Məhkəmə qərarları › İş №2(001)-512/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-512/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-512/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 28 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1.004,8 manat əsas borc, 43,24 manat faiz borcu olmaqla, ümumilikdə 1.048,04 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 28 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 28 faizlə 18 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 28 mart 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24 noyabr 2021-dək Cavabdeh1 banka həmin kredit müqaviləsi 1.004,8 manat əsas borc, 43,24 manat faiz borcu olmaqla, ümumilikdə 1.048,04 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 02 noyabr 2021-ci il tarixdə Cavabdeh1 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının tələb etdiyi 1.048,04 manat məbləğ uydurmadır, həmin məbləğ bank tərəfindən şişirdilmişdir. O, iddiaçının tələb etdiyi borcu qəbul etmir. Belə ki, onun iddiaçıya həmin məbləğdə borcu qalmamış, o, borcunun çox hissəsini ödəmişdir. Düzdür, məlum səbəblərə görə, yəni “Covid-19” pandemiya infeksiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminə görə onun banka edəcəyi aylıq ödəmələrdə gecikmələr olmuşdur. Bu isə üzürlü səbəb kimi qəbul edilməli idi. Lakin bank onu aldadaraq 24 noyabr 2020-ci il tarixdə onunla əlavə saziş bağlamağa nail olmuş və buna görə kredit müddəti 24 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Məqsəd isə ondan verilmiş 3.000 manat kredit məbləğindən daha çox vəsait əldə etmək olmuşdur. Bu isə əsassız varlanmadır. Bundan əlavə, iddiaçı iddia edir ki, guya o, xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Lakin, o, idddiaçı bank tərəfindən borcunun olması barədə xəbərdarlıq olunmamışdır. O, iddiaçıya ödəniləcək vəsaitin çox hissəsini əvvəlcədən qaytarmışdır. Lakin sonradan mövcud səbəblərdən işlərində dayanmalar olmuş və bu səbəbdən müqavilə üzrə ödəniş etməyində üzürlü olaraq gecikmələr yaranmışdır. Hazırda onun işləri normallaşmağa başlamış, lakin gəlirləri o qədərdə artmamışdır. O, iddiaçıya qalan borcunu öz vəsaiti hesabına ödəmək niyyətindədir. Qeyd edilənlərə əsasən, o, banka olan borcunu iddiaçının tələb etdiyi məbləğdə qəbul etmir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(001)- 7906/2021 saylı qərardadı ilə İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş 2(001)- 7209/2021 saylı mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh1 məhkəmə prosesinin gedişi zamanı müəyyən məbləğdə ödənişlər ödəmiş və həmin məbləğ əsas və faiz borcdan silinmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1- 0-52-19 nömrəli kredit müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, bank sonuncuya illik 28% hesablanmaqla 18 ay müddətinə 3.000 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" İKB ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür; 28 mart 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" İKB ASC-dən 3.000 manat məbləğində kredit götürülmüşdür. 08 may 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavə sazişdən və ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üzrə kreditin müddəti 28 dekabr 2020-ci il tarixdədək uzadılır. 08 may 2020-ci il tarixdə İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli zaminlik müqaviləsinə 1 saylı Əlavə Sazişdən görünür ki, 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsi üzrə kreditin müddəti 28 dekabr 2020-ci il tarixdədək uzadılır. 13 avqust 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavə Sazişdən və ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üzrə kreditin müddəti 28 mart 2021-ci il tarixdədək uzadılır. 13 avqust 2020-ci il tarixdə İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli zaminlik müqaviləsinə 1 saylı Əlavə Sazişdən görünür ki, 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsi üzrə kreditin müddəti 28 mart 2021-ci il tarixdədək uzadılır. 24 noyabr 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsinə 3 saylı Əlavə Sazişdən və ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üzrə kreditin müddəti 24 sentyabr 2021-ci il tarixdədək uzadılır. 24 noyabr 2020-ci il tarixdə İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli zaminlik müqaviləsinə 1 saylı Əlavə Sazişdən görünür ki, 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsi üzrə kreditin müddəti 24 sentyabr 2021-ci il tarixdədək uzadılır. İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 və zamin Cavabdeh2 ünvanlanan 10 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclulara banka olan borcunu 5 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər; İddiaçı ASC-nin 24 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1, 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 1.004,8 manat, faiz üzrə borcu 43,24 manat olmaqla cəmi 1.048,04 manat məbləğində borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/9155 saylı, 11 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsi üzrə borclanın banka ödənilməli olan kredit borcu 24 sentyabr 2021-ci il tarixə 1.036,42 manat əsas, 1,61 manat faiz borcu, 18 oktyabr 2021-ci il tarixə 951,36 manat əsas borc təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir; 28 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 18 ay müddətinə, illik 28 % dərəcəsi ilə 3.000 manat məbləğində kredit vermiş, kredit alan Cavabdeh1 isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı ilə zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit öhdəliklərin icrası üçün kredit alan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında əlavə sazişlər imzalanmaqla kreditin müddəti 24 sentyabr 2021-ci il tarixdədək uzadılmışdır. İddiaçı hazırda Cavabdeh1 həmin müqavilə üzrə 1.004,8 manat əsas borcu, 43,24 manat faiz borcu olmaqla, ümumilikdə 1.048,04 məbləğində borcun yaradığını iddia edir və həmin məbləği cavabdehlərdən tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin iddiaçıya hazırda 951,36 manat əsas borcunun olduğu müəyyən olunmuşdur. Həmin rəydən görünür ki, 24 sentyabr 2021-ci il tarixdən (məhkəməyə müraciət olunan tarixdən sonra) 18 oktyabr 2021-ci il tarixə qədər Cavabdeh1 tərəfindən müxtəlif məbləğlərdə iddiaçı banka ödənişlər edilmişdir. İddiaçının nümayəndəsi qeyd edilən halı izahatında təsdiqləmişdir. Göründüyü kimi, Cavabdeh1 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Belə olan halda məhkəmə, cavabdeh tərəfindən iddiaçıya ödənişlər edildiyini nəzərə alaraq, ekspertin rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia qismən təmin edilməli, 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 951,36 manat məbləğində əsas borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 45 manatı müştərək qaydada cavabdehlərdən, 5 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, qət e t d i: İddia qismən təmin edilsin. 28 mart 2019-cu il tarixli, 15-M-1-0-52-19 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 951,36 (doqquz yüz əlli bir manat, otuz altı qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 45 (qırx beş) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 5 (beş) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar