Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-515/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (*“Nikoyl” X1) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “Nikoyl” X2 borclular Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 5452/2015 saylı məhkəmə əmri ilə borclulardan müştərək qaydada “Nikoyl” İKB-nın xeyrinə 4214 ABŞ dolları əsas, 938 ABŞ dolları faiz, cəmi 5152 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. xx.xx.2021-ci il tarixdə borclu Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 5452/2015 saylı məhkəmə əmrinin surətinin ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə məhkəmə əmrini qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə borclu Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-5452/2015 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə etirazla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 5452/2015 saylı qərardadı ilə etiraz vaxtında verilmədiyi üçün geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə ərizə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 5452/2015 saylı qərardadının ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(001)- 5452/2015 saylı qərardadı ilə ərizə təmin edilmiş, borclu Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5452/2015 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək, prosessual müddət bərpa edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5452/2015 saylı qərardadı ləğv edilmiş, etiraz təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 5452/2015 saylı məhkəmə əmri ləğv edilmiş və iş üzrə icraat iddia icraatına keçirilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizəni məhkəməyə təqdim etmiş və cavabdehlərdən müştərək qaydada cəmi 14364,31 ABŞ dollarının tutulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəməyə bildirdi ki, iddiaçı ilə onun arasında bağlanmış zaminlik müqaviləsindəki imza onun tərəfindən icra edilməmişdir. Digər Cavabdeh1 ilə dost olmuş, İddiaçı ASC-nin adı “Nikoyl" İKB olan zaman Musanın Bəxtiyar adlı dostunun orada işlədiyini, həmin vaxt toyu ilə əlaqədar Bəxtiyarın köməkliyi ilə “Nikoyl İKB”-dən 1500 manat kredit götürdüyünü, vaxtında ödəyib qurtardığını bilirdi. Sonradan Musa həmin bankdan kredit götürmüş, kredit müddətinin sonuna çatan zaman ödənişi gecikdirməyə başlamış, Bəxtiyar Musaya kömək təklif edərək, yenidən kredit götürməsini, əvvəlki kreditini bağlayaraq, yenidən ayda 300 manat ödəniş edə biləcəyini, amma özünə iki nəfər zamin olacaq şəxs tapmasını demiş, o isə işə yeni girdiyini, 6 ay keçmədiyindən ona kredit verməkdən imtina edildiyini bildirmişdir. Bankdan pul götürdüyünə görə bütün sənədləri bankda var idi, həmin sənədlərdən və işlədiyi yerə giriş üçün istifadə etdiyi giriş kartından və həmin kartın arxasında olan maaş kartından istifadə etməklə onun adına zaminlik müqaviləsi imzalayıblar. Çünki o, banka müqavilə imzalamaq üçün getməyib. Cavabdehin bildirdiklərinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6003/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1.«Nikoyl» X2 ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1-M-2- 0-340-13 saylı zaminlik müqaviləsinin sonunda tərəflərin rekvizitləri bölməsində Cavabdeh2 aid məlumatların altında mövcud olan imza Cavabdeh2 tərəfindən icra edilmişdirmi? Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1719 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2013-cü il tarixli 1-M-2-0-340- 13 nömrəli “Zaminlik müqaviləsin”də “Zamin” qrafasında “Cavabdeh2 Ədalət Oğlu” yazılarının altındakı imza və həmin müqavilənin aşağı hissəsində soldan sağa 2-ci imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən məhkəməyə baxış iclasının iddiaçı tərəfinin iştirakı olmadan keçirilməsi və iddianın tam təmin olunması barədə ərizə təqdim edilmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən, işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, borc onun borcu deyil, o, həmin pulu heç görməyib. Cavabdeh1 hal-hazırda Azərbaycanda yaşamır. Evində yalnız ailə üzvləri var, onlardan da nəsə tələb etməyi o özünə yaraşdırmır. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 1-M-2-0-340-13 saylı Kredit müqaviləsindən görünür ki, həmi müqavilə “Nikoyl” X2 ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 22% ödəmək şərtilə 6630 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 1-M-2-0-340-13 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə “Nikoyl” X2 ilə Cavabdeh2 arasında bağlanmış və sonuncu xx.xx.2013-cü il tarixli, 1-M-2-0-340-13 saylı Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 1-M-2-0-340-13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1957,38 ABŞ dolları əsas borc, 2638,04 ABŞ dolları faiz borcu, 8728,49 ABŞ dolları cərimə borcu, əldən çıxmış fayda 1040,40 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 14364,31 ABŞ dolları borcu mövcüddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsindən çıxarışdan görünür ki, hazırkı mülki iş üzrə kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüş və kreditin, qalıq borcun məbləği 3327,54 manat göstərilməklə, restrukturizasiya olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə görə, fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməli idi. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini ... təmin edən tədbirlər görməlidir. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, Fərmanın müddəaların onun üçün məcburidir. Məhkəmə borcalanın Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab edir ki, əsas borc 3327,54 manat olduğu halda, cavabdehlərdən cəmi 14364,31 ABŞ dolları məbləğində borcun tələb edilməsi Fərmanın ruhuna ziddir. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməli idilər. Beləliklə, məhkəmə hazırkı məhkəmə baxışının predmeti olan kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1, 470, 472, 477 və 739-cu maddələrini əsas tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3327,54 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3327,54 (üç min üç yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-515/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-515/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver