Məhkəmə qərarları › İş №2(001)-5114/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5114/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5114/2022 20.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd Kika çarpayı, 2 ədəd Uretan döşək, Amur çarpayı, Amur dolab, Amur tumba üçün 2.093 manat ödənilməmiş hissə, 209 manat cərimə, 25 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən Alyans masa, Venetsiya markalı mebel, Mətbəx masası, Mətbəx stulu üçün 1.155 manat ödənilməmiş hissə, 115 manat cərimə, 12 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Selcuklu TV stend üçün 554 manat ödənilməmiş hissə, 55 manat cərimə, ümumilikdə 4.181 manat borc və 61,81 manat manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə 12 sentyabr 2019-cu il, 25 oktyabr 2019-cu il və 12 yanvar 2020-ci il tarixli müqavilələrinə əsasən 2 ədəd Kika çarpayı, 2 ədəd Uretan döşək, Amur çarpayı, Amur dolab, Amur tumba, Alyans masa, Venetsiya markalı mebel, Mətbəx masası, Mətbəx stulu, 2 ədəd Selcuklu TV stend almış və nəticədə 4.181 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 12 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3.096 manat (24 ay x129 manat+0 manat ilkin ödəniş) 2 ədəd Kika çarpayı, 2 ədəd Uretan döşək, Amur çarpayı, Amur dolab, Amur tumba üçün, ümumilikdə 2.302 manat olmaqla, ondan 2.093 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 209 manat cərimə, 25 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1.632 manat (24 ay x 68 manat+0 manat ilkin ödəniş) Alyans masa, Venetsiya markalı mebel, Mətbəx masası, Mətbəx stulu üçün ümumilikdə 1.270 manat olmaqla, ondan 1.155 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115 manat cərimə, 12 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1.425 manat (20 ay x 71 manat+ 5 manat ilkin ödəniş) 2 ədəd Selcuklu TV stend üçün ümumilikdə 609 manat olmaqla, ondan 554 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.351 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış 12 sentyabr 2019-cu il, 25 oktyabr 2019-cu il və 12 yanvar 2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlər aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 11 may 2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onu üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(001)- 5114/2022 saylı qərardadı mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etdiyini, əsas borc ilə razı olduğunu, cərimənin isə yüksək hesablandığını bildirərək iddianın əsas borcun tutulması hissəsində təmin, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, 00906582 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 3.096 manat olan olan 2 ədəd Kika çarpayı, 2 ədəd Uretan döşək, Amur çarpayı, Amur dolab, Amur tumba sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 12 sentyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00906582 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, 01003774 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.632 manat olan olan Alyans masa, Venetsiya markalı mebel, Mətbəx masası, Mətbəx stulu sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 25 oktyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01003774 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2020-ci il tarixli, 20031222 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1.425 manat olan olan 2 ədəd Selcuklu TV stend qızıl zəmanətlə sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 20 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 12 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 20031222 saylı müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 11 may 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 06 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 2.093 manat, cərimə 209 manat olmaqla, cəmi 2.302 manat, 25 oktyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 1.155 manat, cərimə 115 manat olmaqla, cəmi 1.270 manat, 12 yanvar 2020-ci il tarixli müqavilə üzrə əsas borcu 554 manat, cərimə 55 manat olmaqla, cəmi 609 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İddiaçınə ümumilikdə 4.181 manat məbləğində borcu vardır. 07 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 61,81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, iş materiallarından görünür ki, yuxarıda qeyd olunan müqavilələr üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilələrdə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin müqavilələr üzrə hesablanmış cərimə məbləği azaldılmalı, həmin müqavilələrin hər biri üzrə 50 manat məbləğində müəyyən edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 12 sentyabr 2019cu il tarixli, 00906582 saylı müqavilə üzrə əsas borc 2.093 manat, cərimə 50 manat olmaqla, cəmi 2.143 manat, 25 oktyabr 2019-cu il tarixli, 01003774 saylı müqavilə üzrə əsas borc 1.155 manat, cərimə 50 manat olmaqla, cəmi 1.205 manat, 12 yanvar 2020-ci il tarixli, 20031222 müqavilə üzrə əsas borc 554 manat, cərimə 50 manat olmaqla, cəmi 604 manat məbləğində borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 61,81 manat məbləğində dövlət rüsumunun 56 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 12 sentyabr 2019-cu il tarixli, 00906582 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 2.093 (iki min doxsan üç) manat, cərimə 50 (əlli) manat olmaqla, cəmi 2.143 (iki min bir yüz qırx üç) manat məbləğində borc tutulsun. 25 oktyabr 2019-cu il tarixli, 01003774 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 1.155 (bir min bir yüz əlli beş) manat, cərimə 50 (əlli) manat olmaqla, cəmi 1.205 (bir min iki yüz beş) manat məbləğində borc tutulsun. 12 yanvar 2020-ci il tarixli, 20031222 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 554 (beş yüz əlli dörd) manat, cərimə 50 (əlli) manat olmaqla, cəmi 604 (altı yüz dörd) manat məbləğində borc tutulsun. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun 56 (əlli altı) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Binəqədi rayonu, 7 Mkr, S.S.Axundov küçəsi,1 Məhkəmə zalı № 5 İş № 2(001)-2554/2019. surət xx.xx.2019-cu il. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 73A İş üzrə iddiaçı: İddiaçı MMC-yə Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal, ev 38 İş üzrə cavabdeh: X1 Binəqədi Rayon Məhkəməsinin 2(001)-2554/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə Hakim: Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar