Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4851/2021 13.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi barədə iddia ərizəsinə dair mülki işə 13 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 bankın xeyrinə 17 fevral 2011-ci il tarixli kredit müqaviləsi üzrə 1681,42 manat faiz borcu və 1675,02 manat cərimə borcu olmaqla ümumilikdə 3356,44 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaitinin bankın xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən, 98,48 kv.metr ümumi, 76,18 kv.metr yaşayış, 22,3 kv.metr yardımçı sahədən ibarət 27 nömrəli evin 63 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması, tutma ipoteka predmetinə yönəldikdən və ev satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, evin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 ilə "xxxx" İKB ASC (indiki adı İddiaçı) arasında bağlanmış 17 fevral 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 25 faiz dərəcəsi ilə 18 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi həmin tarixdə bankla Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən, 98,48 kv.metr ümumi, 76,18 kv.metr yaşayış, 22,3 kv.metr yardımçı sahədən ibarət 27 nömrəli evin 63 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 götürdüyü krediti müqavilə üzrə nəzərdə tutulmuş müddətdə faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliklərinin lazımınca icra olunmaması nəticəsində 17 may 2021-ci il tarixə banka 1681,42 manat faiz, 1675,02 manat cərimə borcu yaranmışdır. Buna görə də, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda E.B.Məcidov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz ərizəsini məhkəməyə təqdim edərək iddiaçı tərəfindən iddia müddətinin buraxıldığını bildirib bu əsasla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan 17 fevral 2011-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsi 17 fevral 2011-ci il tarixdə 18 ay müddətinə bağlanmışdır, yəni, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 17 avqust 2012-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4851/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4851/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver