasını məhkəməyə müraciət etmək yolu ilə həll etmək hüququndan istifadə edir. Hazırda cavabdeh" Dostlar MTK-nın idarə heyətinin sədri Cavabdeh şəxsində onun qarajdan istifadə və məhdudlaşdırmış, sahiblik hüququnu tam məhdudlaşdırmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onun hazırda əlində müqaviləsi və maliyyə arayışı var. Hazırda müqavilədə olan möhürün saxta olması ilə bağlı hələ də, istintaqda araşdırma aparılır. Hər binaya aid möhür ayrı olmalı idi. Bina ünvan olaraq 9-cu mkr-da, Mir Cəlal küçəsində tikilib. Odur ki, 8-ci mkr-da tikilən müqavilələrə vurula bilməzdi. Həmin binanın MTK-nın ünvanı tam bilinmir. Ünvanı dəqiqləşdirmək üçün asan xidmət mərkəzindən məlumat aldıqda ünvan Mir Cəlal küçəsi deyilmişdir. Məlum oldu ki, MTK-nın heç bir hüquqi ünvanı yoxdur. Müqavilədə öz imzası var. İmzası olmasa belə, əsas MTK-nın möhürünün olmuş olmasıdır. Həmin möhür demək olar ki, binada 80 mənzilin müqaviləsinə vurulub. Odur ki, həmin müqavilələrin qanuni olmasına etibar edirlər. Cavabdeh binanı tikən şəxslərdən biridir. Pulunu da, həmin şəxsə vermişdir. Qarajı 2016-cı ildə pul verib almışdır. İndi bir hissəsini qanunsuz olaraq aptek kimi istfadə edirlər. Halbuki, buna rəsmi dövlət idarələrindən icazə verilməyib. Əvvəl bir müddət saxlasa da, sonradan görmüşdür ki, oranı kərpic və taxta ilə hörmüşdür. Bu cür hərəkətin səbəbini soruşduqda, bildirmişlər ki, oranı obyekt kimi istifadə etmək fikirləri var. Polis idarəsinin rəisi ilə MTK rəhbərliyi dostdurlar. Bu səbəbdən polis onlara himayədarlıq edir. AR FHN tərəfindən həmin qanunsuz hörülmələr sökülsə də, yenidən tikilir. Odur ki, ona qarşı edilən qanunsuz hərəkətlərin qarşısının alınmasını xahiş edir. Bir halda ki, əmlakı pulunu verib almışdır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, "xxxx" MTK-nın ümumiyyətlə ünvanı yoxdur və MTK saxta sənədlərlə tikinti işi ilə məşğul olmuşlar. "xxxx" MTK adı ilə tikinti 15 il əvvəl 9-cu mkr., ərazisində Mir Cəlal küçəsi 11C ünvanında aparılmışdır. Lakin mübahisəli bina isə Cavid Babayev adlı fiziki şəxsin adı ilə tikilib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış zamanı qeyd edilən ünvanla bağlı "xxxx" MTK-ya dair sənəd aşkar edilməmiş, eyni zamanda həmin ünvanda yerləşən binanın həyətində sözügedən koorperativ tərəfindən tikinti işlərinin həyata keçirilməsi üçün Mərkəzdə sənədləşmə işlərinin aparılmaması müəyyən edilməmişdir. Bundan başqa binanın sənədləri düzgün deyildir. Belə olan halda bina təhvilə getmir və çıxarış verilməyəcək. Ümumi istifadə olunan həyəti bağlayıb, obyekt tikmək istəyirlər. Ümumi istifadə olunan həyət qaraja aid olan sahəyə birləşdirərək satmaq istəyirlər. Binaya girişçıxış yoxdur. Qarajın qapısı qalın jaluzlə bağlıdır və istifadəsinə maneə olunur. O, cavabdehin digər cinayət əməlləri barəsində polis orqanına şikayət etmiş, bu günə qədər 3 müstəntiq dəyişilsə də, şikayətinə düzgün baxılmır. Çünki cavabdeh polislə şərikdir. Bundan başqa cavabdeh barəsində polis və prokurorluq orqanlarına şikayət etmiş və cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. "xxxx" MTK heç bir dövlət qurumunda qeydiyyatdan keçməmişdir. MTK-nın VÖEN-i yoxdur, VÖEN Cavid Babayev adlı şəxsə məxsusdur. Müqavilə mənimlə "xxxx" Mənzil Tikinti Kooperativi idarə heyətinin sədri Cavabdeh arasında bağlanılmışdır. Qaraj ona təhvil verilmişdir, hətta maşınını da saxlamışdır. Lakin qaraj hissəsi hazırda bağlıdır, onu buraxmırlar və onu provakasiyaya cəlb edirlər. Cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklifinə münasibətdə isə qeyd etmişdir ki, düzgün olaraq Cavabdeh qismində cəlb etmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, payçı bu müqaviləni əsas tutaraq, sifariş edir. Kooperativin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq pr-ti, 32 saylı yaşayış binasının qarşısında tikilməkdə olan binanın İİ blokunda, İİİ mərtəbədə 4 otaqlı, 6 №-li mənzilin tikintisini öz üzərinə götürür. Müqavilənin 2.1-2.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 162.0 kv.m, müqavilənin qiyməti isə 178200 manatdır.

7. "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, payçı bu müqaviləni əsas tutaraq, sifariş edir. Kooperativin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, 87A saylı yaşayış binasının İ blokunda, -1 mərtəbədə 07 №-li qarajın tikintisini öz üzərinə götürür. Müqavilənin 2.1-2.2ci bəndinə əsasən qarajın ümumi sahəsi 26 kv.m, müqavilənin qiyməti isə 10000 manatdır.

8. "xxxx" MTK tərəfindən verilən Q-007 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən, "xxxx" MTK-nın payçısıdır və 10000 manat məbləğində pay haqqını tam ödəmişdir.

9. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda göstərilir: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsində yerləşən binanın həyətində "xxxx" MTK-nın rəhbərliyi tərəfindən özbaşına qeyriyaşayış obyektinin tikintisi ilə bağlı yaranmış narazılıq barədə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının 17 iyul 2023-cü il tarixli 1-1-12/2-$-1360-194/2023; 1-1- 12/2-8-2737- 194/2023 nömrəli məktubu ilə daxil olmuş 10 iyul 2023-cü il tarixli ərizənizə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Bildiririk ki, Mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış zamanı qeyd edilən ünvanla bağlı "xxxx" MTK-ya dair sənəd aşkar edilməmiş, eyni zamanda həmin ünvanda yerləşən binanın həyətində sözügedən kooperativ tərəfindən tikinti işlərinin həyata keçirilməsi üçün Mərkəzdə sənədləşmə işləri aparılmamışdır.Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintiyə və ya söküntüyə icazə verildiyi təqdirdə tikintiyə icazə vermiş orqan icazə verilmiş obyektlərlə bağlı informativ və statistik xarakterli məlumatları vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərın Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Belə ki, tikintisinə icazə verilmiş tikinti obyektləri barədə muvafiq məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet saytının "Tikintilərın dövlət reyestri" modulunun axtarış bölməsindən əldə edə bilərsiniz. Sizin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətiniz "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununauyğun baxılması və görülmüş işin nəticəsi barədə məlumat verilməsi məqsədilə 5-10/2-M-130/3- 148/3-1/1/2023 saylı, xx.xx.2023-cü il tarixli məktub Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Əməkdaşlarımızın yerində keçirdiyi baxış zamanı məlum oldu ki, sakinlərin ümumi istifadələri üçün nəzərdə tutulan həyət, MTK tərəfindən zəbt olunmuş və ərazidə qaraj tikərək, obyektə çevirmişlər. Məlumat üçün qeyd edirik ki, sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazidə görülən işlər, fövqəladə hal zamanı yanğın maşınlarının həyətə girişini mümkünsüz etdiyindən, əməkdaşlarımız tərəfindən MTK-nın məsul şəxslərinə həyətin ilkin vəziyyətə gətirilməsi barədə xəbərdarlıq edilmişdir.

10. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda göstərilir: Sizin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətiniz "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununauyğun baxılması və görülmüş işin nəticəsi barədə məlumat verilməsi məqsədilə 5-10/2-M-130/3-148/3-1/1/2023 saylı, xx.xx.2023-cü il tarixli məktub Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Əməkdaşlarımızın yerində keçirdiyi baxış zamanı məlum oldu ki, sakinlərin ümumi istifadələri üçün nəzərdə tutulan həyət, MTK tərəfindən zəbt olunmuş və ərazidə qaraj tikərək, obyektə çevirmişlər. Məlumat üçün qeyd edirik ki, sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazidə görülən işlər, fövqəladə hal zamanı yanğın maşınlarının həyətə girişini mümkünsüz etdiyindən, əməkdaşlarımız tərəfindən MTK-nın məsul şəxslərinə həyətin ilkin vəziyyətə gətirilməsi barədə xəbərdarlıq edilmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: Sizin xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətdə göstərilən ünvan 4 ünvan rekviziti dövlət qeydiyyatına alınmış daşınmaz əmlak obyekti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən idarəyə təqdim olunacağı təqdirdə yeni ünvan verilməsi məsələsinə baxılacaqdır.

12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən "xxxx" MTK-nın rəhbərliyinə və İddiaçı ünvanlanan məktubunda göstərilir: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında layihədən kənar qanunsuz tikililərin olması, zirzəmi mərtəbəsində sizə məxsus qarajın giriş hissəsinin bağlanaraq gələcəkdə obyekt kimi fəaliyyət göstərməsi və aranızda yaranmış narazılıqla bağlı vətəndaş İddiaçı 23 mart 2024-cü il tarixli müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, qeyd edilən ünvanda inşa edilmiş yaşayış binası qanunvericilikdə nəzərdə tutulmuş qaydada istismarına icazə alınmadan məskunlaşdırılmışdır və istismar olunur ki, bu da yolverilməzdir. Bildiririk ki, tikintisi tam başa çatmış obyektin istismarına icazə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə və Nazirlər Kabinetinin 11 və 16 sentyabr 2014-cü il tarixli 302 və 309 nömrəli Qərarları ilə təsdiq edilmiş "Tikinti obyektlərinin istismarına icazənin vahid forması", "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"na uyğun olaraq həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, yaşayış binasının istismarına icazənin alınmasının təmin edilməsi, yaranmış narazılığın aradan qaldırılması və binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə aşkar edilmiş çatışmazlıqların qısa müddətdə aradan qaldırılması sizə tapşırılır. Əks təqdirdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin məsuliyyəti "xxxx" MTK-nın rəhbərliyinin üzərinə düşəcəkdir.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən "xxxx" MTK-nın rəhbərliyinə və İddiaçı ünvanlanan məktubunda göstərilir: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında layihədən kənar görülmüş qanunsuz tikililər və zirzəmi mərtəbəsində sizə satılmış qaraj hissəsinin MTK rəhbərliyi tərəfindən gələcəkdə mağaza kimi fəaliyyət göstərməsi nəticəsində aranızda yaranmış narazılıqla bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız 18 may 2023-cü il tarixli müraciətinizə Agentlikdə təkrar baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Binəqədi Rayon, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 32 saylı yaşayış binasının yaxınlığında inşa edilmiş iki ədəd çoxmərtəbəli yaşayış binalarının işçi layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin 05 iyul 2017-ci il tarixli 18/03-8/1704 nömrəli məktubu ilə razılaşdırılmışdır. Mütəxəssislərimiz tərəfindən qeyd edilən ünvana keçirilmiş baxış zamanı yuxarıda qeyd olunan məktubla razılaşdırılmış layihədən kənarlaşmaqla zirzəmi-1 mərtəbəsində E oxu ilə 4,5 oxu arasında olan hissəsində girişin taxta materialla bağlandığı və ətrafı boşluqlu kərpiclə hörüldüyü müəyyən olunmuşdur. Bildiririk ki, qeyd olunan ünvanda zirzəmi sahəsinin gələcəkdə ticarət obyekti kimi fəaliyyət göstərməsi və təyinatının dəyişdirilməsi məsələsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid deyil.

14. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsində yerləşən yaşayış binasında layihədən kənar qeyri-yaşayış obyektlərinin inşa edilməsi və sözügedən binanın həyətinin zəbt edilməsi haqqında İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Binəqədi rayonu, 8-ci mkr, Nizami Nərimanov küçəsində yerləşən yaşayış binasında avtodayanacaq kimi nəzərdə tutulmuş sahəyə layihədən kənar fasad hissədən 4 ədəd vitrinlərin quraşdırılması, lakin həmən sahənin istismar olunmadığı müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, narazılığa səbəb olan amillərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, Komitəyə və müraciət müəllifinə məlumat verilməsi xahiş olunur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 20 iyun 2016-cı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 3-cü mərtəbəsində yerləşən 4 otaqlı 6 saylı 162,0 kv.m. sahəsi olan mənzilin pay haqqını 178.200 manat olmaqla tam ödəyərək əldə etmişdir. Daha sonra aralarında bağlanan xx.xx.2022-ci il tarixli müqavilə əsasında görünür ki, kooperativin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, N.Nərimanov küçəsi, 87A saylı yaşayış binasının İ blokunda, -1 mərtəbədə 07 №-li qaraj almış və dəyəri olan 10000 manatı ödəmişdir. Bu barədə ödənişi təsdiq edən maliyyə arayışı verilmişdir. Hazırda iddiaçı müəyyən dövr istifadəsində olan qarajdan, istifadə hüququnun cavabdeh tərəfindən qanunsuz olaraq məhdudlaşdırıldığını iddia edir. Hətta bu barədə dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsə də, məsələnin həllinə nail ola bilməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.

18. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

19. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.

20. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

21. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

22. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

23. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

24. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. İşin hallarından müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MTK arasında pay haqqının satılması ilə bağlı müqavilə bağlanmışdır. Həmin vaxt Cavabdeh kooperativin idarə heyətinin sədri kimi kooperativin adından çıxış etmişdir. Hal-hazırda da o, kooperativin baş idarə müdiri vəzifəsində çalışır. İddiaçı kooperativin ona satdığı qarajdan istifadə etməsinə Cavabdeh tərəfindən törədilən maneədən narazıdır. İddiaçının ilk dəfə iddia ərizəsinin qaytarılmasına səbəb ondan ibarət olmuşdur ki, iddia ərizəsindən tələbin hüquqi şəxsə və ya fiziki şəxsə qarşı yönəldiyi müəyyən edilmir. Belə ki, iddiaçının hüquqi şəxsin işçisinin(səlahiyyətli nümayəndəsinin) hərəkətlərindən narazı qalaraq hüquqi şəxsə qarşı tələb yönəltdiyi və ya müstəqil fiziki şəxsin hərəkətlərindən narazı olduğu qeyri-müəyyəndir. Hansı ki, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir və fiziki və ya hüquqi şəxs ola bilən tərəflər digər tərəfə münasibətdə müstəqil çıxış edirlər. Tələbin yönəldiyi cavabdehin konkret olaraq müəyyən edilməsi həm işin ərazi aidiyyətinin müəyyən edilməsi, həm də çəkişmə prinsipinin həyata keçirilməsi baxımından da əhəmiyyət kəsb edir. Bundan sonra iddiaçı ərizəsini dəyişərək Cavabdeh qarşı tələb irəli sürmüşdür. Bunu isə onunla əsaslandırır ki, müqavilə onunla Cavabdeh arasında bağlanmışdır, ödənişini Cavabdeh etmişdir və "xxxx" MTK-nin hüquqi ünvanı qeyrimüəyyəndir, ümumiyyətlə Kooperativ və onun sənədləri saxtadır. İddiaçıya müqaviləyə əsaslanaraq irəli sürdüyü tələbini əsl cavabdeh kimi Kooperativə qarşı yönəltməsi təklif olunsa da, iddiaçı məhkəmənin mövqeyi ilə razılaşmamış və işə irəli sürülən tələb əsasında baxılmasını istəmişdir.

26. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən əsassızdır.

27. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh hüquqi şəxsin işçisidir və hüquqi şəxsin adından çıxış edir. Üstəlik iddiaçının müxtəlif dövlət orqanlarına müraciətindən və orqanların cavabından aydın olur ki, mübahisə hüquqi şəxsin fəaliyyəti ilə bağlıdır. Hansı ki, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Eyni zamanda hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər Tətbiq edilən prosessual normalar:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

31. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

32. 54.1-ci maddəsinə əsasən İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

33. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı qarajdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməli və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “qarajdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar