Məhkəmə qərarları › İş №2(001)-4896/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4896/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4896/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2.884,63 ABŞ dolları əsas, 3.782,76 ABŞ dolları faiz, 1.371 ABŞ dolları cərimə, ümumilikdə 8.038,39 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı” QSC-dən həqiqətən də 10.000 ABŞ dolları kredit götürmüş və ilk vaxtlar vaxtı-vaxtında ödənişlər etmişdir. Lakin sonradan maddi vəziyyətinin pisləşməsi səbəbindən ödənişləri davam etdirə bilməmiş və nəticədə borcu yaranmışdır. İddia üzrə ondan tələb edilən əsas borc məbləğini qəbul edir, lakin ondan tələb edilən faiz və cərimə borcu məbləği ilə razı deyil və həmin məbləğləri şişirdilmiş hesab edir. Göstərilənlərin nəzərə alınmasını və ondan tələb edilən faiz və cərimə borcu məbləğinin azaldılmasını, habelə əsas borc məbləğinin və reallıqda mövcud olan faiz və cərimə borcunun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını nəzərə alıb, iddiaçı tərəfin bu məsələyə münasibətini öyrənib, cavabdehə ödənişlərin edilməsi imkanının yaradılması məqsədi ilə məhkəmə iclasını təxirə salmışdır. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X5 (ümumiyyətlə) və Cavabdeh3 (ümumiyyətlə) hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının bu barədə ərizəsini də nəzərə almaqla, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin və Cavabdeh1 izahatını dinləyib, habelə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 027L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, İddiaçı QSC Cavabdeh1 120 ay müddətinə, yəni xx xxxxxx 2025ci il tarixədək 80.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır və ayrıca razılaşma əsasında ona kredit verir. Həmin uzunmüddətli kredit müqaviləsi çərçivəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə aylıq 2.25 faiz dərəcəsi ilə faiz hesablamaq və borcu ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit razılaşması ilə müəyyən edilmiş məbləği iddiaçıdan qəbul etmiş və bu kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikmələrə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmişdir. Bu səbəbdən tərəflər arasında bir neçə dəfə (xx.xx.2015-ci il tarixli 027R**********S saylı, xx.xx.2015-ci il tarixli, 027R**********SA saylı, xx.xx.2016-cı il tarixli, 027R**********SB saylı, xx.xx.2016-cı il tarixli, 027R**********SC saylı, xx.xx.2017-ci il tarixli, 027R**********SD saylı), o cümlədən sonuncu dəfə xx.xx.2018-ci il tarixli, 027R**********SE saylı saziş bağlanmış və həmin sazişə əsasən aylıq faizlərin 1.8333 faiz dərəcəsi ilə hesablanması müəyyən edilməklə ödəniş qaydası dəyişdirilərək, xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Lakin cavabdeh bundan sonra da öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərərək, ondan borcun ödənilməsini tələb etmiş, əks halda yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona məlumat verilmişdir. Lakin bu da bir nəticə verməmiş, cavabdeh bundan sonra da öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin xx.xx.2020-ci il tarixə 2.884,63 ABŞ dolları məbləğində əsas, 3.782,76 ABŞ dolları məbləğində faiz, 1.371 ABŞ dolları məbləğində cərimə, cəmi 8.038,39 ABŞ dolları məbləğində borcunun yarandığını iddia etməklə, bu məbləğin ondan tutulmasını tələb edir. Kredit razılaşması üzrə kredit müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Həmin tarixə cavabdehin 2.884,63 ABŞ dolları məbləğində əsas, 2.759,44 ABŞ dolları məbləğində faiz, 85,85 ABŞ dolları məbləğində cərimə, cəmi 5.729,92 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh ondan tələb edilən əsas borcu qəbul edir, faiz və cərimə borcunu şişirdilmiş hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi çərşivəsində imzaladığı xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməli, Cavabdeh1 2.884,63 ABŞ dolları məbləğində əsas borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan məbləğdə, yəni 3.782,76 ABŞ dolları faiz borcunu kredit razılaşmasında nəzərdə tutulmuş faiz dərəcəsini xx.xx.2020-ci il tarixədək hesablamaqla tələb edir. Halbuki, kredit razılaşması üzrə kredit müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə faizlərin kredit müddətinin bitdiyi tarixdən sonra da eyni faiz dərəcəsi ilə hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmişöhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşmasının 2.3-cü bəndində nəzərdə tutulmuş şərt isə, yəni Mülki Məcəllənin 449.4-cü maddəsinə uyğun olaraq kredit üzrə faizlərin borcun tam ödənildiyi tarixədək hesablanıb tutulması, kredit müqaviləsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə deyil, Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə pulun tutulmasını ehtiva edir. Belə ki, Mülki Məcəllənin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddiaçının tələb etdiyi kimi kredit müqaviləsində nəzərdə tutulmuş faizlə deyil, 449.1-ci maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsi ilə faizlərin tutulması gələcəkdə iddiaçının daha böyük zərərə görə pul tələbi ilə çıxış etməsinin qarşısını aldığından iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməklə yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun kredit müqaviləsi üzrə faiz dərəcəsi ilə gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit razılaşması üzrə kredit müddəti bitdiyi tarixədək (xx.xx.2019-cu il) hesablanmalıdır. Məhkəmənin gəldiyi bu qənaət gələcəkdə iddiaçının vurulmuş real zərərin və əldən çıxmış fayda qismində faizlərin tutulması üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə tutulmalı olan faiz borcu müəyyən edilərkən borcun xx.xx.2019-cu il tarixə hesablanmasını əks etdirən maliyyə arayışı əsas götürülməli və iddia tələbi bu hissədə qismən təmin edilərək, Cavabdeh1 iddiaçının xeyrinə həmin maliyyə arayışında göstərilmiş 2.759,44 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit razılaşması üzrə iddiaçı ilə cavabdeh arasında gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit razılaşmasında öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit razılaşması üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 1.371 ABŞ dolları məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehə kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək dəbbə pulu hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilərək, 300 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğdə cərimə Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Belə ki, kredit razılaşması üzrə kredit müdətinin xx.xx.2019-cu il tarixdə bitməsi, cərimə borcunun məhz həmin tarixədək hesablanmasını şərtləndirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Lakin bundan sonra iddiaçı ilə Cavabdeh1 arasında kredit razılaşması bağlanmış, o cümlədən bu razılaşmaya 6 dəfə ((xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli) dəyişiklik edilmiş, kreditin qaytarılma müddəti uzadılmış, kredit borcuna hesablanmış aylıq faiz borcu azaldılmış, sonradan artırılmışdır. Buna baxmayaraq, həmin sazişlər zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmamış, dəyişikliklərlə bağlı onların razılığı alınmamışdır. Məhkəmə hesab edir ki, ilkin olaraq 12 ay müddətinə verilmiş kreditin müddətinin sonradan 36 ay müddətinə uzadılması öhdəliyin dəyişdirilməsini ehtiva edir və bu dəyişdirmə zaminlərin məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olur. Belə ki, xx.xx.2016-cı il tarixli sazişdən sonra xx.xx.2017-ci il tarixli sazişədək aylıq faiz dərəcəsi artmış və xx.xx.2017-ci il tarixdə 0,0001 faiz azalmışdır. Nəticədə ödənilməli faiz öhdəliyinin yekun həcmi xeyli dərəcədə artmışdır. Məhkəmə qeyd edir ki, zaminin razılığı olmadan əsas öhdəliyin müddətinin artırılması zaminliyə xitam verilməsi ilə bağlı Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən edilmiş müddətlərin zaminin ziyanına uzanmasına səbəb olur. Beləliklə, zaminlər Cavabdeh2 və Cavabdeh3 razılığı olmadan qeyd edilən sazişlərlə əsas müqavilə üzrə öhdəliklər dəyişdirildiyindən və bu dəyişdirilmə zaminin məsuliyyətinin artmasına və onların üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borcun tutulması” hissəsində əsassızdır və rədd edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması (ona dəyişiklik edilməsi barədə sazişlər) üzrə 2.884,63 ABŞ dolları məbləğində əsas, 2.759,44 ABŞ dolları məbləğində faiz, 300 ABŞ dolları məbləğində cərimə, cəmi 5.944,07 ABŞ dolları məbləğində kredit borcu ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması (ona dəyişiklik edilməsi barədə sazişlər) üzrə 2.884,63 (iki min səkkiz yüz səksən dörd ABŞ dolları, altmış üç sent) ABŞ dolları məbləğində əsas, 2.759,44 (iki min yeddi yüz əlli doqquz ABŞ dolları, qırx dörd sent) ABŞ dolları məbləğində faiz, 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə, cəmi 5.944,07 (beş min doqquz yüz qırx dörd ABŞ dolları, yeddi sent) ABŞ dolları məbləğində kredit borcu ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar