Məhkəmə qərarları › İş №2(001)-5178/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5178/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5178/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdeh X6 qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki iş (açar sözlər: nisyə alqı-satqı müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı "xxxx" QSC-nin cavabdeh X6 qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" QSC cavabdeh X6 qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, X8 ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LGM000062 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh dəyəri 200 manat olan geyimini 6 ay müddətində aylıq 34 manat ödəmək şərti ilə kreditlə almış, öhdəliklərinin icra olunmaması nəticəsində 200 manat əsas, 30 manat cərimə borcu yaranmışdır. "xxxx" QSC ilə X8 arasında imzalanmış faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən, Məmmədov Elgün X1 qarşı olan tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 200 manat əsas, 30 manat cərimə borcu, 30 manat dövlət rüsumunun və 0,4 manat bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, LGM000062 saylı müqavilənin surətindən görünür ki, X7 dəyəri 200 manat olan geyimi ilkin ödəniş etmədən hər ay 34 manat olmaqla 6 ay ərzində qaytarmaq şərti ilə nisyə almışdır.

5. Müqaviləyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X4 tərəfindən 200 manat dəyərində 1 ədəd geyimi alıcı X6 təhvil verilmişdir.

6. İddiaçı "xxxx" QSC ilə X4 arasında bağlanan xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən X2 tələb hüququ iddiaçıya keçmişdir.

7. xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsinə əlavə olunan sazişdən görünür ki, cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, LGM000062 saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçı "xxxx" QSC-yə güzəşt edilmişdir.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixə 200 manat əsas, 30 manat cərimə borcu vardır.

9. "xxxx" QSC-nin cavabdeh X6 ünvanladığı bildirişə əsasən məlum olur ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 230 manat borcu 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 200 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

15. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

16. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələri üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

18. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılmalıdır.

19. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi həcmində qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat borc və 15 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 26 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı cavabdehə aid edilməlidir.

İV. Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİM:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 200 əsas borc manat, 15 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 26 manat, 0.4 manat xidmət haqqı olmaqla, ümumilikdə 241,40 (iki yüz qırx bir manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar