Məhkəmə qərarları › İş №2(001)-4892/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4892/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4892/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçının nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)-5079/2017 saylı qətnaməsi ilə 18 may 2012-ci il təvəllüdlü X3 və 22 may 2014-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2009-cu ildə faktiki nikaha daxil olmuş, 18 yaşı çatdıqda nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)-5079/2017 saylı qətnaməsinə əsasən uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmış, qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Hazırda uşaqlar onun yanındadırlar, onların maddi tələbatlar günbəgün artır. Cavabdehin iddia ərizəsində göstərilən miqdarda aliment ödəməyə maddi imkanı vardır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, o, iddianı qəbul etmir. Cavabdeh ondan ayrıldıqdan sonra başqa şəxslə ailə qurmuş, həmin evlilikdən iki uşaqları doğulmuşdur. İddiaçı “Hyundai” markalı avtomobil idarə edir, maddi imkanı yüksək səviyyədədir. O özü isə xeyli vaxtdır ki, heç bir yerdə işləmir. Əvvəlki qətnamə ilə müəyyənləşdirilmiş alimenti də qazi qardaşı əlilliyə görə təyin edilmiş pensiya ilə ödəyir. O, iddiaçı ilə ayrıldıqdan sonra özü də yenidən başqa şəxslə evlənmiş, yeni evliliyindən 5 yaşlı uşağı vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçının bildirdiyinə görə, cavabdeh fərdi əməklə məşğuldur, kifayət qədər yaxşı gəliri vardır. Əvvəlki qətnamə ilə təyin edilmiş miqdarda aliment uşaqların saxlanması üçün kifayət etmədiyindən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, etirazında göstərilənləri təsdiq etdiyini bildirib, əlavə olaraq izahatında göstərdi ki, o, əvvəllər fəhlə kimi işləsə də, sonradan əlindən xəsarət aldığından işləyə bilməmişdir. İddiaçı özü də onun maddi vəziyyətinin pis olduğunu yaxşı bilir. Halbuki, iddiaçı bu gün yeni ailəsi, uşaqları ilə birlikdə kifayət qədər yaxşı şəraitdə yaşayır. Əvvəlki qətnamə ilə təyin edilmiş alimenti qazi qardaşının əlillik pensiyası ilə ödəyir. Buna görə də, aliment artırılarsa, ödəmə qabiliyyəti olmayacaqdır. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli, 2(001)- 7194/2015 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə Məmmədova (Şabanova) Aytən Ağamayıl qızı arasında 07 avqust 2014-cü il tarixdə bağlanmış nikahın pozulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)- 5079/2017 saylı qətnaməsinə əsasən, həmin məhkəmənin 03 noyabr 2016-cı il tarixli, 2(001)-13106/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 18 may 2012-ci il təvəllüdlü X6 və 22 may 2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qərara alınmışdır. AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, cavabdeh hazırda yeni ailə quraraq xx.xx.2019-cu il təvəllüdlü X5 adlı 3-cü övladı vardır, habelə, cavabdehin rəsmi iş yeri mövcud deyildir. Məhkəmənin mülki iş ilə bağlı tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, hər iki tərəfin öz tələb və etirazlarında haqlı olduğu məqamlar mövcuddur. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Çünki tələb üzrə irəli sürülmüş və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə cavabdehi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olacaq. Lakin artıq bildirdiyimiz kimi, məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından məlum olur ki, cavabdeh ikinci dəfə ailə qurub və himayəsində 2019-cu il təvəllüdlü övladı var. Təbii ki, məhkəmə iddiaçı ilə bir nikahdan anadan olmuş uşaqların mənafeyini nəzərə aldığı kimi cavabdehin ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşağının mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Lakin cavabdehin iddianın təminini istisna edən hal kimi 3-cü uşağının da olmasını, maddi vəziyyətinin aşağı olmasını – uşaqların saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyil. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)-5079/2017 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarı artırılmalı, hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində təyin edilməli və bu məbləğdə alimentin tutulmasının əvvəli hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qismən təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 76 manat) 912 manat olduğuna (76 manat x 12 ay) görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pulun 40 manat hissəsi də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(001)- 5079/2017 saylı qətnaməsi ilə 18 may 2012-ci il təvəllüdlü X3 və 22 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün müəyyənləşdirilmiş alimentin miqdarı dəyişdirilərək artırılsın və hər uşağa görə hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Bu qətnamə ilə müəyyənləşdirilmiş alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh mediasiya xərcləri kimi 40 (qırx) manat pul İddiaçı, dövlət rüsumu kimi 30 manat isə alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar