Məhkəmə qərarları › İş №2(001)-4988/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4988/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4988/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçılar İddiaçı1 və başqalarının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı Qobustan rayonu Nərimankənd kəndində yerləşən daşınmaz əmlaklara mülkiyyət hüquqlarının tanınmasına və həmin daşınmaz əmlakların onlara təhvil verilməsinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçılar İddiaçı1 və başqaları cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı Qobustan rayonu Nərimankənd kəndində yerləşən daşınmaz əmlaklara mülkiyyət hüquqlarının tanınmasına və həmin daşınmaz əmlakların onlara təhvil verilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddiaçıların mülkiyyət hüquqlarının tanınmasını və onlara təhvil verilməsini tələb etdikləri daşınmaz əmlaklar Binəqədi rayonunda yerləşmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1.-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3.-cü maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarmalıdır. İddia tələblərindən müəyyən olunur ki, iddiaçılar Qobustan rayonunda yerləşən daşınmaz əmlaklara mülkiyyət hüquqlarının tanınması və həmin əmlakların onlara təhvil verilməsi tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməklə aidiyyət qaydalarını pozmuşlar. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsi əlavə olunmuş sənədlərlə geri qaytarılmaqla iddiaçılara Qobustan Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah olunmalıdır. Belə ki,məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 31,39,152.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçılar İddiaçı1 və başqalarının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı Qobustan rayonu Nərimankənd kəndində yerləşən daşınmaz əmlaklara mülkiyyət hüquqlarının tanınmasına və həmin daşınmaz əmlakların onlara təhvil verilməsinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçılara hazırkı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimSəadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar