Məhkəmə qərarları › İş №2(001)-4961/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4961/2021

18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4961/2021 18.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin mənzil onun mülkiyyətindədir. Cavabdeh X2 iddiaçının mənzilinin yan qonşuluğunda yaşayır və həmin mənzilin mülkiyyətçisidir. O, 19.05.2021-ci il tarixdə mənzilini təmir etdirərkən iddiaçının mənzilinə ziyan vurmuşdur. Usta elektrik "rozetkasının" yerini dəyişdirərkən elektrik drel ilə iddiaçının divarını dağıtmışdır. İş zamanı qonşu mənzil ilə iddiaçının mənzilinin arasında olan divarda böyük ölçüdə dəlik əmələ gəlmiş, bununla əlaqədar divarda çatlar yaranmışdır. Eyni zamanda yataq otağının divar kağızları yararsız vəziyyətə düşmüşdür. Təmir zamanı iddiaçının mənzilinin qonaq otağının da divar kağızları köpərək qopmuşdur. İddiaçı məsələ ilə bağlı cavabdehə məlumat versə də, o, sığortanın gəlib təmir edəcəyini iddiaçıya bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ekspert gəlib evə baxacağı gündən bir gün əvvəl cavabdeh ona zəng eləyib dedi ki, ustalar bu dəqiqə evinə girib, vurulmuş ziyanı aradan qaldırmaq istəyir. O da həmin vaxt işdə olduğuna görə, dərhal gələ bilməmiş, bir müddət keçdikdən sonra cavabdehlə əlaqə saxlamış, cavabdeh də ona bildirmişdir ki, ustalar gözləyə bilməmiş və getmişlər. Bundan bir müddət sonra cavabdehin gəlini ona səsli messajlar göndərmiş, onu təhqir etmiş, o bunun nəticəsində güclü sarsıntı keçirmiş və səhhətində ciddi problemlər yaranmışdır. Hal-hazırda müalicəsi davam edir. Bundan əlavə ekspert gəlib onun evinə baxarkən da müəyyən edilmişdir ki, divar kağızlarının dəyişməsi üçün mütləq şəkildə orda olan şkaf sökülərək sonradan təzədən yığılmalıdır. Bu da əlavə olaraq 50 manat xərc tələb edir. Həmin pulun da cavabdehdən tutulması zəruridir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 06.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qismən qəbul edir. Həqiqətən də, onun yaşadığı mənzildə usta elektrik işlərini apararkən iddiaçının mənzilinin divarına ziyan vurmuşdur. Lakin iddiaçının iddia ərizəsində göstərdiyi qədər deyi. İddiaçı mənzilinə dəymiş ziyanı çox şişirdilmiş şəkildə təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1 23.04.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon 80 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Murad İbrahimbəyli, sahə nəzarətçisi Aqşin Abdullayev və çilingəri İlqar İskəndərov tərəfindən tərtib edilmiş 25.05.2021-ci il tarixli aktda göstərilmişdir ki, “ ... 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, bina 5v mənzil 30-da yaşayan İddiaçı yazılı müraciəti əsasında onun yaşadığı mənzilə və digər girişdə yerləşən divar qonşusu olan Cavabdeh məxsus 43 saylı mənzilə baxış keçirtdik. Baxış zamanı təmir işləri gedən mənzildən şikayətçinin divarında deşici və küt alətlə təxminən 15 sm diametrində beton, divar kağızı ilə birlikdə qopmuşdur”. İş materiallarında olan 19.10.2021-ci il tarixli, 10/3665 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən 5V saylı evin 30 saylı mənzilində divarın (15x15 sm ölçüdə) beton qatının qopmasının və divar kağızının cırılmasının 43 saylı mənzilin yaşayış otağındakı divarda elektrik yuvası açılması nəticəsində baş verdiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən 5V saylı evin 30 saylı mənzilinə dəymiş ziyanın dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 412 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, dəymiş maddi ziyanın əvəzi olaraq 412 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 82.4% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 17,30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 412 (dörd yüz on iki) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 17,30 (on yeddi manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar