Məhkəmə qərarları › İş №2(001)-52/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-52/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-52/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X4, Cavabdeh Cavabdeh3, Cavabdeh Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13490 manat əsas, 3900,23 manat faiz borcu, cəmi 17390,23 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103810-658850/1 saylı krediti müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 26 faiz hesablanmaqla 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.mdən ibarət 12 saylı mənzili xx.xx.2019-cu il tarixli 103810-658850/1 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il). Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərinini lazımi qaydada icra etməmiş və nəticədə xx.xx.2021-ci il tarixə Banka 13490 manat əsas, 3900,23 manat faiz borcu olmaqla, ümumilikdə 17390,23 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə mövcud iddia tələbi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 103810-658850/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu 13490 manat əsas borc, 8670,36 manat faiz borcun, 352,24 manat məbləğində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 5% hesabı ilə faiz borcu olmaqla, ümumilikdə 22512,60 manat məbləğində pulun, ipoteka predmetinə tutma haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Z.Kazımov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103810- 658850/1 saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən, cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 26 faiz hesablanmaqla 18000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 götürdüyü krediti xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 726,77 manat olmaqla xx.xx.2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, 103810-658850/1 saylı İpoteka Müqaviləsinə əsasən, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü edilərək, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 110.000 manat müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Nizami Nərimanov (22-ci Dağlıq) küçəsində istifadədə olan 0.1604 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 5 mərtəbəli binada, 67.01 kv.m ümumi, 47.31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 621 nömrəli reyestr kitabının 57060 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 adına olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. - İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıqdan (bildiriş) görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası 5 (beş) gün müddətinə yerinə yetirməyi tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli QXM 403/M saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Nizami Nərimanov (22-ci Dağlıq) küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzilinin bazar dəyəri 120.000 manat, likvid dəyəri 110.000 manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0062 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Nizami Nərimanov (22-ci Dağlıq) küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzilinin likvid dəyəri 120.000 manat müəyyən edilmişdir. - ödəniş qəbzinə əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 (Cavabdeh3) tərəfindən İddiaçı ASC-yə kredit borcundan 10000 (on min) manat ödəniş edilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 kredit müqaviləsinin bitmə tarixinə, yəni xx.xx.2022-ci il tarixə banka 13490 manat əsas, 8670,36 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 352,24 manat olmaqla, cəmi 22512,60 manat borcu vardır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7780 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə qeyd olunan şərtlər, hesbdan çıxarış, maliyyə arayışı nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) borcu 13490 manat əsas, 6981,65 manat faiz borcu; xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə) isə əsas 5490 manat əsas borc, 5333,89 manat faiz borcu, 1647,76 manat illik 5% olmaqla hesablanmış faiz borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 470.1, 472.2, 739-cu maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 10471,65 manat borc (xx.xx.2022 –ci il tarixə müqavilənin bitdiyi tarixə ümumi borc: 13490+6981,65=20471,65 - 10.000 (müqavilə müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixdə edilmiş ödəniş) = 10471,65 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (AR MM 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun 74.1-ci maddələrinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı). Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracda satılması, satıldıqdan sonra boşaldılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Həmçinin Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). - 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. - 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda həmin qanunun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 (bir) ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. - 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 352,24 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda X8 da digər cavabdehlərlə bərabər mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində həmin mənzildən çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 10471,65 manat əsas borc və 352,24 manat manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, cəmi 10823,89 manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 40 (30+10) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh1 tutulmalı olan məbləğ ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, mənzilin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat müəyyən edilməli və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməli, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10471,65 manat əsas borc və 352,24 manat manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, cəmi 10823,89 manat (on min səkkiz yüz iyirmi üç manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutulmalı olan məbləğ cavabdeh X6 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərracda satılsın, mənzilin ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat müəyyən edilsin və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,01 kv.m-dən ibarət 12 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X8 və Cavabdeh2 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu cavabdeh X3 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat ekspertiza xərcinin 50%-i yəni 100 (bir yüz) manatı İddiaçı ASC-dən, qalan 50%-i yəni 100 (bir yüz) manatı Cavabdeh1 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. İş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xidmət haqqının 50%-i yəni 150 (bir yüz əlli) manatı İddiaçı ASC-dən, qalan 50%-i yəni 150 (bir yüz əlli) manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar