Məhkəmə qərarları › İş №2(001)-4852/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4852/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4852/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 15.302,05 manat əsas borc, 1.929,52 manat faiz borcu, 2.428,95 manat cərimə olmaqla ümumilikdə cəmi 19.660,52 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, habelə Cavabdeh1 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" Bank olmayan Kredit təşkilatından illik 18 faizlə 34 ay müddətinə 20.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 08 yanvar 2020-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 14 avqust 2020-ci il tarixli müqaviləyə 14 avqust 2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh1 ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ ”YELO Bank” ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021 -ci il mayın 05-dək Cavabdeh1 banka 08 yanvar 2020-ci il tarixli Kredit müqaviləsi üzrə 15.302,05 manat əsas borc, 1929,52 manat faiz borcu, 2428,95 manat cərimə İmaqla, ümumilikdə cəmi 19.660,52 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit muqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, KReditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək, bildirdi ki, o, pandemiya ilə bağlı borcunu vaxtında ödəyə bilməmişdir, lakin hazırda hissə-hissə hazırda borcunu ödəyə bilər. İddiaçı tərəfindən cərimə yüksək məbləğdə hesablanmışdır. Digər cavabdehin məhkəmə iclası barədə məlumatı var, lakin iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsindən və ödəniş qrafkindən görünür ki, kreditverən borcalana illik ən çoxu 50 faizlə 240 ay müddətinə 20.000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin əsas şərtlərinə əsasən kredit öhdəliyinin vaxtında və lazımı qaydada icra edilməməsinə görə hesablanacaq dəbbə pulunun miqdarı (faiz) aylıq qaytarılmalı olan, lakin qaytarılmamış kredit borcunun hər təqvim günü üçün 1% faizidir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu Cavabdeh2 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir və bu müqavilə üzrə iddia müddəti kreditin müddəti bitdiyi gündən hesablanmaqla 3 il təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı ASC arasında bağlanan 14 avqust 2020-ci il tarixli tələbin güzəşti barədə müqaviləyə və həmin müqaviləyə əlavə olunan 1 saylı əlavə sazişə əsasən "xxxx" BOKT MMC-nin Cavabdeh1 qarşı olan tələb hüquqi İddiaçı ASC -yə keçmişdir; İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 25 yanvar 2021-ci il tarixli xəbardarlıqdan görünür ki, onlara 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, götürdükləri öhdəlikləri müqavilədə qeyd edilən qaydada yerinə yetirmədiyini, bununla əlaqədar cavabdehdən kredit borcunu 5 gün ərzində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə onların barəsində məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 05 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi üzrə 15.302,05 manat əsas, 1.929,52 manat faiz, 2.428,95 manat cərimə olmaqla cəmi 19.660,52 manat məbləğində borcu yaranmışdır; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi üzrə 14.302,05 manat əsas, 1.732,64 manat faiz, 3.560,68 manat cərimə olmaqla cəmi 19.595,37 manat məbləğində borcu yaranmışdır; 16 may 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi müqaviləsinə əsasən birinci sonuncuya 240 ay müddətinə, illik 50 %-dən çox olmayan dərəcə ilə 20.000 manat məbləğində pul vəsaiti vermiş, sonuncu isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin 08 yanvar 2020-ci il tarixli, İNSHA- 161-141 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. Daha sonra tələb hüquqi İddiaçı ASC-yə keçmişdir. Cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, 29 iyun 2021-ci il tarixli maliyyə arayışına əsasən bank tərəfindən onlara 14.302,05 manat əsas, 1.732,64 manat faiz, 3.560,68 manat cərimə olmaqla cəmi 19.595,37 manat məbləğində borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh1 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsində tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi üzrə hesablanmış 2.428,95 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 300 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.302,05 manat məbləğində əsas borc, 1.732,64 manat məbləğində faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 16.334,69 məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, qət e t d i: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, İNSHA-161-141 saylı kredit müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.302,05 (on dörd min üç yüz iki, beş qəpik) manat məbləğində əsas borc, 1.732,64 (bir min yeddi yüz otuz iki manat, altmış dörd qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğind cərimə olmaqla, cəmi 16.334,69 (on altı min üç yüz otuz dörd manat, altmış doqquz qəpik) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar