Məhkəmə qərarları › İş №2(001)-4971/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4971/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4971/2021 09.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı” Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 224 manat borcun, 33,60 manat cərimənin, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 289 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə “xxxx” MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “xxxx” MMC-nin cavabdehə qarşı olan 289 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Cavabdeh sonuncu dəfə 08 aprel 2021-ci il tarixdə ödəniş etmişdir. Cavabdehin bu günə 224 manat əsas borcu, 33,6 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Beləliklə, mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanan 26 oktyabr 2020-ci il tarixli, SRT003973 saylı Nisyə Alqı-satqı müqaviləsinə və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən əsasən satıcı alıcıya dəyəri 289 manat olan məhsulları nisyə satmağı, alıcı isə satıcıya məhsulun dəyərini 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.3-cü bəndinə əsasən “Alıcı”ya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt İddiaçı MMC-yə və ya digər üçüncü şəxslərə güzəşt edilə bilər. Müqavilənin 2.4.4-cü bəndinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5 % həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür; 26 oktyabr 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Alıcı” 26 oktyabr 2020-ci il tarixli, SRT003973 saylı Nisyə Alqı-satqı müqaviləsinin 1 saylı əlavəsi üzrə məhsulları “xxxx” MMC-dən təhvil almışdır; Cavabdeh təqdim edilmiş bildirişdən görünür ki, “xxxx” MMC-nin 26 oktyabr 2020-ci il tarixli, SRT003973 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir; 18 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 224 manat, cərimə 33,6 manat olmaqla, cəmi 257,6 manat məbləğində borcu var; 21 may 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan borcunu 3 gün müddətində tam olaraq ödəmədiyi təqdirdə, müqavilə üzrə qalıq borc məbləğinin vaxtından əvvəl alınması və borcun qaytarılması ilə əlqədar çəkiləcək xərclərin məcburi qaydada tutulması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanan 11 sentyabr 2019-cu il tarixli, R- 149/19 saylı Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan 11 noyabr 2020-ci il tarixli R-149/19-0147 saylı sazişə əsasən “xxxx” MMC-nin Cavabdeh qarşı olan tələb hüquqi İddiaçı MMC-yə keçmişdir; 26 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 194.1-ci maddəsinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. İş materiallarından göründüyü kimi, “xxxx” MMC ilə cavabdeh arasında 26 oktyabr 2020-ci il tarixli, SRT003973 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən pul tələbi İddiaçı QSC-yə keçmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, 26 oktyabr 2020-ci il tarixli, SRT003973 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 224 manat məbləğində borc, 33,6 manat məbləğində cərimə olmaqla, ümumilikdə 257,6 manat məbləğində borc, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 26 oktyabr 2020-ci il tarixli, SRT003973 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 224 (iki yüz iyirmi dörd) manat məbləğində borc, 33,6 (otuz üç manat, altmış qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 257,6 (iki yüz əlli yeddi manat, altmış qəpik) manat məbləğində borc, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqı Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar