Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-482/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı borc tələbinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit QSC-yə keçmişdir. Aqrarkredit QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (X3 Edilməsi Agentliyi MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Aqrarkredit QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-AVK-2213 saylı, 04.05.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Aqrarkredit QSC-yə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında 26.11.2013-cü il tarixdə, № 01327 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 20650 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 26.11.2013-cü il tarixdə, № 1327 saylı ipoteka müqaviləsinə əsasən Hyundai Veloster markalı **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 26.11.2013-cü il tarixli AA seriyalı 111057 №-li ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehin banka hazırda olan əsas borca görə 17501 ABŞ dolları, faiz borcu üzrə 5591,15 ABŞ dolları olmaqla cəmi 23192,15 ABŞ dolları borcu vardır. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və borcun tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Ona görə də Cavabdeh əsas borca görə 17501 ABŞ dolları, faiz borcuna görə 5691,15 ABŞ dolları olmaqla cəmi 23192,15 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun Aqrarkredit QSC-nin xeyrinə tutulmasına, tutmanın Cavabdeh mülkiyyətində olan Hyundai Veloster markalı **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilərək açıq hərracda satılmasına, satışdan əldə edilən vəsaitin Aqrarkredit ASC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub Aqrarkredit QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 04.11.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ipoteka müqaviləsinə əsasən təminat olaraq yüklü edilmiş Hyundai Veloster markalı ** ST *** dövlət qeydiyyat nişanlı 2013-ci il buraxılış ili olan minik avtomoboli 26.11.2013-ci il tarixdən 2014-cü ilin iyun ayınadək onun istifadəsində olmuş, yeddi ay o, kredit borcunu müntəzəm olaraq tam ödəmişdir. 2014-cü ilin iuyn ayında o, ipoteka predmeti olan minik avtomobilini mülki etibarnamə verməklə başqa adama satmışdır. Həmin tarixdən də qalan borcun ödənilməsi barədə onda məlumat olmamışdır. Bank tərəfindən də kredit ödənişlərinin ödənilməməsi barədə ona heç bir formada xəbərdarlıq və bildiriş gəlmədiyindən 5691,15 ABŞ dolları faiz borcunun hesablanmasını və tələbini düzgün və qanuni hesab etmir. Bank bilərəkdən kredit borcunun ödənilməməsini ona bildirməməklə faiz borcunun məbləğini artırmaqla əsassız qazanc əldə etmək məqsədi güdmüşdür. Ona görə də Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən ondan tələb olunan 5691,15 ABŞ dollarının silinməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26.11.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana nəqliyyat vasitəsinin alınması məqsədilə 60 ay müddətinə, yəni 26.11.2018-ci il tarixədək qaytarmaq, illik 18% ödəmək şərti ilə 20650 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 10.12.2013-cü il tarixli məxaric orderindən müəyyən olunur ki, bank borcalan Cavabdeh ayrılmış kreditə görə 20650 ABŞ dollarını vermişdir. İpoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC ilə ipoteka verən Cavabdeh arasında bağlanmış 26.11.2013-cü il tarixli 1327 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən 26.11.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Hyundai Veloster minik markalı avtomobilini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.2-ci bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 24416 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 26.11.2013-cü il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Hyundai Veloster markalı **-ST-*** qeydiyyat nişanlı avtomobilin Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Aqrarkredit QSC arasında bağlanan Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Aqrarkredit QSC-yə güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq Aqrarkredit QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da Aqrarkredit QSC-yə güzəşt edir. 04.05.2018-ci il tarixli aktdan müəyyən olunur ki, borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26.11.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsinə əsasən borcalanın əsas borca görə 17501 ABŞ dolları, faiz borcuna görə 5691,15 ABŞ dolları olmaqla cəmi 23192,15 ABŞ dolları borcu borcverən tərəfindən Aqrarkredit QSC-yə güzəşt edilmişdir. X3 Edilməsi Agentliyi MMC-nin Cavabdeh ünvanladığı 14.10.2019-cu il tarixli və 03.09.2021-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, iddiaçı cavabdehə tələbin Aqrarkredit QSC-yə güzəşt edildiyi və kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. X3 Edilməsi Agentliyi MMC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanladığı 03.09.2021-ci il tarixli 3182 saylı ərizədən müəyyən olunur ki, MMC ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş qeydə alınmışdır. ABB ASC-nin maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 26.11.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsinə əsasən 01.01.2017-ci il tarixinə əsas borc görə 17501 ABŞ dolları, faiz borcuna görə 5691,15 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.02.2022-ci il tarixli 9\9137 – 9\9159 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən Cavabdeh 26.11.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsinə əsasən 01.01.2017-ci il tarixə əsas borca görə 17498,33 ABŞ dolları, faiz borcuna görə 5698,04 ABŞ dolları olmaqla cəmi 23196,37 ABŞ dolları borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, iş materiallarında olan maliyyə arayışlarına əsasən Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 26.11.2013cü il tarixli 01327 saylı kredit müqaviləsi üzrə faiz borcunun hesablanması 01.01.2017-ci il tarixədək hesablanmışdır. Rəydən daha sonra müəyyən olunur ki, Hyundai Veloster minik markalı 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanmış, istifadəyə yararlı avtomobilin hazırkı orta bazar qiyməti təxminən 18000 manat, likvid dəyəri 17000 manat müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Həmin Məcəllənin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1.əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh 26.11.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən əsas borca görə 17498,33 ABŞ dolları, faiz borcuna görə 5691,15 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə cavabdehin iddia tələblərinə etirazı ilə bağlı qeyd edir ki, etirazda istinad olunan hallar cavabdehi bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməkdən azad edən əsaslar ola bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən əsas borca görə 17498,33 ABŞ dolları, faiz borcuna görə 5691,15 ABŞ dolları tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu rəy ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə (17000 manat) əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının ipoteka predmetinin satışı nəticəsində əldə olunan vəsaitin artıq qalan hisəsinin cavabdehə qaytarılmasına, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, bu tələblər İcra haqqında Azərbaycan Respublikası Qanununun tələbləri ilə müəyyən edilmiş qaydada həyata keçirilməli olduğundan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 26.11.2013-cü il tarixli 01327 saylı kredit müqaviləsi üzrə əsas borca görə 17498,33 ABŞ dolları, faiz borcuna görə 5691,15 ABŞ dolları olmaqla cəmi 23189,48 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat Aqrarkredit QSC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Cavabdeh mülkiyyətində olan Hyundai Veloster markalı **-ST-*** minik markalı avtomobil ilkin satış qiyməti 17000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-482/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-482/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver