Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4897/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-in etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 18 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********06917 olan “X3 8” markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 22 manat cərimə borcu olmaqla, cəmi 242 manat borc və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 22 iyun 2021ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. 24.06.2021-ci il tarixində cavabdeh tərəfindən iddiaya etiraz daxil olduğundan, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(001)-4897/2021 saylı qərardadına əsasən İddiaçı MMC-in Cavabdeh qarşı “pulun tutulması”tələbinə dair kiçik mübahisələr üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 616 manat olan “X3 8” markalı telefonu (İMEİ kodu **********06917) 4 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, ayda 51 manat ödəmək şərti ilə almış və nəticədə 242 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə İMEİ kodu **********06917 olan “X3 8” markalı telefon üçün ümumilikdə 242 manat olmaqla, ondan 220 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 396 manat təşkil edir. 28 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı MMC-in nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 117,41 manat əsas borc və 17 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, cavabdehdən iddiaçını xeyrinə 18 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********06917 olan “X3 8” markalı telefon üçün 117,42 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, nisyə alqı-satqı müqaviləsinə əsasən telefon aldığını, həmin müqavilə üzrə ödənişlər etsə də, iddiaçı tərəfindən həmin ödənişlər nəzərə alınmadan borcun hesablandığını bildirib, borcun onun məhkəməyə təqdim etmiş olduğu qəbzlərə uyğun hesablanmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 00989337 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 4 manat olmaqla, 12 ay müddətinə, hər ay 51 manat ödəmək şərti ilə, dəyəri 616 manat olan İMEİ kodu **********06917 olan “X3 8” markalı telefonu satmışdır. 18 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “X3 8” markalı telefon Cavabdeh təhvil verilmişdir. Bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı 18 oktyabr 2019-cu il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. 05 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə İddiaçınə 220 manat əsas borc və 22 manat cərimə olmaqla, cəmi 242 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərlə müəyyən edilir ki, Cavabdeh 02 noyabr 2019-cu il tarixdə 51 manat, 08 dekabr 2019-cu il tarixdə 51 manat, 14 yanvar 2020-ci il tarixdə 51 manat, 14 fevral 2020-ci il tarixdə 51 manat, 06 oktyabr 2020-ci il tarixdə 40,8 manat əsas borc və 10,20 manat cərimə olmaqla, cəmi 51 manat, 14 noyabr 2020-ci il tarixdə 46,79 manat əsas borc və 4,21 manat cərimə olmaqla, cəmi 51 manat, 15 dekabr 2020-ci il tarixdə 51 manat, 01.04.2021-ci il tarixdə 50 manat, 06.05.2021-ci il tarixdə 51 manat,17.06.2020-ci il tarixdə 35 manat, 12 iyul 2021-ci il tarixdə 51 manat və 18.10.2019-cu il tarixdə 4 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh məhkəməyə 17.06.2020-ci il tarixdə 35 manat ödəniş etməsinə dair qəbz təqdim etsə də, qəbzdən görünür ki, o tərəflər arasında bağlanmış və hazırkı iddianın irəli sürülməsi üçün əsas olmuş 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 00989337 nömrəli malın nisyə alqı-satqı müqaviləsi ilə bağlı deyil, işə aid olmayan 01059693 nömrəli 18.11.2019-cu il tarixli müqavilə ilə əlaqədardır. Bu səbəbdən də həmin qəbz 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 00989337 nömrəli malın nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Cavabdeh tərəfindən təqdim edilmiş sonuncu ödənişlə bağlı qəbzdən görünür ki, onun 117,41 manat qalıq borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 18 oktyabr 2019-cu il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdeh dəyəri 616 manat olan İMEİ kodu **********06917 olan “X3 8” markalı telefonu almış, lakin sonradan borcunu ödəməkdən yayınmış, ona görə də cavabdehin iddiaçıya 117,41 manat əsas borcu yaranmışdır (02 noyabr 2019-cu il tarixdə 51 manat + 08 dekabr 2019-cu il tarixdə 51 manat + 14 yanvar 2020-ci il tarixdə 51 manat + 14 fevral 2020-ci il tarixdə 51 manat + 06 oktyabr 2020-ci il tarixdə 40,8 manat + 14 noyabr 2020-ci il tarixdə 46,79 manat + 15 dekabr 2020-ci il tarixdə 51 manat + 01.04.2021-ci il tarixdə 50 manat + 06.05.2021-ci il tarixdə 51 manat + 12 iyul 2021-ci il tarixdə 51 manat + 18.10.2019-cu il tarixdə 4 manat məbləğində ilkin ödəniş = 498,59 manat). Əşyanın alqı-satqı qiyməti 616 manat olduğundan ödənilmiş 498,59 manat nəzərə alındıqda (616 manat - 498,59 manat = 117,41 manat) qalan 117,41 manat məbləğində ödənilməmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə, iddia tələbi üzrə 17 manat məbləğində cərimə hesablanmasını ədalətli hesab etmir. Belə ki, cavabdehin ödəniş qəbzlərindən görünür ki, onun etdiyi ödənişlərdən 2 dəfə müəyyən məbləğdə cəriməyə silinmələr olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu əsasla məhkəmə, 17 manat məbləğində hesablanmış cərimənin 7 (yeddi) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18.10.2019-cu il tarixli müqavilə üzrə 117,41 manat əsas borc və 7 manat cərimə borcu olmaqla, cəmi 124,41 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 20 manat dövlət rüsumunun 10,30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 117,41 (yüz on yeddi manat 41 qəpik) manat məbləğində əsas borc, 7 (yeddi) manat məbləğində cərimə olmaqla, cəmi 124,41 (yüz iyirmi dörd manat 41 qəpik) manat məbləğində borc və 10,30 (on manat 30 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4897/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4897/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver