Məhkəmə qərarları › İş №2(001)-4822/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4822/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4822/2020 13.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 949,33 manat məbləğində əsas, 113,29 manat məbləğində faiz, 191,39 manat məbləğində cərimə, cəmi 1.254,01 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxxxx 2019cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” X6 təşkilatından illik 36 faizlə 12 ay müddətinə 1.620 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. “FİNtrend” X6 Təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli, 004 nömrəli müqaviləyə əsasən xx xxxxxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə "FİNtrend” X6 Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci ilin avqustun 11-dək Cavabdeh banka xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 949,33 manat məbləğində əsas, 113,29 manat məbləğində faiz, 191,39 manat məbləğində cərimə, cəmi 1.254,01 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə xx xxxxxx 2020-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4822/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə onun tərəfindən aparılmış bir sıra ödənişlər nəzərə alınmamış və nəticədə ondan şişirdilmiş məbləğdə borc tələb edilir. Aparılmış bütün ödənişlər nəzərə alındığı halda, onun hazırda hər hansı məbləğdə cərimə və faiz borcu olmamalı, əsas borcu isə tələb edilən məbləğdən xeyli az olmalıdır. Göstərlənlərin və aparılmış bütün ödənişlərin nəzərə alınmasını və ondan xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə mövcud olan real borcun tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “FİNtrend” X6 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə “FİNtrend” X6 Təşkilatı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 36% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 1.620 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği “FİNtrend” X6 Təşkilatından qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizi və gecikməyə yol verdiyi təqdirdə hesablancaq cərimə məbləğini ödəməyə barədə öhdəlik götürmüşdür. “FİNtrend” X6 Təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən “FİNtrend” X6 Təşkilatı razılaşdırılmış, o cümlədən xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüququları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüququları ilə əlaqəli digər hüququları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, və cərimə sanksiyalarını iddiaçı “xxxx” İKB ASC-yə güzəşt etmişdir. Bu barədə cavabdehə məlumat verilmiş və bütün aidiyyəti sənədlər “FİNtrend” X6 Təşkilatı tərəfindən iddiaçı “xxxx” İKB ASC-yə təhvil verilmişdir. Sonradan cəmiyyətin adı dəyişdirilərək, İddiaçı ASC olmuşdur. Lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq, yaranmış borc məbləği barədə ona məlumat verilməklə, bu borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bundan sonra da cavabdeh yaranmış borcu tam ödəməmişdir. İddiaçı da 30 manat məbləğində dövlət rüsumu ödəməklə cavabdehə qarşı iddia qaldırmış və hazırda cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 949,33 manat məbləğində əsas, 113,29 manat məbləğində faiz, 191,39 manat məbləğində cərimə, cəmi 1.254,01 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir. xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə tərəfindən aparılmış bir sıra ödənişlərin nəzərə alınmadığını, nəticədə ondan şişirdilmiş məbləğdə borcun tələb edildiyini, hazırda hər hansı məbləğdə cərimə və faiz borcunun olmadığını, əsas borc məbləğinin isə tələb edilən məbləğdən xeyli az olduğunu bildirir və bütün ödənişlər nəzərə alınmaqla ondan xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə mövcud olan real borcun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını, hesabdan çıxarış məlumatlarını, habelə cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən ödəniş qəbzlərini müqayisəli şəkildə təhlil edib, belə qənaətə gəlir ki, iddia tələbi cərimə və faiz borcunun tutulması hissəsində rədd edilməli, əsas borcun tutulması hissəsində isə qismən təmin edilməlidir. Belə ki, iddiaçının xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə tələb etdiyi borc məbləği xx xxxxxx 2020-ci il tarixə hesablanmış məbləğdir. Lakin bu tarixdən sonra həmin müqavilə üzrə xx xxxxxx 2020-ci il tarixdə 120 manat, xx xxxxxxxx 2020-ci il tarixdə 50 manat, xx xxxxxxxx 2019-cu il tarixdə 150 manat, xx xxxxxxx 2020-ci il tarixdə 164 manat (bu məbləğ ümumiyyətlə hesabdan çıxarışda əks olunmamışdır, lakin cavabdeh bu barədə ödəniş qəbzi təqdim edir), xx xxxxxx 2020-ci il tarixdə 200 manat, cəmi (120+50+150+164+200=684) 684 manat məbləğində borc ödənilmişdir. Bu məbləğin də 14,49 manat hissəsi faiz borcunun silinməsinə, 669,51 manat hissəsi isə cərimə borcunun silinməsinə yönəlmişdir. Halbuki, iddia üzrə tələb edilən cərimə məbləği 191,39 manat təşkil edir. Bu səbəbdən məhkəmə xx xxxxxx 2020-ci il tarixdən sonra aparılmış ödənişlərin silinməsi qaydası ilə razılaşmır və hesab edir ki, faiz borcundan silinmiş 14,49 manat nəzərə alınmaqla, qalan (684-14,49=669,51) 669,51 manat ilk olaraq xx xxxxxx 2020-ci il tarixə yaranmış 191,39 manat məbləğində cərimə borcunun silinməsinə yönəlməli (669,51-191,39=478,12), qalan 478,12 manat hesabına yaranmış 113,29 manat məbləğində faiz borcu silinməli (478,12-113,29 = 364,83), qalan 364,83 manat isə yaranmış əsas borcdan silinməli (949,33-364,83=584,50), qalan 584,50 manat məbləğində pul xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə mövcud olan əsas borc qismində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 584,50 manat məbləğində əsas borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 584,50 (beş yüz səksən dörd manat, əlli qəpik) manat məbləğində əsas borc, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar