Məhkəmə qərarları › İş №2(001)-5040/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5040/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5040/2021 20.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 sentyabr 2021-ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4302,97 ABŞ dolları məbləğində əsas kredit borcu, 3072,2 ABŞ dolları faiz borcu, cəmi 7375,17 ABŞ dollarının, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU837220, rəngi qara) **-HF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 16011- 0339/377399 saylı 21 oktyabr 2016-cı il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 8 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə 16011-0339/377399 Sİ saylı 21 oktyabr 2016-cı il tarixli Sonrakı İpoteka müqaviləsi bağlanmış və ona məxsus olan “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU837220, rəngi qara) **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 16011- 0339/535413 Z saylı 21 oktyabr 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 19.04.2019-cu il tarixə İddiaçı ASC-yə 4302,97 ABŞ dolları məbləğində əsas kredit borcu, 3072,2 ABŞ dolları faiz borcu, cəmi 7375,17 ABŞ dolları məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, ipoteka əmlakı hesabına banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 21 oktyabr 2016-cı il tarixli, 16011-0339/377399 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 8 faiz dərəcəsi ilə 9800 ABŞ dolları kredit vermişdir. 21 oktyabr 2016-cı il tarixli, 16011-0339/377399 saylı kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi əsasında götürülmüş kreditin aylıq məbləği 307,13 ABŞ dolları olmaqla 21 oktyabr 2019-cu il tarixə kimi qaytarılması razılaşdırılmışdır. 21 oktyabr 2016-cı il tarixli, 16011-0339/377399 Sİ saylı Sonrakı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə bağlamış olduğu 16011- 0339/377399 saylı kredit müqaviləsinin təminatı kimi AC №063475 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus “Hyundai Elantra” markalı avtomobili (ipoteka predmetini) banka girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 137124 saylı, 22 oktyabr 2016-cı il tarixli çıxarış verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21.10.2016-cı il tarixli, 16011- 0339/535413Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 21 oktyabr 2016-cı il tarixli, 16011-0339/377399 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin (kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının) tamamilə və ya hissə-hissə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC-nin 19 aprel 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 21 oktyabr 2016-cı il tarixli, 16011-0339/377399 saylı kredit müqaviləsi üzrə 21.10.2019-cu il tarixə əsas borcu 4302,97 ABŞ dolları, faiz borcu 3072,2 ABŞ dolları olmaqla cəmi borcu 7375,17 ABŞ dolları təşkil edir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehlərə borc barədə bildirişlər göndərilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 28.04.2021-ci il tarixli bildirişin surətindən və onun ünvan sahibi tərəfindən qəbul edilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 21 oktyabr 2016-cı il tarixli, 16011-0339/377399 saylı kredit müqaviləsinə əsasən borcun ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2021-ci il tarixli 9/5238 saylı rəyində ekspert qarşısında qoyulan suala cavab olaraq göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinin bitdiyi 21.10.2019-cu il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5778,02 ABŞ dolları əsas borcu, 1.382,12 ABŞ dolları faiz borcu, cəmi 7160,14 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumtlarından göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21.10.2019-cu il tarixdən 31.03.2021-ci il tarixədək olan müddətdə 1475,05 ABŞ dolları məbləğində ödəniş aparılmış, aparılmış ödənişlər əsas borcdan silinmişdir. Qeyd olunan ödəniş nəzərə alındıqda Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 4302,97 (5778,02-1475,05) ABŞ dolları əsas borcu, 1382,12 ABŞ dolları faiz borcu, cəmi 5685,09 ABŞ dolları borcu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər cavabdeh isə bankla bağladığı 21.10.2016-cı il tarixli, 16011-0339/535413Z saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür və bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 ilə yanaşı digər Cavabdeh2 da kredit borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdehlərdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı bankın təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 21 oktyabr 2016cı il tarixli, 16011-0339/377399 saylı kredit müqaviləsi üzrə 21.10.2019-cu il tarixə 4302,97 ABŞ dolları əsas, 3072,2 ABŞ dolları faiz olmaqla cəmi 7375,17 ABŞ dolları məbləğində borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş ekspertiza rəyi ilə isə borclunun 21.10.2019-cu il tarixə 5778,02 ABŞ dolları əsas, 1.382,12 ABŞ dolları isə faiz borcu olmaqla, cəmi 7160,14 ABŞ dolları borcunun hesablandığı qeyd edilsə də, sonradan aparılmaqla əsas borcdan silinmiş 1475,05 ABŞ dolları məbləğində ödəniş də nəzərə alındıqda banka 4302,97 (5778,02-1475,05) ABŞ dolları əsas, 1382,12 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5685,09 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməklə cavabdehlərdən 21 oktyabr 2016-cı il tarixli, 16011-0339/377399 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4302,97 ABŞ dolları, faiz borcuna görə isə 1382,12 ABŞ dolları pul tutularaq iddiaçı banka ödənilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iddianın, “borcluya məxsus “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU837220, rəngi qara) **-HF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməsi, onun açıq hərracda satılması” hissəsini də əsaslı hesab edir: Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin avtomobil Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Bununla belə məhkəmə, “satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması” tələbini əsassız sayır; belə ki, qalıq borcun tutulması “İcra haqqında” qanunla tənzimlənir və bu baxımdan onun müstəqil iddia formasında irəli sürülməsinə zərurət yoxdur. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 23 manatı cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulmalı, 150 (bir yüz əlli) manat ekspertiza xərcinin isə 115 manatı cavabdehlərdən, 35 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4302,97 (dörd min üç yüz iki dollar 97 sent) ABŞ dolları əsas, 1382,12 (bir min üç yüz səksən iki dollar 12 sent) ABŞ dolları faiz olmaqla, cəmi 5685,09 (beş min altı yüz səksən beş dollar 9 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü məzənnə üzrə manatla) və 23 (iyirmi üç) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 115 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 35 manatı isə iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Tutulacaq məbləğ Cavabdeh1 məxsus “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU837220, rəngi qara) **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar