Məhkəmə qərarları › İş №2(001)-5062/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5062/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5062/2020 03.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli, 288164 saylı müqaviləyə əsasən 1.050 manat məbləğində əsas, 279,37 manat məbləğində cərimə, xx.xx.2017-ci il tarixli, 288165 saylı müqaviləyə əsasən 2.601 manat məbləğində əsas, 433,71 manat məbləğində cərimə, ümumilikdə 3.651 manat məbləğində əsas, 713,08 manat məbləğində cərimə borcunun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi qiyməti 1.300 manat dəyərində olan Asus mobil telefon almışdır. Həmin məbləğdən 100 manat ilkin ödəniş etməklə, qalan məbləği hissə-hissə ödəmək şərti ilə 10 aya bölərək, hər ay üçün 120 manat ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1.200 manat ödəməyi öhdəsinə götürümüş, lakin həmin məbləğdən 150 manat ödəniş etmiş, qalan 1.050 manat əsas və 279,37 manat cərimə borcu qalmışdır. xx.xx.2017-ci il tarixli, 288165 saylı alğısatqı müqaviləsinə əsasən cavabdeh ümumi qiyməti 2.751 manat dəyərində olan Elektrolux kombi almışdır. Həmin məbləğdən ilkin ödəniş etmədən, məbləği hissə-hissə ödəmək şərti ilə 12 aya bölərək, hər ay üçün 229,25 manat ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 2.751 manat ödəməyi öhdəsinə götürümüşdür. Lakin həmin məbləğdən 150 manat ödəniş etmiş, qalan 2.601 manat əsas və 433,71 manat cərimə borcu qalmışdır. Daha sonra İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə yalnız 3.651 manat əsas borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizənin məzmununu nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən cavabdeh iddiaçıdan ümumi qiyməti 1.300 manat olan Asus markalı telefon və ümumi qiyməti 2.751 manat olan Elektrolux kombi almış, həmin əşyaların dəyərini müqavilələrin şərtlərinə uyğun olaraq ödəməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində penya ödəməyi barədə öhdəlik görütmüşdür. Həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə onun hər iki müqavilə üzrə borcu yaranmışdır. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc məbləği barədə ona məlumat vermiş və borc məbləğinin qaytarılmasını tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı da 30 manat məbləğində dövlət rüsumu ödəməklə borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və hazırda cavabdeh tərəfindən cəmi 300 manat ödəniş edildiyini, qalan borc məbləğinin ödənilmədiyini, onun xx.xx.2017-ci il tarixli, 288164 saylı müqavilə üzrə 1.050 manat əsas, 279,37 manat cərimə, xx.xx.2017-ci il tarixli, 288165 saylı müqavilə üzrə 2.601 manat əsas, 433,71 manat cərimə borcunun yarandığını iddia edir və bu məbləğin cavabdehdən tutulmasını tələb edirdi. Sonradan iddia tələbini dəyişdirmiş və hazırda cavabdehdən xx.xx.2017-ci il tarixli, 288164 saylı müqavilə üzrə 1.050 manat əsas, xx.xx.2017-ci il tarixli, 288165 saylı müqavilə üzrə 2.601 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, cavabdehdən hər müqavilə üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli, 288164 saylı müqavilə üzrə 1.050 manat məbləğində əsas borc, xx.xx.2017-ci il tarixli, 288165 saylı müqavilə üzrə 2.601 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli, 288164 saylı müqavilə üzrə 1.050 manat məbləğində əsas borc, xx.xx.2017-ci il tarixli, 288165 saylı müqavilə üzrə 2.601 manat məbləğində əsas borc, habelə 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, 288164 saylı müqavilə üzrə 1.050 (bir min əlli) manat məbləğində əsas borc, xx.xx.2017-ci il tarixli, 288165 saylı müqavilə üzrə 2.601 (iki min altı yüz bir) manat məbləğində əsas borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar