Məhkəmə qərarları › İş №2(001)-4975/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4975/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4975/2020 19.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddia ərizəsi üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə ZeynallıMüşfiq Vaqif oğluarasında bağlanmış xx.xx.2020-ci il tarixli № özəl (0.5) 093/F-20 saylı kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən faiz dərəcəsi 22,5% faiz olmaqla 15 ay müddətinə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında banka qaytarmamışdır. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixli № özəl (0.5) 093/F-20 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas borcdan 366,92 manat, faiz borcundan 198,86 manat ödəməli olduğu halda, əsas borcdan 59 manat, faiz borcundan isə 20 manat ödəniş etmişdir. Hazırda cavabdehinbanka olan borcu 941 manat əsas, 90,06 manat faiz, 88,81 manat cərimə borcu olmaqla cəmi borcu 1119,87 manat təşkil edir.Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, bank tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır.Ona görə də İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli № özəl (0.5) 093/F-20 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 941 manat, faiz borcuna görə 90,06 manat, cərimə borcuna görə 88,81 manat olmaqla cəmi 1119,87 manat borcun və ödənilmiş 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, ona İddiaçı ASC-dən xx.xx.2020-ci il tarixli № özəl (0.5) 093/F-20 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 22,5% faiz olmaqla 15 ay müddətinə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. O, kredit verildikdən sonra ödəniş cədvəlinə uyğun olaraq borclarını ödəməyə başlamış, lakin işdən azad edildiyi üçün ödənişləri davam etdirə bilməmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə banka 100 manat ödəniş etmişdir. Hal-hazırda iddiaçının əsas borc tələbini qəbul edir. Ona görə də xx.xx.2020-ci il tarixli № özəl (0.5) 093/F-20 saylı kredit müqaviləsinə əsasən 90,06 manat faiz, 88,81 manat cərimə borclarının silinməsinə, əsas borca görə 941 manat borcun ondan iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli № özəl (0,5) 093/F-20 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 15 ay müddətinə qaytarmaq illik 22,5% ödəmək şərti ilə 1000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, borcalan ödəniş qrafikinin tələbləri pozulduğu gündən etibarən illik 45% olmaqla cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 1000 manatı İddiaçı ASC-dən almışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli № özəl (0,5) 093/F-20 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 1000 manat, faiz borcuna görə 156,5 manat olmaqla cəmi 1156,50 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-nin Mərkəz filialına 100 manat ödəniş etmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli 644 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli № özəl (0,5) 093/F-20 saylı kredit müqaviləsi üzrə əsas borca görə 941,06 manat, faiz borcuna görə 90,06 manat, cəriməyə görə 88,81 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, kredit verən borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli № özəl (0,5) 093/F-20 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində xx.xx.2020-ci il tarixə əsas borca görə 941 manat, faiz borcuna görə 90,06 manat borcu yaranmış, iddiaçı məhkəməyə müraciət etdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh borcundan 100 manat ödəniş etmişdir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cərimənin məbləği 5 manat müəyyən edilməklə, cavabdehin borcundan ödədiyi 100 manat nəzərə alınmaqla ((941+90,06+5)-100=936,06) qalıq borca görə 936,06 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli № özəl (0,5) 093/F-20 saylı kredit müqaviləsi üzrə əsas borca görə 936,06 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 966,06 manat İddiaçı ASCnin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar