Məhkəmə qərarları › İş №2(001)-4791/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4791/2020

06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4791/2020 06.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X5, İddiaçının nümayəndəsi-vəkili Yusifov Ramil Hörmət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki,tərəflər 2010-cu il tarixdə nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)- 4487/2018 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatlarını ödəmək üçün həddən artıq az olduğundan, uşağın təhsili, sağlamlıq qayğısına qalması üçün xeyli vəsait tələb olunur. İddiaçı öz gəliri hesabına bütün maddi tələbatları ödəməyə imkanı olmadığından alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi B.Lalayeva və nümayəndəsivəkili R.Yusifov iddia tələbini müdafiə edərək, alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4487/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2018-ci il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X8 Elektroensefaloqrafiya müayinəsinə dair sənəddən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 alın nahiyəsində ocaqlı “spayk-ləng dalğa” (epileptik fəaliyyət) kompleksləri, yekun olaraq anormal EEQ (ocaqlı epileptik fəaliyyət) aşkar olunmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1277/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "X7" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir,həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini onun mənafeyinə uyğun hesab edir. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4487/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-xxx/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar