Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4890/2021 06.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********67525 olan X4 10+ markalı telefon üçün 724 manat ödənilməmiş hissə, 217 manat dəbbə, 21 mart 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********04907 olan İphone 11 pro markalı telefon üçün 3.390 manat ödənilməmiş hissə, 678 manat dəbbə, ümumilikdə 5.009 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 05 sentyabr 2019-cu il və 21 mart 2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********67525 olan X4 10+ markalı telefon və İMEİ kodu **********04907 olan İphone 11 pro markalı telefon almış və nəticədə 5.009 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 05 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2.534 manat (12 ay x 181 manat + 362 manat ilkin ödəniş) İMEİ kodu **********67525 olan X4 10+ markalı telefon üçün ümumilikdə, 941 manat olmaqla ondan 724 manat ödənilməmiş hissə, 217 manat dəbbə, 21 mart 2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4.069 manat (18 ay x 226 manat + 1 manat ilkin ödəniş) İMEİ kodu **********04907 olan İphone 11 pro markalı telefon üçün ümumilikdə 4.068 manat olmaqla ondan, 3.390 manat ödənilməmiş hissə, 678 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.489 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 00891157 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2.534 manat, ilkin ödəniş 362 manat ödənilməklə X4 10+ markalı məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 05 sentyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00891157 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 mart 2020-ci il tarixli, 20194056 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 4.069 manat, ilkin ödəniş 1 manat ödənilməklə İphone 11 pro markalı telefon markalı məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər; 21 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20194056 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır; 03 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir; 04 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 sentyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 724 manat, cərimə 217 manat olmaqla, cəmi 941 manat, 21 mart 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 3.390 manat, cərimə borcu 678 manat olmaqla, cəmi 4.068 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 5.009 manat məbləğində borcu vardır; 05 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 00891157 saylı və 21 mart 2020-ci il tarixli, 20194056 saylı müqavilələri ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı “xxxx” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə 04 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 5.009 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 05 sentyabr 2019-cu il tarixli, 00891157 saylı və 21 mart 2020-ci il tarixli, 20194056 saylı müqavilələr üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, 05 sentyabr 2019-cu il tarixli, 00891157 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 30 manat və 21 mart 2020-ci il tarixli, 20194056 saylı müqavilə üzrə dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05 sentyabr 2019-cu il tarixli, 00891157 saylı müqavilə üzrə əsas borc 724 manat, dəbə pulu 30 manat olmaqla, cəmi 754 manat, 21 mart 2020-ci il tarixli, 20194056 saylı müqavilə üzrə əsas borc 3.390 manat, dəbbə pulu borcu 50 manat olmaqla, cəmi 3.440 manat məbləğində borc Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 05 sentyabr 2019-cu il tarixli, 00891157 saylı müqavilə üzrə Cavabdeh əsas borc 724 (yeddi yüz iyirmi dörd) manat, dəbbə pulu 30 (otuz) manat olmaqla, cəmi 754 (yeddi yüz əlli dörd) manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. 21 mart 2020-ci il tarixli, 20194056 saylı müqavilə üzrə Cavabdeh əsas borc 3.390 (üç min üç yüz doxsan) manat, dəbbə pulu 50 (əlli) manat olmaqla, cəmi 3.440 (üç min dörd yüz qırx) manat məbləğində borc iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4890/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4890/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver