Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-482/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Süleymanov Nəsir Rafayıl oğlunun iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 3273,6 ABŞ dolları əsas borc, 3075,06 ABŞ dolları faiz borcu, 2029,86 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.06.2018-ci il tarixdən, 17.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% ilə hesablanmış 522,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8901,03 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 14 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 % dərəcəsi ilə 25 ay müddətinə 12750 ABŞ dolları kredit götürmüşdür. 26.05.2015-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 14.05.2018-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 14 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 17 iyun 2020ci il tarixədək Cavabdeh1 banka 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3273,16 ABŞ dolları əsas borc, 3075,06 ABŞ dolları faiz borcu, 2029,86 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14 iyun 2018-ci il tarixdən, 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış 522,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 8901,03 ABŞ dolları borcu vardır. 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir.Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə restrukturizasiya ilə bağlı 03 dekabr 2019-cu il tarixində bildiriş göndərilmişdir. Ünvanda yaşamamaları səbəbindən məktub geri qaytarılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, restrukturizasiya ilə bağlı cavabdehlərə həm bildiriş, həm də sms göndərilərək müqavilə bağlamaq üçün banka dəvət edilmiş. Lakin cavabdehlər banka müraciət etməmişlər. Bununla bağlı sübutları hazırda məhkəməyə təqdim edə bilmir. Vaxt verilsə arayış formasında məhkəməyə təqdim edəcək. Ümumiyyətlə cavabdehlərin məhkəmə iclaslarında verdikləri izahatlar müxtəliflik təşkil edir. Onlar əvvəlki iclaslarda iddianı qəbul etdiklərini bildirirdilər. Cavabdeh1 əvvəlki iclaslarda restrukturizasiya ilə bağlı bildirişi aldığını, lakin zaminlər imtina etdiyinə görə restrukturizasiya müqaviləsinin bağlanmadığını bildirmişdir. Daha sonra o, iddianı qismən qəbul etdiyini bildirdi. İndiki iclasda isə ümumiyyətlə ona restrukturizasiya ilə bağlı bildirişin göndərilmədiyini qeyd edir. Cavabdehlərin izahatları dəyişkənlik təşkil edir, hər iclasda müxtəlif cür izahat verir. Cavabdeh2 Nəsimi Rayon Məhkəməsində zaminlik müqaviləsindəki imzanın ona məxsus olmaması ilə bağlı zaminlik müqaviləsinə xitam verilməsinə dair iddia qaldırmışdır. Lakin tərəflər məhkəmə iclaslarında iştirak etmədiyinə görə həmin iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, kredit borcunu hissə-hissə ödəməyə razıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, ona restrukturizasiya ilə bağlı heç bir məlumat göndərilməmişdir. Nə bildiriş, nə də sms almışdır. Həmçinin 26.05.2015-ci il tarixdə bağlanmış əlavə sazişdəki imza zaminə məxsus deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş və gəlməmələrnin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə ilkin ödəniş 2000 manat olmaqla , ümumilikdə 10 ay ərzində ödəniş edilməsi təklif edilmişdir. Təklifə əsasən bağlanacaq kredit müqaviləsi üzrə faiz dərəcəsi aşağı olmalı və dolların məzənnəsinin qalxması nəzərə alınmalı, kredit müqaviləsi fərmanın təsir dairəsinə düşməli idi. Həmçinin bildirmişdir ki, 2014-cü ildə zamin durmuşdur. Cavabdeh isə divar kağızı vurmaq istəyirdi. 2015-ci ildə insult keçirmişdir. 65 yaxşında işdən çıxmış, hazırda təqaüdçüdür. Heç özünə dərman pulunu belə çatdıra bilmir. İkinci dəfə bağlanan sazişə o, zamin kimi imza etməmişdir. Ayda cəmi 250 təqaüd alır. Hətta müştərək olmaqla 100 manat həddində hissə-hissə bu məbləğin ödənilməsi banka təklif edilsə də, bank razı olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə ilkin ödəniş 2000 manat olmaqla , ümumilikdə 10 ay ərzində ödəniş edilməsi təklif edilmişdir. Təklifə əsasən bağlanacaq kredit müqaviləsi üzrə faiz dərəcəsi aşağı olmalı və dolların məzənnəsinin qalxması nəzərə alınmalı, kredit müqaviləsi fərmanın təsir dairəsinə düşməli idi. Cavabdeh 19 oktyabr 2020-ci tarixində məhkəməyə yazılı etirazını ünvanlamış və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh3 qarşı iddiası əsassızdır. Belə ki, bank analoji iddia ilə məhkəməyə artıq bir dəfə müraciət etmişdir. Həmin iş üzrə o, zaminlik müqaviləsinə xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Raayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli 2(001)- 1876/2017 saylı qətnaməsi ilə ilkin iddianın tələbinin ona münasibətdə qismən təmin edilməsi, qarşılıqlı iddiasının isə təmin edilməsi qət edilmişdir. Qətnamədən heç kəs şikayət verməmiş və o qanuni qüvvəsini almışdır. Lakin 2 il sonra qətnamədən xəbəri olmadığına istinad edən zamin Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, onun xəbəri və iştirakı olmadan Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılan 10 iyun 2019cu il tarixli, 2(103)-6517/2019 saylı qərardadla qətnamə ləğv edilmiş, ilkin iddia baxılmamış saxlanılmış, qarşılıqlı iddianın taleyi məsələsinə toxunulmamışdır. Qərardad ona təqdim edilməmişdir. 15 iyul 2020-ci il tarixdə Bank təkrarən hər üç cavabdehə qarşı eyni iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, bank tərəfindən kəsici müddət çoxdan ötürülmüşdür. Hətta yubanma səbəbi kimi əvvəlki məhkəmə prosesinə istinad əbəsdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı 10 iyun 2019-cu il tarixində qəbul edilmiş, bank isə iddia ilə 15 iyul 2020-ci il tarixinə məhkəməyə müraciət etmişdir. Yənin 1 ildən sonra iddia verilmişdir. Bank iddia ərizəsində özü etiraf edir ki, 26 may 2015-ci il tarixində Borcalanla bağladığı Əlavə Sazişlə kredit müddətini uzatmışdır. Zamin kimi onun buna razılığı alınmamışdır. Həmin əlavə sazişə əsasən faiz dərəcəsi azaldılsa da, müddətin uzadılması səbəbindən faiz ödənişlərinin cəm məbləği, bütövlükdə ödənilməli olan borc məbləği artmışdır. Bu isə öhdəliyin dəyişdirilməsi nəticəsində zamin kimi özünə münasibətdə məsuliyyətinin artmasına və əlverişsiz nəticələrə səbəb olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə məhz bu səbəbdən zaminliyə xitam verilmişdir. Odur ki, "xxxx" ASC-nin iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən 25 noyabr 2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" X4 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. “Nikoyl" İKB ASC ilə Cavabdeh1 və zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 14 aprel 2014-cü il tarixli, №2-MZ2-2-0-210-14 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank bu müqavilə ilə müştəriyə bank hesabı açır, bu müqavilə ilə müəyyən olunmuş xidmətləri göstərir, borcalana 24 ay müddətinə illik faiz dərəcəsi 28 % , aylıq ödəniş 699,83 dollar olmaqla 12750 dollar məbləğində kredit verməyi, borcalan isə həmmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti hesablanacaq faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Zaminlər isə bank qarşısında borcalanın müqavilə ilə nəzərdə tutulmuş öhdəliyinin icra edilməsi üçün cavabdehlik daşıyırlar. Müqavilə üzrə kreditin verilmə tarixi 14.04.2014-cü il, bağlanma tarixi isə 14 aprel 2016-cı il olaraq müəyyən edilmişdir. Kredit müqaviləsi hər üç borclu tərəfindən imzalanmış və şərtləri ilə razı olduqları qeyd edilmişdir. "xxxx" İKB ASC ilə X3 və Cavabdeh2 arasında bağlanan 26 may 2015-ci il tarixli №2- MZ2-2-0-210-14 saylı, 14.04.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, kreditin müddəti artırılmaqla 49 ay, kreditin bağlanma tarixinin 14 may 2018-ci il tarixi hesab edilməsi və müqavilənin faiz dərəcəsinin azaldılmaqla 26 % müəyyən edilməsinə razılıq verilmişdir. Əlavə saziş Bank, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. Saziş əsasında verilən 2-MZ2-2-0-210-14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, 7558,82 ABŞ dolları məbləğində kreditin 26 % dərəcəsi ilə, 36 ay müddətinə, aylıq ödəniş ilk ay 552,01 ABŞ dolları, qalan aylar 304,55 ABŞ dolları olaraq müəyən edilmişdir. İlkin ödəniş tarixi 14 iyun 2015-ci il, sonuncu ödəniş tarixi 14 may 2018-ci il olaraq müəyyən edilmişdir. 14 aprel 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 Rəfail oğluna 14 aprel 2014-cü il tarixində 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyun 2020-ci il tarixinə 3273,16 ABŞ dolları əsas, 3075,06 dolları faiz borcu, 2029,86 ABŞ dolları cərimə borcu, əldən çıxmış fayda üçün 522,95 ABŞ dolları əldən çıxmış fayda olmaqla banka olan borcu 8378,08 ABŞ dolları məbləğindədir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-288/2019 saylı, 29.03.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" İKB ASC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikasıı Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2019-cu il tarixli, 2439 saylı ekspert rəyindən görünür ki,”Nikoyl” İKB ASC-nin 2 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 2-MZ2-2-0-210-14 saylı, 14.04.2014-cü il tarixli Bank, Hesab, Kredit və Zaminlik müqaviləsinə 26 may 2015-ci il tarixli əlavədə “Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağı hissədə yerləşən imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2018-ci il tarixli, 24315 saylı ekspert rəyindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 ilə Cavabdeh2 adlarıından olan 26 may 2015-ci il tarixli 2-MZ2-2-0-210-14 saylı 14 aprel 2014-cü il tarixl Bank hesab, kredit və zaminlik müqaviləsinə əlavədəki “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2016-cı il tarixli, 2(001)- 1605/2016 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 06.01.2016-cı il tarixə hesablanmış 7558 ABŞ dolları əsas borc, 2532 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 10090 ABŞ dolları borc (manatın ödəniş gününə olan məzənnəsi ilə ) və ödənilmiş 20 manat dövlət rüsumunun tələbkar "xxxx" İKB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1876/2017 saylı, 30 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 7558 ABŞ dolları əsas borc, 2532 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10090 ABŞ dolları borc və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh3lə iddiaçı "xxxx" İKB ASC arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6517/2019 saylı, 10 iyun 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. Cavabdeh3 və onun vəkili X7 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 6517/2019 saylı, 10.06.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6517/2019 saylı mülki işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair 2(001)-4376/2020 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6517/2019 saylı, 26.10.2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli qərardadında Cavabdeh3 və onun vəkili X7 tərəfindən verilən kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6517/2019 saylı, 14.12.2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.10.2020-ci il tarixli qərardadında Cavabdeh3 və onun vəkili X7 tərəfindən verilən kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6517/2019 saylı, 10.06.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilmədiyindən 10.06.2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən qüvvəyə minmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(001)-482/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəmənin 12 aprel 2021-ci il tarixli, 2(001)-482/2021 saylı, 12 aprel 2021-ci il tarixli sorğusuna verilən cavabın mətnindən görünür ki, Mərkəzi bankın MKR və PK məlumat bazalarına əsasən bank ilə Cavabdeh1 arasında bağlanan 14 aprel 2014-cü il tarixli kredit müüqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ ölkə başçısının 28 fevral 2019-cu il tarixli, 551 nömrəli fərmanının təsiri çərçivəsinə düşmüşdür. Fərmanın qüvvəyə mindiyi günə Cavabdeh1 01 mart 2019-cu il tarixinə kredit müqaviləsi üzrə 7097,62 ABŞ dolları vaxtı keçmiş kredit borcu yaranmışdır. Fərmanın tələbləri baxımından Cavabdeh1 7382,46 manat kompensasiya hesablanmışdır. Hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə borclunun vaxtı keçmiş kredit borclarına proporsional qaydada yönəldilməli olduğundan, həmin məbləğin 6501,58 manat hissəsi hazırki müqavilə üzrə borca, qalan hissəsi isə digər kredit borcuna hesablanmışdır. Nəticədə hazırda sözügedən müqavilə üzrə qalıq qalan 5564,37 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 9/3636 saylı ekspert rəyindən görünür ki, 2-MZ2-2-0-210-14 saylı, 14.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 17 iyun 2020-ci il tarixinə (maliyyə arayışının verildiyi tarixə) 3273,16 ABŞ dolları əsas borc, 3075,06 ABŞ dolları faiz borcu yaranmışdır. Ekspertizə tədqiqatının dəyəri 100 manatdır. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları aşağıdakı kimi müəyyən edilir: İddiaçı ilə cavabdehlər arasında kredit müqaviləsindən və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək müqavilə şərtlərini pozmuşdur. İddiaçı ilə borcalan arasında bağlanan kredit müqaviləsinin təminatı kimi həmin tarixdə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra kredit müqaviləsinə və zaminlik müqaviləsinə əlavə olan Saziş imzalanmışdır. Qeyd edilən kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür və kredit müqaviləsi üzrə restrukturizasiya məbləği 5564,37 manat müəyyən edilmişdir. Hazırda iddiaçı həm qalıq əsas borcu, həm faiz borcunu, həm cərimə borcunu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir. Borc məbləği barədə maliyyə arayışı 17.06.2020-ci il tarixinə aiddir. Cavabdehlər isə iddia tələbinə qəbul etməyərək, məhkəmə iclasında izahatlarından da göründüyü kimi müxtəlif mövqeləri müdafiə etmişlər. Məhkəmə ilk növbədə cavabdehlərdən tələb edilən borc məbləğinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 Rafayıl oğlu və digər zamin cavabdehlər arasında 14.04.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi 24 ay müddətinə, illik 28 % ödənilmək şərtilə 12750 ABŞ dolları vəsaiti əhatə etmişdir. Daha sonra tərəflər arasında kredit və zaminlik müqaviləsinə 26 may 2015-ci il tarixli əlavə imzalanmış, kredit müqaviləsi üzrə faiz dərəcəsi 28 % dərəcəsindən 26 % dərəcəsinə endirilmiş, kreditin müddəti 49 ay hesab edilməklə, bağlanma tarixi 14 may 2018-ci il olaraq müəyyən edilmişdir. Odur ki, tərəflər arasında kredit müqaviləsindən və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh hesab edilməlidir. İşin halları ilə müəyyən edildiyi kimi Kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, borcluya kompensasiya məbləği hesablanmış, borcun azaldılmasına yönəldilmiş və qalıq borcunun, eyni zamanda restrukturizasiya borcunun 5564,37 manat olduğu müəyyən edilmişdir. İddiaçı da qalıq əsas borcu, yəni 5564,37 manatı 3273,16 ABŞ dolları ekvivalentində tələb edir. Göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi həm məlum fərmanın kompensasiya hissəsinə, həm də restrukturizasiya hissəsinə düşmüşdür.Məhkəmə tərəfindən kredit müqaviləsi üzrə tələb edilən əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə ekspertizası mərkəzinin 30 iyun 2021-ci il tarixli, 9/3636 saylı rəyi ilə 14 aprel 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 17 uyun 2020-ci il tarixə yəni maliyyə arayışının verildiyi tarixə əsas borc üzrə 3273,16 ABŞ dolları, faiz borcu üzrə 3075,06 ABŞ dolları borcunun olması müəyyən edilmişdir. Kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının kompensasiya və restrukturizasiya hissəsi ilə bağlı təsir dairəsinə düşdüyündən məhkəmə iddianı yalnız əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin(faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi) silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. Həmin qaydaların 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Göründüyü kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Baxmayaraq ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır, müvafiq müqavilənin bağlanmaması vətəndaşların fərmanın imkanından istifadə etmək imkanlarını məhdudlaşdıra bilməz. Belə ki, həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il(illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir. Beləliklə, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz. Əsas borc məbləği isə həm iddia tələbində, həm ekspert rəyində, həm də kompensasiya məbləği çıxıldıqdan sonra müəyyən edilən 3273.16 abş dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda zaminlər Cavabdeh2 və X1 tutulması hissəsində iddianı qismən Cavabdeh2 münasibətdə əsaslı hesab etsə də, digər zamin Cavabdeh3 münasibətdə əsaslı hesab etmir. Məhkəmə Cavabdeh3 iddiaya etirazı ilə bağlı dəlillərini qismən əsaslı hesab edir. Belə ki, öhdəliyin təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 14 aprel 2014-cü il tarixli, 2-MZ2-2-0-210- 14 saylı müqaviləyə əsasən zaminlər borclunun həmin müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşıyacaqlarına və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Lakin işin hallarından da görünür ki, 14 aprel 2014-cü il tarixli müqavilədən sonra 26 may 2015ci il tarixində kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında 1 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin saziş (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən Cavabdeh3 razılığı alınmamışdır. Bu isə ona münasibətdə zaminliyə xitam verilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin: -470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Odur ki, işin hallarından da göründüyü kimi zaminlik kredit müqaviləsinin təminatı qismində çıxış etmişdir, kredit müqaviləsinə əlavə olaraq bağlanmış saziş isə müqavilə üzrə faiz dərəcəsini azaltsa da, kredit müqaviləsinin müddətini uzadaraq zaminlərin məsuliyyətinin artmasına gətirib çıxartmışdır, lakin həmin saziş bağlanarkən Cavabdeh3 razılığı alınmalı olduğu halda onun razılığı alınmamışdır, belə olduğu zaman məhkəmə o qənaətə gəlir ki, ona münasibətdə zaminliyə xitam verilməlidir. Cavabdeh3 onun qarşılıqlı iddiasının təmin edilmiş olması və qətnamənin həmin hissədə aqibətinin qeyri-müəyyən olması barədə dəlili ilə məhkəmə razılaşmır, belə ki, nə qədər ki, zaminliyə xitam verilməsi barədə məhkəmə qətnaməsi ləğv edilmişdir, tərəflər həmin hala istinad edərək iş üzrə icraata xitam verilməsini tələb etməkdə haqlı deyillər. Yəni qüvvədə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması faktı mövcud deyildir. Lakin kredit müqaviləsinə əlavə olan 26 may 2015-ci il tarixli saziş bir tərəfdən bank, digər tərəfdən borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmışdır. Yəni zamin Cavabdeh2 kredit müqaviləsinin müddətinin uzadılmasından və faiz dərəcəsinin dəyişməsindən məlumatı olmuşdur. Odur ki, Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Bundan başqa Cavabdeh1 və digər cavabdeh-zamin Cavabdeh2 kredit müqaviləsində zamin qrafasında olan imzanın Cavabdeh2 məxsus olmadığını bildirsələr də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2019-cu il tarixli, 2439 saylı ekspert rəyi ilə ”Nikoyl” İKB ASC-nin 2 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 2-MZ2-2-0-210-14 saylı, 14.04.2014-cü il tarixli Bank, Hesab, Kredit və Zaminlik müqaviləsinə 26 may 2015-ci il tarixli əlavədə “Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağı hissədə yerləşən imza Cavabdeh2 tərəfindən icra olunduğu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2018-ci il tarixli, 24315 saylı ekspert rəyi ilə isə "xxxx" İKB ASC ilə Cavabdeh1 ilə Cavabdeh2 adlarıından olan 26 may 2015-ci il tarixli 2-MZ2-2-0-210-14 saylı 14 aprel 2014-cü il tarixl Bank hesab, kredit və zaminlik müqaviləsinə əlavədəki “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə olan kredit borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 aprel 2014-cü il tarixli, 2- MZ2-2-0-210-14 saylı saylı kredit müqaviləsi üzrə 3273,16 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməli, 15 manat hissəsi iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsaitin 50 (əlli) manatı iddiaçı "xxxx" ASC-dən, 50 (əlli) manat məbləğində hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 14 aprel 2014-cü il tarixli, 2-MZ2-2-0-210-14 saylı saylı kredit müqaviləsi üzrə 3273,16 (üç min iki yüz yetmiş üç dollar, on altı sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia digər borc məbləğinin tutulması hissəsində və zamin Cavabdeh3 münasibətdə təmin edilməsin. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin və 15 (on beş) manat hissəsi isə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsaitin 50 (əlli) manat məbləğində hissəsi iddiaçı "xxxx" ASC-dən, 50 (əlli) manat məbləğində hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-482/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-482/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver