Məhkəmə qərarları › İş №2(001)-4767/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4767/2022

12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4767/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olmuş 13 aprel 2010-cu il təvəllüdlü X4 və 26 oktyabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(051)-678/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqla onun yanında saxlanılmış və onların saxlanması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Həmin məbləğdə pul uşaqların ehtiyaclarını ödəmək üçün kifayət deyil. Belə ki, cavabdehin maddi imkanı yaxşıdır, yaxşı işi var. Cavabdehin maddi vəziyyətində artımlar olmuş, aylıq əmək haqqından başqa gəlirləri də mövcuddur. Cavabdeh iddiaya etiraz göndərərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, o, heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Görmə qabiliyyəti də zəifdir, əməliyyat olunmuşdur. Himayəsində xəstə anası var. İş olanda fəhləlik edərək birtəhər dolanır. Buna baxmayaraq o, hər ay 260 manat alimenti birtəhər də olsa ödəyir. Lakin alimentin məbləğinin artırılmasına razı deyil. Məhkəmə tərəfindən heç yerdə işləməməyi, qazancının olmaması, heç bir daşınar və daşınmaz əmlakının olmaması, bu səbəbdən də özünün minimum tələbatını ödəyə bilməməyi və sair hallar nəzərə alınmalıdır. İddiaçı tərəfindən özünün maddi vəziyyətinin dəyişməsi, onun aylıq qazancının və digər gəlirlərinin olması, qətnamə ilə 130 manat aliment müəyyən edildikdən sonra qazancının olması, artması, maddi vəziyyətində dəyişikliklərin olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, gözəllik salonunda usta kimi fəaliyyət göstərir, gəliri aylıq 100-150 manat olur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur və gündəlik gəliri 15-20 manatdır. Onun tələb olunan alimenti ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Mingəçevir Şəhər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(051)-678/2020 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası Məhkəmənin 01 iyun 2020-ci il tarixli, 2(051)-678/2020 nömrəli qətnaməsi ilə təmin edilmiş, birgə nikahdan doğulmuş 13 aprel 2010-cu il təvəllüdlü X4 və 26 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 13 aprel 2010-cu il təvəllüdlü X4 və 26 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının artırılmasını – hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutulub ona verilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etmir və bunu onunla əsaslandırır ki, maddi imkanı buna yol vermir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması haqqında Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən iki ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə uşaqların yaşlarını və sayını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyünü, bunun yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas olduğunu, cavabdehin az qazanca malik olmasının onu uşaqları saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 13 aprel 2010-cu il təvəllüdlü X2 və 26 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Mingəçevir Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(051)-678/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 13 aprel 2010-cu il təvəllüdlü X2 və 26 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Mingəçevir Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(051)-678/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar