Məhkəmə qərarları › İş №2(001)-5044/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5044/2022

16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5044/2022 16.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 01 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən olunmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2009-cu il tarixli 2(008)-1435/09 nömrəli qətnaməsi ilə 01 oktyabr 2007-ci il təvəllüdlü qızları X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün ayda 80 manat olmaqla sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya, yəni ona verilməsi qət edilmişdir. Hazırda qızları Qasımova Fidanın 14 yaşı var. Atası ayrıldıqları vaxtdan uşağı ilə maraqlanmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən 2009-cu ildə çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Ümumi dünyada olan qiymət artımları, inflasiyalar eyni zamanda ölkədə də özünü göstərmiş və nəticə etibarı ilə hazırki qiymətlərlə 2009-cu ildə olan qiymətlər arasında 3-4 qat fərq yaranmaqla fərq yaranmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 193 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh gecikmələrlə olsa da alimenti köçürməsinə baxmayaraq övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Ayrıldıqları vaxtdan qızı, anası və o, birlikdə qalırlar. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmiş lakin bir nəticə hasil olmamışdır. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsində onunla bağlı bildirdikləri düzgün deyildir, həqiqətdən uzaqdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, övladı ilə maraqlanmır, ona diqqət, qayğı göstərmir. Amma qeyd etmir ki, bunun təqsiri onun yox, iddiaçının üzərindədir. Çünki nikahları pozulandan sonra o, dəfələrlə davamlı olaraq uşağını görmək, onunla ünsiyyət saxlamağa cəhd göstərsə də iddiaçı buna imkan verməmişdir. Hətta cəhdlərinin qarşısını almaq üçün onun barəsində hüquq mühafizə orqanlarına şikayət də etmişdir. Qaldı ki, aliment məsələsinə Fidan onun övladıdır. O, indi də onun saxlanması üçün iddiaçıya aliment ödəməkdən imtina etmir. Lakin iddiaçının iddia ərizəsində tələb etdiyi 200 manat məbləği ödəmək iqtidarında deyil, sağlamlığı buna yol vermir. Belə ki, bir sıra ağır xəstəliklərdən əziyyət çəkir. Hələ 1994-cü ildə ağır cərrahiyə əməliyyatı keçirmişdir. Yoğun bağırsağı tamamilə kəsilib götürülüb. Qeyri-spesifık xoralı kolit xəstəkiyindən hər il müalicə alır. Bundan başqa, vərəm xəstəliyindən əziyyət çəkir. Mütəmadi olaraq (hər il) kurs müalicə alır. 2007-ci ildən Gepatit-c xəstəliyinə tutulmuşdur, ona görə dövri olaraq müalicə alır. Onurğa sütununun bel nahiysində üç dənə yırtıq mövcuddur. Qeyd olunan xəstəliklər səbəbindən demək olar ki, işləyə bilmir. Eyni zamanda bildirir ki, iddiaçı ilə nikahları pozulandan sonra yeni ailə qurmuşdur. Yeni nikahdan da 3 azyaşlı övladı var. Kiçik qızı Qasımova Əminə də skalyoz, anemiya xəstəliyindən əziyyət çəkir. Daima müalicə altındadır. İkinci qrup əlilliyə görə aldığı 490 manat penisiya ilə dolanmaq çox çətindir. Bu məbləğ onun və xəstə qızının heç müalicə xərclərini belə qarşılamır. Lakin qardaş və bacılarımın maddi köməyi ilə bir təhər keçinirlər. Hərdən də Banklardan kredit götürərək vəziyyətdən çıxmağa çalışır. Bu qədər ağır vəziyyətdə yaşasa da, problemlərin məngənəsində sıxılsa da iddiaçıya 80 manat alimentin ödənilməsini də təmin etməyə çalışır. Onun bundan artıq məbləğdə aliment ödəməyə imkanı çatmır, gücü yetmir. Onun əlilliyə görə aldığı penisiyamdan başqa gəliri yoxdur. Yuxarıda qeyd etdiyi kimi o, övladının saxlanması üçün aliment ödəməkdən imtina etmir. Hər bir valideyn uşaqlarını saxlamağa borcludur. Sadəcə olaraq qeyd etdiyi səbəblərdən iddiaçının tələb etdiyi məbləği ödəmək iimkanı xaricindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi və bildirdi ki, o, hazırda əmək fəaliyyəti ilə məşğul olur və 1.000 manat əmək haqqı alır. Lakin hər ay əmək haqqının 700 manata yaxın məbləğini ipoteka vasitəsilə əldə etdiyi mənzilin aylıq ödənişlərini ödəyir. Uşaq hazırda hazırlıqlara gedir və bunun üçün kifayət qədər maddi vəsait tələb olunur. Anası aldığı pensiyadan ona da köməklik edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək etiraza uyğun izahatda verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, qızı ilə dəfələrlə ünsiyyət qurmağa çalışsa da, iddiaçı buna şərait yaratmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ 024807 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 oktyabr 2007-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2009-cu il tarixli, 2(008)- 1435/2009 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 05 may 2009-cu il tarixdən başlayaraq 01 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay 80 manat alimentin tutulması qət edilmişdir; Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 082623 nömrəli vəsiqəsindən görünür ki, Cavabdeh ömürlük ikinci qrup əlildir; AZ-İİ 009536 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Dürdanə Nağıyeva arasında 17 yanvar 2015-ci il tarixdə nikah bağlanmışdır; AZ-İİİ 096246, AZ-İİİ 096247 və AZ-İİİ 391861 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 18 iuyn 2011-ci il təvəllüdlü X2, 12 avqust 2012-ci il təvəllüdlü X3 və 15 mart 2014-cü il təvəllüdlü X4 ataları Cavabdeh, anaları Dürdanə Nağıyevadır; Cavabdeh tərəfindən təqdim edilmiş tibbi sənədlərdən görünür ki, cavabdeh HCV (RNA) genotip-dən analiz vermiş, habelə bel fəqərələri, bağırsaq və qaraciyər xəstəlikləri üçün müayinələrdə olmuşdur; "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 fevral 2022-ci il tarixli müqaviləyə əlavədən görünür ki, sonuncu bankdan 3.000 manat məbləğində kredit götürmüşdür; 3 saylı DOST Mərkəzi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fondundan İİ qrup əlilliyə görə 492 manat məbləğində əmək pensiyası alır; Bakı 9 saylı Mediasiya Təşkilatının 16 iyun 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş Fidan adlı qızları iddiaçının yanında qalmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2009-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən 80 manat məbləğində aliment tutulmuşdur. Daha sonra cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan da 3 uşağı doğulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 80 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 13 ilə yaxın müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Həmçinin, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas verir. Eyni zamanda, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında əks olunmuşdur. Bundan əlavə, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan uşaqlarının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bununla belə, məhkəmə, tərəflərin maddi vəziyyətini, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin yenidən ailə həyatı qurduğunu və həmin nikahdan da uşaqlarının dünyaya gəldiyini, hər iki nikahdan olan uşaqların mənafelərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 01 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2009-cu il tarixli, 2(008)-1435/2009 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməli, həmin aliment hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “alimentin miqdarının iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 01 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2009-cu il tarixli, 2(008)-1435/2009 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar