Məhkəmə qərarları › İş №2(001)-5114/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5114/2021

16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5114/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Tbilisi prospekti ünvanında yerləşən “İST petrol” yanacaq doldurma məntəqəsinin nəzdində olan “İST cars” avtosalon icarə müqaviləsi ilə iddiaçının sahibliyindədır. Cavabdeh 27.02.2021-ci il tarixdə təxminən saat 08:45 radələrində idarə etdiyi Tofaş markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobilin idarəetməsini itirmiş və nəticədə avtomobil sag tərəfdə yolun kənarındakı səkiyə dəyərək, iddiaçıya məxsus avtosalonun şüşəsini sındıraraq salonun içərisində olan və satış məqsədilə qoyulmuş, Mersedes S-500 markalı, 10 MM- 803 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəymiş və avtomobilə ciddi ziyan dəymişdir. Cavabdeh idarə nişanlı avtomobilə baxış keçirilərək protokollar tərtib edilmiş hadisə yerinin sxemi çəkilmiş və həmçinin hadisə yerinin və avtomobillərin fotoşəkilləri çəkilmişdir. “AZSURVEY" MMC-dən verilmiş hesabatla Mersedes S-500 markalı, **-MM- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 19730 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, Cavabdeh 22.06.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və iddia tələbini qəbul etdiyini məhkəməyə bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polkovnik-leytenantı X2 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında aşağıdakılar göstərilmişdir: “ ... Araşdırma zamanı izahatı alınmış xx.xx.1960-cı il təvəllüdlü, ünvan 2 ünvanda yaşayan Cavabdeh oglu bildirmişdir ki, 27.02.2021-ci il tarixdə təxminən saat 08:45 radələrində idarə etdiyi Tofaş markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik fəaliyyəti göstərmək məqsədilə Abşeron rayonu Xırdalan şəhərindən sərnişin götürərək Bakı şəhərinə Nəsimi rayonunda yerləşən,Bakı Sağlamlıq Mərkəzinə apararkən, Yasamal rayonu Tbilisi prospektində yerləşən İST YDM-nin yaxınlığında avtomobilin idarəetməsini itirmiş və nəticədə avtomobil sag tətəfdə yolun kənarındakı səkiyə dəyərək, avtosalonun şüşəsini sındıraraq salonun içərisində olan və satış məqsədilə qoyulmuş Mersedes S-500 markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəymiş və avtomobilə ciddi ziyan vurmuşdur. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan X3 oglu burun sınığı xəsarəti almışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları, təcili yardım və Dövlət sığorta şirkətinin əməkdaşları gələrək müvafiq araşdırma aparmış və avtomobili evakuator vasitəsilə 5 saylı cərimə meydançasına aparmışlar. Cavabdeh spirtli içki və hər-hansı psixotrop maddə qəbul etmədiyini bildirmişdir. Cavabdeh xəsarət alan X1 lazımi köməkliklər göstərdiyini bildirmişdir. ... İzahatı alınan 29.06.1973-cü il təvəllüdlü X5 oglu bildirmişdir ki,o İST YDM-nin içərisində olan avtosalonda işləyir. 27.02.2021-ci il tarixdə işdə olarkən, təxminən saat 08:45 radələrində Tofaş markalı avtomobilin yoldan çıxaraq avtosalona dəydini görmüş və hadisə yerinə yaxınlaşan zaman məlum olmuşdur ki, qeyd olunan Tofaş markalı avtomobil salonun şüşəsini sındıraraq, salonda satış məqsədilə qoyulmuş Mersedes S-500 markalı avtomobilin qabaq hissəsinə ciddi ziyan vurmuşdur. İlkin araşdırma müddətində 13.02.2021-ci il tarixdə, X3 oglu ərizə ilə Yasamal RPİnə müraciət edərək bildirmişlər ki, o avtoqəza törətmiş sürücü Cavabdeh oglu ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. ... Mersedes S-500 markalı avtomobilə və avtosalona dəymiş ziyanla bağlı tərəflər arasında gələcəkdə mübahisə yaranarsa, mülki qaydada məhkəməyə müraciət etmək hüquqları onlara izah edilsin”. İş materiallarında olan 25.11.2021-ci il tarixli, 9/7502 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ … 2015-ci il buraxılışlı “Mercedes S-500” markalı, 10MM803 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15785 manat müəyyən edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 15785 manat məbləğində dəymiş maddi ziyanın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 80,01% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 24 manat hissəsi Cavabdeh tutelaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 15785 (on beş min yeddi yüz səksən beş) manat məbləğində dəymiş maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar