Məhkəmə qərarları › İş №2(001)-5043/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5043/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5043/2020 13.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 3.188 manat məbləğində əsas, 139 manat məbləğində cərimə borcunun, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs X4 ilə Cavabdeh2 arasında bağlanmış Nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 3.888 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda fiziki şəxs X4 ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin alğı-satqı müqaviləsi üzrə borclunun satıcı qarşısında götürdüyü öhdəliyin lazımi qaydada icra olunmasına görə alıcı ilə birgə məsuliyyət daşıyır. İddiaçı MMC ilə fiziki şəxs X4 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X3 Cavabdeh2 qarşı olan 3.588 manat məbləğində tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alğı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alğı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmişdir. Cavabdehin bugünə 3.188 manat əsas, 139 manat cərimə borcu var. İddiaçı MMC məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsinin məzmununu nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, fiziki şəxs X4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əşyanın nisyə alqısatqısına dair müqaviləyə əsasən Cavabdeh2 fiziki şəxs X1 ilkin ödəniş olaraq 300 manat, 18 ay müddətinə hər ay 200 (sonuncu ay 188) manat ödəməklə, ümumi qiyməti 3.888 manat olan mebel əşyalarını nisyə almış, bu şərtləri pozduqda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5% həcmində penya (cərimə) ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar fiziki şəxs X4 tərəfindən Cavabdeh2 təhvil verilmişdir. Bundan sonra fiziki şəxs X4 ilə İddiaçı MMC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən fiziki şəxs X4 ilə razılaşdırılmış müqavilə üzrə borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüququları və razılaşdırılmış müqavilələyə əsasən tələbetmə hüququları ilə əlaqəli digər hüququları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, və cərimə sanksiyalarını İddiaçı MMC-yə güzəşt etmişdir. Bununla bağlı bütün aidiyyəti sənədlər fiziki şəxs X4 tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. Bu barədə cavabdehə məlumat verilmişdir. Lakin cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə borcu yaranmışdır. Bununla bağlı iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərərək, yaranmış borc məbləği barədə məlumat verməklə, borcun 3 gün müddətində ödənilməsini tələb etmiş, əks halda borc məbləğinin tutulması tələbi ilə məhkəmədə iddia qaldıracağı barədə ona xəbərdaqlıq etmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da icra edilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizə ilə məhkəməyə müraciət etmiş və hazırda cavabdehlərin 3.188 manat məbləğində əsas, 139 manat məbləğində cərimə borcunun yarandığını iddia edir və həmin məbləğin, habelə 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının ödənilməsini cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür; 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur; 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, Cavabdeh2 ilə fiziki şəxs X4 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən fiziki şəxs X4 müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmişdir. Bundan sonra həmin müqavilə üzrə tələb etmə hüququ fiziki şəxs X4 tərəfindən iddiaçıya güzəşt edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər edilməmişdir. Bununla da müqavilələrin şərtləri pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, DLM000002 saylı müqavilə üzrə 3.188 manat məbləğində əsas borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda araşdırılma zamanı müəyyən edilmişdir ki, həmin müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə üzərinə öhdəlik götürmüşdür. Hazırda iddiaçı həmin müqavilə üzrə öhdəliyin icrasını, o cümlədən hesablanmış 139 manat cərimə borcunun ödəniməsini tələb edir. Məhkəmə, borcun ümumi məbləğini, cavabdeh tərəfindən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, 139 manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs X4 ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-cİ il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 alıcı Cavabdeh2 nisyə satış müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Tələb güzəşt edilərkən iddiaçıya zaminlik üzrə hüquqlar da keçmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh1 zamin kimi alıcı Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı da müştərək qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, DLM000002 saylı müqavilə üzrə 3.188 manat məbləğində əsas, 139 manat məbləğində cərimə, cəmi 3.327 manat məbləğində borc, habelə 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, DLM000002 saylı müqavilə üzrə 3.188 (üç min bir yüz səksən səkkiz) manat məbləğində əsas, 139 (bir yüz otuz doqquz) manat məbləğində cərimə, cəmi 3.327 (üç min üç yüz iyirmi yeddi) manat məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar