Məhkəmə qərarları › İş №2(001)-4960/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4960/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4960/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Bank BTB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank BTB ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank BTB ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Bank BTB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00123-00/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə qaytarmaq, illik 26% ödəmək şərti ilə 3000 manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Ona görə də Bank BTB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00123-00/19A saylı kredit müqaviləsinin ləğv edilməsinə, həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş əsas borc üzrə 2903,38 manat, faiz borcuna görə 523,79 manat, dəbbə borcuna görə 83,02 manat olmaqla cəmi 3510,19 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30,40 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank BTB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00123-00/19A saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 26% ödəmək şərti ilə 3000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsi 3 təqvim günündən çox gecikdirildikdə, 4-cü gündən etibarən, kredit gecikdirmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində gündəlik cərimə hesablanır. Bank BTB ASC-nin xx.xx.2019-cu il tarixli xəzinə məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə Cavabdeh 3000 manat vermişdir. xx.xx.2019-cu il tarixli FN-00123-00/19A saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 3000 manat, faiz borcuna görə 874,90 manat olmaqla cəmi 3874,90 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bank BTB ASC-nin xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli FN-00123-00/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 2903,38 manat, faiz borcuna görə 523,79 manat, dəbbə borcuna 83,02 manat olmaqla cəmi 3510,19 manat borcu vardır, kredit müqaviləsi üzrə borclan cəmi bir dəfə, xx.xx.2019-cu il tarixdə 164,52 manat olmaqla ödəniş etmişdir. Bank BTB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli MXD-2020/4542 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə müqavilənin ləğv edilməsinə, borcun vaxtından əvvəl qaytarılmasını tələb edəcəyinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh Bank BTB ASC ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən əsas borca görə 2903,38 manat, faiz borcuna görə 523,79 manat tutulmasına dair tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 5 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Borcverən Bank BTB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli FN-00123-00/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli FN-00123-00/19A saylı kredit müqaviləsi üzrə əsas borca görə 2903,38 manat, faiz borcuna görə 523,79 manat, dəbbə puluna görə 5 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 3462,57 manat Bank BTB ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar