Məhkəmə qərarları › İş №2(001)-4865/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4865/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4865/2024 21.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 7100 (yeddi min yüz) manat məbləğində pulun və ödənilmiş 91 (doxsan bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 2021-ci ilin avqust ayında oğlu X3 işə dizəldilməsi üçün ilkin olaraq 9000 (doqquz min) manat, daha sonra 500 (beş vüz) manat pul vermişdir. Əlavə 500 manat da onun digər xərclərinə çıxmışdır. Beləliklə, ona ümumilikdə 10000 (on min) manat məbləğində maddi ziyan dəymişdir. Lakin cavabdeh onu aldadaraq vədinə əməl etməmişdir. Sonradan cavabdeh ona ümumilikdə 2900 (iki min doqquz yüz) manat pul qaytarmış, lakin 7100 (yeddi min bir yüz) manat borclu qalmışdır. Dəfələrlə cavabdehdən ona olan borcunu ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı hətta polisə də müracət etmişdir. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək ona məhkəməyə müraciət etməyini bildirmişlər. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh onun pulunu qaytarmaqdan imtina etmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, oğlunu işə düzəltmək üçün cavabdehə 9000 manat pul vermiş, sonradan isə əlavə olaraq onun həyat yoldaşının kartına 500 manat göndərmişdir. Ümumilikdə 9500 manat məbləğində pul vermişdir cavabdehə. Cavabdeh isə həmin borcundan ona yalnız (1700+400+800=2900 manat məbləğində pulu onun kartına atmaqla) 2900 manat pul qaytarmışdır. Həmçinin onun iddia ərizəsinin yazılmasına, yol pulu, poçta ödədiyi və sair xərclərlə bağlı onun 500 manata yaxın xərci çıxmışdır. Hazırda onun cavabdehdən tələbi 7100 manat və dövlət rüsumu kimi ödədiyi 91 manat məbləğində pulun qaytarılmasıdır. Cavabdeh tərəfindən ödənilməmiş 7100 manat məbləğində pulun qaytarılması üçün cavabdeh ona çox vədlər verib, lakin aldığı pulu qaytarmamışdır. Məhkəmənin 07 avqust 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ona 9000 manat şəxsən, sonradan isə 500 manat onun həyat yoldaşının kartına yükləməklə, ümumilikdə, iddiaçıdan 9500 manat almasını danmır. Lakin pulu iddiaçının oğlunun işə düzəltmək üçün almış və həmin pulu tanışına vermişdir. Pul verdiyi tanışı isə hazırda həbs olunduğundan, tələb olunan pulu o, ödəmək məcburiyyətində qalmışdır. Aldığı puldan hissə-hissə iddiaçıya ümumilikdə 2900 manat məbləğində pul ödəmişdir. Lakin onun iddiaçıya 7100 manat yox, 6000 manat borcunun olmasını bildirsə də, iddiaçıya etdiyi ödənişləri nəzərə alaraq, onun iddiaçıya 6600 manat məbləğində borcunun olduğunu qeyd etdi. Qeyd edilən məbləği də, qaytarmaqdan yayınmır, imkanı olduqca qaytaracaqdır. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Qədirov X6 RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək, 2021-ci ilin avqust ayında tanıdığı Cavabdeh oğlu X5 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyi adı ilə ilkin olaraq bank kartını göndərərək 500 manat ödəniş etməyini istəmiş və həmin bank kartına pulu Şəmkir rayonunda yerləşən marketdən ödəmiş, daha sonra isə onunla Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin” yaxınlığında görüşərək ona ümumilikdə 9000 manat nağd pul-vəsaiti verməsini göstərmiş, lakin həmin şəxs vədinə əməl etməyərək onu aldatmasını bildirmişdir. Təhqiqat araşdırması zamanı İddiaçı izahatında bildirmişdir ki, 2021-ci ildə tanıdığı Rusiya Federasiyasında olan Şakir adlı şəxs ona demişdir ki, onun Azərbaycanda olan tanışı Miri övladı Rəşadı FHN-nə işə düzəldə bilər. Bu səbəblə o, Miri adlı şəxslə görüşmüş və o da onu Vüqarla tanış etmişdir. 2021-ci ilin avqust ayında tanıdığı Cavabdeh oğlu X7 Hallar Nazirliyinə işə düzəldəcəyi adı ilə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "Bakı Beynəlxalq Avtovağzal Kompleksinə” işə düzəldəcəyi adı ilə ondan bir dəfəyə ümumilikdə 9000 manat nağd pul vəsaiti almış, ertəsi gün Şəmkir rayonu, Əhməd Cavad küçəsində yerləşən "Dəmiroğlu" marketdəki ödəmə terminalından Vüqarın göndərdiyi bank kartına 500 manat məbləğində ödəniş etmişdir. Lakin bu günə qədər həmin şəxs vədinə əməl etməyərək onu aldatmışdır. Ona 10000 manat məbləğində maddi ziyan dəymişdir. Qalıq 500 manat onun əlavə xərclərinə çıxmışdır. Əlavə olaraq qeyd edir ki, o, Vüqar adlı şəxslə 2021-ci ilin avqust ayında Şamaxinkada görüşmüşdür, Orada kafedə oturub çay içmişlər. Daha sonra onunla BBAK-ın yanına gəlmiş və avtomobildə ona 9500 manat pul ödəmişdir. Əlavə olaraq ona oğlunun sənədlərini də, təqdim etmişdir. Vüqar adlı şəxsin mobil nömrəsi ***-***-**-** və Miri adlı şəxsin əlaqə nömrəsi isə ***-***-**-** saylıdır. Bu günə qədər həmin şəxs ona müxtəlif bəhanələr uydurmuşdur. Təhqiqat araşdırması zamanı X8 izahatında bildirmişdir ki, vətəndaş İddiaçı Binəqədi RPlnin 40-cı PB-nə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. 2021-ci ildə Miri adlı şəxs ona bildirmişdir ki, bir nəfər şəxsin övladını Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün ona kömək lazımdır. O, da onunla razılaşmışdır. 2021-ci ilin avqust ayında o, Elçin adlı şəxslə Şamaxinka ərazisində görüşmüşdür. Daha sonra onunla Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərəmov küçəsində onun övladına dair sənədlərlə birlikdə 9000 manat məbləğində nağd pul vəsaitini almışdır. Ertəsi gün isə Elçin onun bank kartına 500 manat da, əlavə pul göndərmişdir. O, həmin 9500 manat məbləğində pulu Şahlar Quliyev adlı şəxsə vermişdir. Lakin sonradan Şahlar adlı şəxs həbs olunmuş və pul onun üzərində qalmışdır. O, həmin məbləğdən 3500 manatını hissə hissə olaraq ödəmişdir. Hal hazırda Elçinə 6000 manat məbləğində borcu vardır. Həmin pulu isə yaxın zamanda ödəyəcəkdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan onun oğlunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsinə kömək etmək üçün ümumilikdə 9500 manat məbləğində pul alaraq Şahlar Quliyev adlı şəxsə vermiş, lakin sonradan həmin şəxs həbs olunduğundan pulu qaytara bilməmişdir. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir); Əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir. Qeyd olunmalıdır ki, hazırkı halda həm iddiaçının iddiaçının tələbi, həmdə cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə 9500 manat pulun verildiyini iddiaçı sübut etməlidirlər. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh X8 2021-ci ilin avqust ayında iddiaçıdan ilkin olaraq 9000 (doqquz min) manat, daha sonra 500 (beş yüz) manat pul almış, əvəzində həmin pulun müqabilində iddiaçının oğlu X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini bildirərək iddiaçı qarşısında öhdəlik götürmüşdür. Bu hal həm işə əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə, həm də Cavabdeh məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər aralarında razılığa gəlməklə Cavabdeh 2021-ci ilin avqust ayında İddiaçı ilkin olaraq 9000 (doqquz min) manat, daha sonra 500 (beş yüz) manat pul almış və qeyd edilən pulun alınması cavabdeh tərəfindən etiraf edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan aldığı 9500 manat məbləğində puldan, müxtəlif vaxtlarda (1700+400+800=2900 manat ) ümumilikdə 2900 manatı İddiaçı qaytarmış və onun hazırda iddiaçıya qalıq borcu 6600 manat təşkil edir. Qeyd edilən hal, məhkəmə araşdırması zamanı tərəflərin verdikləri izahatlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırda Cavabdeh İddiaçı olan ümumilikdə 9500 manat məbləğində borcundan, 2900 manat məbləğini ödədikdən sonra 6600 manat borcunun qalması işin mübahisəsiz halıdır Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 6600 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin digər xərclərlə bağlı (iddia ərizəsinin yazılması, yol pulu, poçta ödənilmiş və sair xərclərlə bağlı) 500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı yuxarıda göstərilən digər xərclərlə bağlı 500 manat xəriclədiyini qeyd etsə də, qeyd edilən xərclərin onun tərəfindən həqiqətən çəkilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, iddiaçının həmin tələbinin əsası bilavasitə sübutetmə ilə bağlıdır. Belə ki, digər xərclərlə bağlı 500 manat məbləğində ziyanı sübut etmə vəzifəsini iddiaçı daşıyır. Xüsusi ilə qeyd edilməlidir ki, mülki hüquq pozuntusunu müəyyən edən normalara əsasən, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının digər xərclərlə bağlı (iddia ərizəsinin yazılması, yol pulu, poçta ödənilmiş və sair xərclərlə bağlı) 500 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6600 (altı min altı yüz) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin dövlət rüsumu qismində ödənilmiş 91 manat məbləğində pulun alınalaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 91 manat məbləğində pulun 80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6600 (altı min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 91 (doxsan bir) manat məbləğində dövlət rüsumunun 80 (səksən) manat məbləğində olan hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar