Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5012/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “X1” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat məbləğində əsas borc, 96,59 manat məbləğində faiz borcu, 23,34 manat məbləğində cərimə borcu və 01 manat məbləğində komisyon haqqı olmaqla, cəmi 620,93 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC ilə xx.xx.2024-cü il tarixli ərizəni-anketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq SMS vasitəsilə cavabdehə illik 28% olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikası qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların bankla münasibətini tənzimləyir. X2 bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxlərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilənmüddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Standart Şərtlərə əsasən müştəri, kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri X2, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh Müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" KB ASC-yə 500 manat əsas borc, 96,59 manat faiz borcu, 23,34 manat cərimə və 1 manat komisyon haqqı olmaqla, cəmi 620,93 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Bu səbəbdən iddiaçı tələbin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, mülki iş materiallarında olan: xx.xx.2023-cü il tarixli fiziki şəxslərə kredit verilməsinə dair Standart şərtlərdən, xx.xx.2024-cü il tarixli Ərizədən və xx.xx.2024-cü il tarixli SMS bildirişdən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli fiziki şəxslərə kredit verilməsinə dair Standart şərtlərini xx.xx.2024-cü il tarixdə aksept etmiş və ona 35 ay müddətinə, illik 28 faizlə, 500 manatlıq kredit xətti açılmış, vəsait karta köçürülmüşdür. xx.xx.2023-cü il tarixli fiziki şəxslərə kredit verilməsinə dair Standart şərtlərin 1.7-ci bəndinə əsasən, bank müştəriyə elektron formada (SMS, mobil tətbiq və s.) Standart Şərtlərin 1.6-cı bəndində göstərilən məlumatların (kreditin məbləği, valyutası, qaytarılma müddəti, ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və\və ya digər ödənişlərin məbləği və onların tətbiq edilmə şərtləri və s.) qeyd olunduğu standart məlumatlandırma forması göndərərək həmin məlumatların formasında göstərilən şərtlərlə kredit ayrılmasına dair məlumat göndərə və müştəridən cavab almadan onun ödəniş kartına bağlı müvafiq hesabına kredit vəsaitini köçürə bilər. Fiziki şəxslərə kredit verilməsinə dair Standart şərtlərin 4.1.1-ci bəndinə əsasən, müştəri kreditin və/və ya ona hesablanmış faizlərin, o cümlədən standart məlumatlandırma formasında göstərilən digər ödənişlərin ödənilməsini gecikdirdikdə bank müştəridən dəbbə pulu tələb edə bilər. Ödənişlərin gecikməsinə görə dəbbə pulunun məbləği standart məlumatlandırma formasında göstərilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh Banka 500 məbləğində əsas borc, 96,59 manat məbləğində faiz borcu, 23,34 manat cərimə borcu və 01 manat komisyon haqqı olmaqla, cəmi 620,93 manat məbləğində borcu vardır. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə əsasən məlum olur ki, bank, cavabdehə xx.xx.2025-ci il tarixə 500 manat əsas, 67,79 manat faiz borcu və 10,74 manat cərimə olmaqla, cəmi 579,53 manat məbləğində yaranmış borcun 3 iş günü ərzində ödənilməsini, aralarındakı bağlanan kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Həmin bildirişin göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -408.7-ci maddəsinə əsasən, əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. -409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. -409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir -742.5 və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, hesab edirəm ki, iddia tələbi 500 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslıdır. İddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edirəm ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 96,59 manat məbləğində faiz məbləğinin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu (bildiriş) göndərərək cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən hesab edirəm ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Həmçinin, cərimə tələbinə münasibətdə qeyd edirəm ki, müqavilənin standart şərtərində cərimənin tələb edilməsi nəzərdə tutulsa da cərimənin konkret məbəği barədə heç bir müddəa yoxdur. Müqaviləyə görə dəbbə pulunun məbləği standart məlumatlandırma formasında qeyd edilir ki, müştəriyə göndərilmiş SMS bildirişdə də bu barədə qeyd yoxdur. Eyni zamanda müqavilədə komissiya haqqı barədə müvafiq qeydlər nəzərdə tutulmadığından cərimə və komissiyanın tutulması hissəsində iddia tələbi təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 500 manat əsas və 67,79 manat faiz borcu məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hesab edirəm ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində əsas borc, 67,79 (altmış yeddi manat 79 qəpik) manat məbləğində faiz borcu və 29 (iyirmi doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 596,79 (beş yüz doxsan yeddi manat 79 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X1” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5012/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5012/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver