Məhkəmə qərarları › İş №2(001)-5038/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5038/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5038/2021 11.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 23 aprel 2015-ci il tarixli kredit sazişi müqaviləsi üzrə yaranmış 7638,39 ABŞ dolları məbləğində əsas, 9574,18 ABŞ dolları faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh1 arasında 23 aprel 2015-ci il tarixdə bağlanmış kredit sazişi müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 götürdüyü krediti faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, kreditin təminatı kimi bankla digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı M.Abasuqliyev ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra olunmadığından iddia tələbində göstərilən miqdarda borc yaranmışdır. Sonda V.A.Həsənova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh1 iddiaçıya kredit müqaviləsi üzrə borcunun olmasını etiraf edirlər. Lakin, borcun məbləği düzgün hesablanmamışdır. Belə ki, hazırki kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşmüş, borcadan avtomatik çıxılmalar aparılmışdır. Həmçinin, məhkəmə tərəfindən təyin olunmuş mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, borc məbləği iddia tələbində göstərilənləri əks etdirmir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın qismən, ekspert rəyində göstərilənlərə uyğun təmin edilməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan: - 23 aprel 2015-ci il tarixli, MK/95560/50/23 nömrəli “kredit sazişi”ndən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 zamin kimi öhdəliklərin icrası ilə bağlı borclu ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür. - 29 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə həmin tarixə 7638,39 ABŞ dolları əsas, 9574,18 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi 23 aprel 2018-ci il tarixə 8803,42 ABŞ dolları əsas, 3048,54 ABŞ dolları faiz, 137,73 ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitdiyi 23 aprel 2018-ci il tarixdən maliyyə arayışının verildiyi 29 iyun 2021-ci il tarixə illik 5 faiz olmaqla 1401,21 ABŞ dolları gecikdirilmiş faiz borcu vardır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərə tam etmədiyinə görə iddia ona münasibətdə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən məhkəmə hesab edir ki, iddia ona münasibətdə də qismən təmin olunmalıdır. Borc məbləğinin dəqiq hesablnaması üçün məhkəmənin 30 iyun 2021-ci il tarixli, 2(001)-5038/2021 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertizanın 24 avqust 2021-ci il tarixli, 9/5236 saylı müvafiq rəyində göstərilmişdir ki, Cavabdeh1 müqavilə müddəti bitdiyi 23 aprel 2018-ci il tarixə 8803,42 ABŞ dolları əsas, 3048,54 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 11851,96 ABŞ dolları məbləğində borcu vardır. Həmçinin, hesabdan çıxarış məlumatlarındna göründüyü kimi, 23 aprel 2018-ci il tarixdən sonra cavabdeh tərəfindən 1135,64 ABŞ dolları (290,89 ABŞ dolları ödəniş, 844,75 ABŞ dolları kompensasiya) məbləğində ödəniş edilmiş və əsas borcdan silinmişdir ki, həmin məbləğlər nəzərə alındığı təqdirdə Cavabdeh1 banka 7667,78 ABŞ dolları əsas, 3048,54 ABŞ dolları faiz borcu qalacaqdır. Məhkəmə hesab edir ki, müqavilə müddətinin bitdiyi 23 aprel 2018-ci il tarixə əsas və faiz borcunun məbləği ekspert rəyi ilə dəqiq müəyyən olunduğundan iddia rəydə göstərilən məbləğlərə uyğun təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 23 aprel 2015-ci il tarixli kredit sazişi üzrə əsas borc kimi 7667,78 ABŞ dolları, faiz borcu kimi 3048,54 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 12 manat məbləğində hissəsi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddiaçının tələb etdiyi məbləğlə məhkəmə baxışı zamanı müəyyən edilmiş borcun məbləği arasında olan fərq nəzərə alınmaqla, məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 manat məbləğində hissəsi cavabdehlərdən, 30 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilsin. 23 aprel 2015-ci il tarixli, MK/95560/50/23 nömrəli “kredit sazişi” üzrə 7667,78 ABŞ dolları məbləğində əsas, 3048,54 ABŞ dolları məbləğində faiz borcu ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 12 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 70 manat məbləğində hissəsi Cavabdeh1 və Cavabdeh2, 30 manat məbləğində hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar