Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5006/2022 27.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 4.578,93 manat, faiz borcu üzrə 2.890,97 manat olmaqla, cəmi 7.469,9 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 94,7 manat və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun onun xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan **- BC-*** dövlət qeydiyyat nişanlı “Nissan X Trail” minik markalı (buraxılış ili 2003, ban – NT30075814, rəngi – gümüşü metal) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin onun hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır; 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, Qanunda ipoteka saxlayanın tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildirişlərin məzmununa, onların göndərilməsinə, ipotekanın dövlət qeydiyyatı orqanına qeydiyyata alınmasına xüsusi əhəmiyyət verilir və ipoteka saxlayandan imperativ olaraq bu qaydalara əməl edilməsi tələb edilir. Lakin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan normaların tələblərinə riayət edilməmiş, müəyyən edilmiş məzmunda bildiriş ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməmiş və göndərişi təsdiq edən sənəd, habelə bildiriş borcluya göndərildikdən sonra qanunla müəyyən edilmiş müddətin gözlənilməsi, daha sonra bildirişin qeydə alınması barədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyat orqanına müraciət edilməsi barədə sənədlər iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, yalnız bu müddət gözlənildikdən sonra iddiaçı tərəfindən məhkəmədə hazırki iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərə birlikdə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən imperativ tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan imperativ tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5006/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5006/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver