Məhkəmə qərarları › İş №2(001)-5197/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5197/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5197/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü - X13 və xx.xx.2012-ci il təvəllüdlü - X17 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-6455/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmuş alimentin artırılması və hər uşaq üçün, hər ay 235 manat (cəmi 470 manat) müəyyən edilməsi, cavabdehdən onun xeyrinə “X18”nə ödədiyi vəsaitin yarısının - 1350 manat pulun, qətnamə çıxarılan tarixdən başlayaraq hər ay, hər uşağa 25 manat müalicə xərclərinin (cəmi 50m), ödənilmiş 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşlar. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001 )-6455/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşaqların onun yanında qalmaları və yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 117 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8002/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-6455/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulmuş aliment artırılaraq hər uşaq üçün 170 manat (cəmi 340 manat) müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən qətnamə ilə alimenti tutarkən qəbul edldiyi dövr üçün yaşayış minimumu çərçivəsində aliment tutmuşdur və hesab edir ki, aliment artırılaraq minimum məbləğdə, yəni 235 manat tutulmalıdır. Məlum olduğu kimi 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı haqqında Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli Qanununa əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Müəyyən edilmiş yaşayış minimumu ilə yanaşı məlum olduğu kimi pandemiya və dünyada baş verən hadisələrlə əlaqədar ölkədə ərzaqların, geyimlərin, xidmətlərin qiyməti də artmış, bu səbəbdən uşağın saxlanması çətinləşmişdir. Alimentin artırılması ilə əlaqədar cavabdehə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə mediasiya təklifi vermiş, daha sonra Bakı 2 saylı X5 üçün müraciət etmiş. Oradan xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Hesab edir ki, tutulan aliment artırılaraq yaşayış minimumu həddinə çatdırılmalıdır. Eyni zamanda bildirir ki, uşağı təkbaşına böyütmək bir qadın olaraq onun üçün ağırdır. Uşağının müəllim xərci, xəstələnəndə həkim, xəstəxana, dava-dərman xərcləri, geyim xərclərinin öhdəsindən gəlməyi çox çətindir. Bununla yanaşı mənzilin kommunal xərc, uşağın repetitor xərci çəkir, işıq, qaz, su üçün ödənişlər edirəm. Bunların heç birində cavabdeh ona kömək etmir. Çarəsiz durumda olduğu üçün məcburiyyət qarşısında hazırkı ərizəni verir. Belə ki, X18 tərəfindən verilmiş cədvəldə göstərildiyi kimi xx.xx.2023-cü il tarixdən başlayaraq övladı Xatun Əliyevanın təhsil haqqına görə xx.xx.2024-cü il tarixə kimi cəmi 2750 manat pul ödəmişdir. Uşaqlara xərclənən vəsaitlərə dair qəbzlər, sənədləri saxlamamış, onlar itmişdir. Yalnız 2750 manata dair qəbz var, yəni müalicə, xəstəlik və s. xərclənən vəsaitlər məhkəməyə təqdim etdiyi qəbzdəkindən bəlkə də 100 dəfə çoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, uşaqla tez-tez xəstələndikləri üçün əlavə 25 manat istəyir. Uşaqğı diş həkiminə aparmış 470 manat məbləğində pul xəricləmişdir. Atasının isə heç nədən xəbəri yoxdur. Rada bir ünsiyyət qurur. Uşaq 10-cu sinifə keçir, əlavə hazırlığa gedir. Hazırlıqların qiyməti artıb. İmkanı olmadığı üçün ən ucuz müəllim yanına gedir. Cavabdehin əmək haqqısında əlavələri olur. Uşaqları saxlamaqda çətinliklər çəkir, ona görə də alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həftədə 2-3 dəfə uşaqlarla görüşür. Özü meyvə sahəsində çalışır. Hazırda faktiki nikaha girmiş və bir övladı var. O, həmçinin tərəfindən verilmiş etirazı müdafiə edərək göstərdi ki, İddiaçı ona qarşı “alimentin artırılması tələbinə dair” mülki iş məhkəmənin icraatındadır. xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)- 6455/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ondan iddiaçının xeyrinə tutulmuş alimentin artırılması və hər uşaq üçün, hər ay 235 manat (cəmi 470 manat) müəyyən edilməsi, X16 ödədiyi vəsaitin yarısının, 1350 manat pulun, qətnamə çıxarılan tarixdən başlayaraq hər ay, hər uşağa 25 manat müalicə xərclərinin (cəmi 50 manat), ödənilmiş 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi əsasızdır, aşağıda göstərilən səbəblərdən təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8002/2020 saylı , xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3654/2020 saylı, 18 avqust 2020-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşağ üçün 170 manat (cəmi 340 manat) aliment tutulması müəyyən edilmişdir. İddia tələbinin xahiş edirəm hissəsi düzgün tərtib edilməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001 )-6455/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8002/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə dəyişdirilmiş və yeni qətnamə qəbul edilmişdir. Qeyd olunmalıdır ki, o, X14 ilə faktiki nikah münasibətlərinə girərək evlənib ailə qurmuşlar. Faktiki nikahdan bir uşağı doğulmuşdur. xx.xx.2020-ci il tarixdə X19 anadan olmuşdur. Bildirir ki, ailədə yeganə o, işləyir və aylıq 1100 (bir min bir yüz) manat əmək haqqı alır və aldığı əmək haqqından başqa gəlirə qazanca malik deyil. Həmçinin həyat yoldaşı X10 uşaq az yaşlı olduğu üçün əmək fəaliyyəti ilə məşğul ola bilmir və hal-hazırda da işsizdir (İşsizlik barədə arayış əlavə olunur). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8002/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment hər ay tərəfimdən ödənilir və onun ailənin bir ay ərizində yaşaması və s. üçün ailəyə 760 manat pul qalır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş məbləği ailə üzvlərinin sayına əsasən hesablandıqda bu məbləğ yetərsizdir. Bu məbləğ hər hansı şəkildə azaldıla bilməz. Həmçinin iddiaçı əmək fəaliyyəti ilə məşğul olur, maddi imkanı yaxşıdır və uşaqların maddi tələbatını ödəmək iqtidarındadır. İddiaçı qiymətlərin yüksək olmasına iddia tələbində əsaslanmışdır. Bildirir ki, eyni ölkədə yaşayır və həmin məhsulları, xidmətləri iddiaçı ilə eyni qiymətə istifadə edir. Həmçinin iddiaçı tərəfindən X16 ödənilmiş vəsaitin yarısını 1350 manatını ondan tələb edir. Uşağın ödənişli təhsili alması barədə onunla razılaşdırlmamış və bu barədə onun məlumatı olmamışdır. Qeyd edilən məbləğin ödənilməsi onun maddi imkanı xaricindədir. Tələb edilən məbləği ödəmək iqtidarında deyil. Tərəfindən razılıq verilməmişdir. Bu tam əsasızdır, ondan tələb edilə bilməz. Valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Həmçinin iddiaçı qətnamə çıxarılan tarixdən başlayaraq hər ay, hər uşağa 25 manat müalicə xərclərinin məndən alınaraq ödənilməsini tələb edir. Uaşaqların hansı xəstəlikdən əziyyət çəkməsi və hansı diaqnozla müalicə olunmaları və s. barədə məlumat, sübut məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: Bakı Apelyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(103)-8002/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 23 iyul 2009-cu il təvəllüdlü X20 və 07 mart 2012-ci il təvəllüdlü X24 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2016-cs il tarixli, 2(001)-6455/2016 saylı qətnaməsi ilə X4 ilə Cavabdeh arasında 05 sentyabr 2006-cı ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 23 iyul 2009-cu il təvəllüdlü X11 və 07 mart 2012-ci il təvəllüdlü X12 anaları - X1 yanında qalmaları, 29 aprel 2019-cu il tarixdən başlayaraq Cavabdeh 23 iyul 2009-cu il təvəllüdlü X11 və 07 mart 2012-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2009cu il təvəllüdlü X13 və 07 mart 2012-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2(001)-6455/2016 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə tutulmuş alimentin artırılması və 12 iyun 2020-ci il tarixdən başlayaraq hər uşaq üçün, hər ay 170 manat olmaqla, cəmi 340 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3654/2020 saylı iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş 23 iyul 2009-cu il təvəllüdlü X15 və 07 mart 2012-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2(001)-6455/2016 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilərək və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3654/2020 saylı iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş və alimentin məbləği artırılaraq hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat müəyyən edilmişdir. Atalığın müəyyən edilməsi haqqında 404900 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2021-ci il tarixdə X19 doğulmuşdur. Təhsil haqqı ödənişi cədvəlindən görünür ki, X13 İİ qrup Azərbaycan bölməsi üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il üçün hər ay 310 manat olmaqla, ümumilikdə 2750 manat məbləğində ödəniş edilmişdir. Fərdi məşğulluğun qeydiyyatı haqqında bildirişdən görünür ki, X14 işsiz kimi qeydiyyata alınmışdır. “Elektron məhkəmə” informasiya sistemində olan baza məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də satıcı vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 1241.14 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə-bir hissəsi miqdarında aliment tutulur. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2(001)-6455/2016 saylı qətnaməsi ilə X4 ilə Cavabdeh arasında 05 sentyabr 2006-cı ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 23 iyul 2009-cu il təvəllüdlü X11 və 07 mart 2012-ci il təvəllüdlü X12 anaları - X1 yanında qalmaları, 29 aprel 2019-cu il tarixdən başlayaraq Cavabdeh 23 iyul 2009-cu il təvəllüdlü X11 və 07 mart 2012-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3654/2020 saylı iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş 23 iyul 2009-cu il təvəllüdlü X15 və 07 mart 2012-ci il təvəllüdlü X17 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2(001)-6455/2016 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilərək və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(103)-8002/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3654/2020 saylı iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş və alimentin məbləği artırılaraq hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat müəyyən edilmişdir. İddiaçının iddia tələbinin bir hissəsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir”. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki, “...alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...”. Həmin Qərarın 8.14-cü bəndində qeyd edilmişdir ki, “məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.”. Məhkəmə cavabdehin alimentin artırılması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə həmçinin yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından cavabdehin yenidən faktiki nikaha girməsi və həmin nikahdan bir övladının olması səbəbindən alimentin təyin edilməsində bu faktın nəzərə alınmasına münasibətdə qeyd edir ki, bu hallar cavabdehi hazırki iş üzrə iddiaçı ilə bağlanmış nikahlarından dünyaya gələn övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşaqların layiqli həyat səviyəsində yaşaması, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı ən mühüm məsələdir. Məhkəmə iddia tələbinin alimentin artırılması hissəsini əsaslı sayaraq hesab edir ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda da iddiaçı alimentin sabit pul məbləğində tutulması tələbi ilə çıxış edir. Belə olan halda məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək iddiaçı ilə cavabdehin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyininin üstünlüyünü, maraqlarını, normal, yəni qida rasionlarına uyğun qidalanmaları, geyimləri, istirahətlərinin səmərəli təşkili, habelə təhsilləri ilə bağlı xərcləri nəzərə alaraq, hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş miqdarda alimentin miqdarının artırılmaqla, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X24 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə X16 ödədiyi vəsaitin yarısının - 1350 manat pulun tutulması və qətnamə çıxarılan tarixdən başlayaraq hər ay hər uşağa 25 manat müalicə xərclərinin ödənilməsi hissələri ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum 27 yanvar 2015-ci il tarixli qərarına əsasən “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.”. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında əks olunan hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda cavabdehdən 1350 manat pulun tutulması üçün hüquqi əsas yoxdur. Belə ki, birgə nikahdan olan uşaqların ümumi orta təhsil almalarında hər hansı maneə yoxdur və onlar sərbəst şəkildə təhsil alırlar. İddiaçının “X18”nə ödədiyi vəsaiti isə məhkəmə təhsildən əlavəçəkilmiş xərc kimi qiymətlədirir. Bu hal isə seçim xüsusiyyətinə malik olmaqla və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olduğundan cavabdehin razılığı olmadan onun əlavə xərclərdə iştirakı və ondan bu məsələ ilə bağlı vəsaitin tələb olunması ədalətli deyil. Həmçinin qeyd edilməlidir ki, hazırki işdə iddiaçı cavabdehdən birgə nikhadan doğulmuş uşaqlara müalicə pulu qismində hər uşağa 25 manat olmaqla, ümumilikdə 50 manat məbləğində pul tələb etsə də, uşaqların hansı xəstəlikdən əziyyət çəkmələrinə dair heç bir rəsmi sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olubolmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə “X18”nə ödədiyi vəsaitin yarısının - 1350 manat pulun tutulması və qətnamə çıxarılan tarixdən başlayaraq hər ay hər uşağa 25 manat müalicə xərclərinin ödənilməsi hissələrində təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 65 manat) 780 manat olduğuna (65 manat x 12 ay) və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərcinin əvəzi kimi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(103)-8002/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 (yüz yetmiş) manat məbləğində olan alimentin miqdarı artırılaraq, xx.xx.2009cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X17 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(103)-8002/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 170 (yüz yetmiş) manat məbləğində olan alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X17 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 60 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar