Məhkəmə qərarları › İş №2(001)-4926/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4926/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4926/2021 09.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48822 olan Hoffmann X Ultra markalı telefon üçün 295,6 manat ödənilməmiş hissə, 29,4 manat cərimə, 25 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann kondisioner üçün 772,8 manat ödənilməmiş hissə, 77,2 manat cərimə, ümumilikdə 1.175 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavadeh, “xxxx” MMC ilə 28 dekabr 2019-cu il və 25 fevral 2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********48822 olan Hoffmann X Ultra markalı telefon, Hoffmann kondisioner almış və nəticədə 1.175 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 321,6 manat (12 ay x 26,80 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********48822 olan Hoffmann X Ultra markalı telefon üçün ümumilikdə, 325 manat olmaqla ondan, 295,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29,4 manat cərimə, 25 fevral 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 832,8 manat (24 ay x 34,70 manat + 0 manat ilkin ödəniş) Hoffmann kondisioner üçün ümumilikdə, 850 manat olmaqla ondan, 772,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77,2 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Beləliklə, mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli, 01166201 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 321,6 manat olan Hoffmann X Ultra markalı məhsul, yeni qızıl zəmanətlə, telefon quraşdırma xidməti ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 28 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01166201 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, 20125930 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 832,8 manat olan Hoffmann Sıac-09/HR markalı məhsul, müvəqqəti qızıl zəmanətlə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 25 fevral 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20125930 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. 25 sentyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 16 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 295,6 manat, cərimə borcu 29,4 manat olmaqla, cəmi 325 manat, 25 fevral 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 772,8 manat, cərimə borcu 77,2 manat olmaqla, cəmi 850 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.175 manat məbləğində borcu vardır. 17 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə 28 dekabr 2019-cu il tarixli, 01166201 saylı müqavilə üzrə əsas borc 295,6 manat, cərimə borcu 29,4 manat olmaqla, cəmi 325 manat, 25 fevral 2020-ci il tarixli, 20125930 saylı müqavilə üzrə əsas borc 772,8 manat, cərimə borcu 77,2 manat olmaqla, cəmi 850 manat məbləğində borc tutulmalıdır. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 28 dekabr 2019-cu il tarixli, 01166201 saylı müqavilə üzrə Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borc 295,6 (iki yüz doxsan beş manat, altmış qəpik) manat, cərimə borcu 29,4 (iyirmi doqquz manat, qırx qəpik) manat olmaqla, cəmi 325 (üç yüz iyirmi beş) manat məbləğində borc tutulsun. 25 fevral 2020-ci il tarixli, 20125930 saylı müqavilə üzrə Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borc 772,8 (yeddi yüz yetmiş iki manat, səksən qəpik) manat, cərimə borcu 77,2 (yetmiş yeddi manat, iyirmi qəpik) manat olmaqla, cəmi 850 (səkkiz yüz əlli) manat məbləğində borc tutulsun. Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar