Məhkəmə qərarları › İş №2(001)-521/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-521/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-521/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdehnın nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Birlik-İnşaat" Məhdud Məsuliyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 29.08.2008-ci il tarixli fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən, satıcı ünvan 1 ünvanda inşa olunan yaşayış binasının İ blok, İV mərtəbəsində, ümumi sahəsi 117 kv.m. olan 3 otaqlı, 25 saylı mənzili tikib İddiaçı təhvil verməyi, İddiaçı də öz növbəsində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həqiqətdə isə iddiaçı qeyd olunan mənzili maklerin iştirakı ilə Cavabdeh adlı şəxsdən almışdır. Bu səbəbdən 28.08.2008-çi il tarixdə “Birlik İnşaat" MMC-nin nümayəndəsi Tofiq Məmmədovun vasitəçiliyi ilə İddiaçı ilə Cavabdeh arasında həmin mənzilin alqı-satqısına dair yeni müqavilə imzalanmışdır. Müqavilənin başlıca müdəəasına uyğun olaraq mənzilin müqabilində Cavabdeh 58.000 ABŞ dolları ödənilmişdir. Sonradan istintaq gedişində həmin mənzilin Cavabdeh əvvəl də başqa şəxsə satıldığı müəyyən edilmişdir. Buna görə də İddiaçı zərərçəkmiş qismində tanınmağını xahiş etmiş və “Birlik-İnşaat" MMC tərəfindən ona boş mənzil olaraq ünvan 2 ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində, 1-ci blok, ümumi sahəsi 102,4 kv.m. olan, 3 otaqdan ibarət 3 saylı mənzil verilmişdir. İddiaçı mənzillə təmin oldunduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən ifadə verərək şikayət və tələbinin olmadığını bildirmişdir. İddiaçı həmin mənzildə təmir işləri apararaq 2014-cü ildən etibarən 4 nəfər ailə üzvü ilə birlikdə yaşamışdır. 2017-ci ildə iddiaçı X7 “Birlik-İnşaat" MMC-nin cavabdehliyilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, həmin mənzildən iddiaçının ailə üzvləri ilə birgə çıxarılmasını, mənzilin boşaldılmasını, onunla cavabdeh MMC arasında bağlanmış 10.07.2006-cı il tarixli müqaviləyə əsasən həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınmasını, mənzilin onun sahiblik və istifadəsinə verilməsini, həmin mənzildə təmir işlərinin aparılmasına şərait yaradılmasını, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Birlik-İnşaat" MMC arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasını, X7 ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etbarsız hesab olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli, 2(011)-1130/2018 saylı qətnaməsi ilə X3 iddiası qismən təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12591/2019 saylı, 28.12.2018-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli, 2(102)-4364/2019 saylı qərarı ilə hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10754/2019 sayli, 14.10.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.02.2020-ci il tarixli, 2(102)-1089/2020 saylı qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd olunan mənzilin təmirinə 37.000 manat vəsait xərcləmişdir. Lakin yuxarıda göstərilən məhkəmə qətnamələrindən görünür ki, qərar qəbul edilərkən nə onun qarşılıqlı iddiasına obyektiv qiymət verilmiş, nə də mənzil üçün ödədiyi 58.500 ABŞ dolları və təmir üçün ödənilən 37.000 manat vəsait nəzərə alınmışdır. Təmir xərcləri ilə bağlı hal-hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia tələbinə baxılır. İşin faktiki hallarından və təqdim olunan mötəbər sübutlardan da aydın şəkildə görünür ki, hazırkı iş üzrə iddiaçıya mənzilin alqı-satqısı üçün 58.000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Lakin mülkiyyət hüquqları bu günə kimi bərpa olunmayaraq hələ də pozulmaqdadır. Qeyd olunanlara əsasən iddiaçı 28.08.2008-ci il tarixli mənzilin alqı satqısına dair müqavilə üzrə Cavabdeh ödənilən 58.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnın nümayəndəsi və vəkili X6 iddia ərizəsinə cavabdehin yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh qarşı “pul tələbinə dair” iddia tələbinin irəli sürülməsi qanunsuz, əsassız və ədalətsizdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 29.08.2008-ci il tarixli fərdi mənzilin tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı R.Məmmədov küçəsi 20 saylı ünvanda inşa olunan yaşayış binasının İ blok İV mərtəbəsində ümumi sahəsi 117 kv.m. olan 3 otaqlı, 25 saylı mənzili tikib sifarişçiyə təhvil verməli idi. Yəni iddiaçı iddia ərizəsinin birinci abzasında öhdəliyin yaranma əsası kimi şirkətlə bağladığı müqavilə olduğunu qeyd etmişdir. Həmçinin iddia ərizəsinin 2-ci abzasında qeyd olunur ki, “həqiqətdə isə qeyd olunan mənzili maklerin iştirakı ilə Cavabdeh adlı şəxsdən almışam. Bu səbəbdən 28.08.2008-ci il tarixdə "xxxx" MMC-nin nümayəndəsi Tofiq Məmmədovun vasitəçiliyi ilə mənimlə Cavabdeh arasında həmin mənzilin alqı-satqısına dair yeni müqavilə imzalanmışdır”. Nəzərə alınmalıdır ki, Cavabdeh özünə məxsus mənzili satan zaman, şirkətlə onun arasında bağlanmış müqaviləyə xitam verilir, şirkət mənzilin dəyərini Cavabdeh ödəyir, bundan sonra həmin mənzili İddiaçı satır. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilə əslində mənzilin alqı-satqısı müqaviləsi deyil. Belə ki, həmin müqavilənin bağlanması üçün DƏDRX-nin mənzilə dair çıxarışı olmalı, əmlak real olaraq mövcud olmalı və müqavilə notariat qaydasında bağlanmalı idi. Sözügedən müqavilə tikilməli olan mənzilə dair hüquqların ötürülməsi üsuludur. İddia ərizəsində qeyd olunanlardan görünür ki, iddiaçı sözügedən mübahisə üzrə cinayət araşdırması olmuş, iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, zərərin ödənilməsi səbəbi ilə məhkəməyə şikayət və tələbinin olmamasına dair ərizə ilə müraciət etmişdir. Yəni faktiki olaraq iddiaçı həmin məsələ ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmış, həmin zərər üzrə cavabdeh şəxs hökmlə müəyyən edilmiş, zərər ödənmişdir. Hal-hazırda bu iddianın qaldırılması isə ziyanın iki dəfə tutulmasını xahiş etməkdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehnın nümayəndəsi və vəkili X6 eyni zamanda cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373-cü maddəsində iddia müddətləri müəyyən olunmuşdur. Həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Ümumi iddia müddəti isə 10 ildir. Mülki işlər üzrə iddia müddətlərinin müəyyən olunması məhkəmə tərəfindən obyekti, tam və hərətərfəli araşdırma imkanından məhrum olmasının qarşısını almaq və ədalətsiz qətnamələrin çıxarılmaması üçün müəyyənləşdirilmişdir. Buna görə də, Mülki Məcəllənin XVİİİ fəsli iddia müddətini nəzərdə tutmuşdur ki, sübutların və tələblərin köhnəlməsi məhkəmənin qeyri-obyektiv qərar çıxarmasının qarşısı alınsın. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, iddia müddətləri üzrə müəyyən olunan sonuncu müddət kimi ümumi iddia müddətidir ki, həmin müddət 10 ildir. Tərəflər arasında müqavilənin 29.08.2008-ci il tarixində bağlandığı nəzərə alınsa, ümumi iddia müddətindən belə 2 il keçmişdir. Yuxanda göstərilənləri və Mülki Məcəllənin tələblərini rəhbər tutaraq cavabdeh məhkəmədən xahiş etmişdir ki, İddiaçı Cavabdeh qarşı 58.000 ABŞ dolları pul vəsaitinin tələb edilməsinə dair mülki iş üzrə iddia müddəti tətbiq edilərək, iddianın rədd olunması bafədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehnın nümayəndəsi və vəkili X6 etiraz ərizəsinin və iddia müddətinin tətbiqinə dair ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan alqı-satqı ofisində bağlanmış, notariat qaydasında təsdiq edilməmiş, satıcı Cavabdeh, alıcı İddiaçı və vasitəçi Tofiq Məmmədov tərəfindən imzalanmış 29.08.2008-ci il tarixli müqavilədə göstərilmişdir ki, İddiaçı ev sahibi Cavabdeh ünvan 1 ünvanda "xxxx" MMC tərəfindən inşa olunan 3 otaqlı, 117 kv.m. sahəsi olan mənzil üçün 58.500 ABŞ dolları verdi. İş materiallarında olan 29.08.2008-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, "xxxx" MMC ünvan 3 ünvanda 14 mərtəbəli yaşayış evinin İV mərtəbə, ümumi sahəsi 117 kv.m. olan, İ blok 25 saylı, 3 otaqdan ibarət mənzili İddiaçı verməyi, İddiaçı isə "xxxx" MMC-yə həmin mənzil üçün 35100 ABŞ dollarını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.08.2008-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda inşa olunan binanın İ blok İV mərtəbəsində, ümumi sahəsi 117 kv.m. olan, 25 saylı mənzilinin 28080 manat pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2014-cü il tarixli, 1(101)-65/2014 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Zərərçəkmiş şəxs İddiaçı ifadələrində göstərdi ki, o, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən X1 tanıyır. 29 avqust 2008-ci il tarixdə o, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşa olunan binanın 1-ci blok 4-cü mərtəbəsində yerləşən 117 m2 sahəsi olan 58.500 ABŞ dolları dəyərindəki mənzili əvvəlki sahibi Cavabdeh həmin məbləği ödəməklə almış, müqaviləni Elman Tağıyevlə bağlamışdır. Sonradan həmin mənzilin başqa şəxslərə də satıldığını və aldandıqlarını öyrənmişdir. Mənzillə təmin olunmuşdur. Şikayət və tələbi yoxdur. ... Şahid Cavabdeh ifadələrində göstərdi ki, o, 2007-ci ildə özü üçün ev almaq istədi. Evi əsasən, “Həzi Aslanov” metrostansiyası ətrafında axtarırdı. Bu məqsədlə həmin ərazidə ev satışı elanları ilə tanış oldu. Elə həmin vaxt tanışı Elman Tağıyevin rəhbərlik etdiyi "xxxx" MMC-nin ünvan 6 ünvanında yenicə tikintisinə başladığı binada boş mənzillərin olduğunu öyrənib Elmandan mənzil almaq üçün ona müraciət etdi. Elman binada boş mənzillərin olduğunu təsdiq edərək, binanın 1-ci blok 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.metr olan 25 saylı, 3 otaqlı mənzili göstərib həmin mənzilin 1 kv. metr sahəsi üçün 500 ABŞ dollarına olmaqla ümumilikdə 58.500 ABŞ dollarına satdığını dedi. O, həmin mənzili almaq qərarına gəldi. 2007-ci ildə həmin binanın 1-ci mərtəbəsində yerləşən satış ofisində Elmanla müqavilə bağlayıb evi öz adına rəsmiləşdirdi. Lakin həmin tarixi dəqiq xatırlamır. Bundan sonra 58.500 ABŞ dollar pulu bir dəfəyə olmaqla Elmanın özünə verdi. Lakin müqavilədə evin dəyəri az, yəni 35.100 ABŞ dolları kimi göstərildi. O, Elmandan səbəbini soruşanda Elman vergi xərclərini azaltmaq üçün məbləği az göstərdiyini dedi. Bundan sonra o, buna etiraz etmədi. Elman həmin vaxt binanın 1 il ərzində təhvil veriləcəyini dedi. Bundan sonra o, tez-tez gedib binadakı tikinti işləri ilə tanış olurdu. Bina deyilən vaxtda təhvil verilmədiyinə görə bir neçə dəfə Elmana müraciət etdi. Lakin Elman hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadırdı. 2008-ci ilin avqust ayında ona təcili pul lazım olduğuna görə aldığım həmin mənzili satmaq qərarına gəldi. Bu məqsədlə ev dəllalarına müraciət edib evini satışa qoydu. Tanıdığı Rövşən və Tofiq adlı ev dəllalları onu İddiaçı ilə tanış etdilər. İlham onun mənzilini almaq istədiyini dedi. O, İlhamı həmin ünvana aparıb mənzili ona göstərdi. İlhamla danışıb mənzili elə aldığı qiymətə, yəni 58.500 ABŞ dollarına satmağa razılaşdı. Bundan sonra 29 avqust 2008-ci il tarixdə İlhamla birlikdə "xxxx" MMC-nin həmin binanın 1-ci mərtəbəsində yerləşən satış ofisinə müraciət edib evi İlhama satdığını Elmana dedi. Elman onun müqaviləsinin əslini alıb evi onun adından çıxardı. Elə həmin gün Elman İlhamla yeni müqavilə bağladı. İlham evi öz adına keçirdi. O, evi İlhamın adına rəsmiləşdirmək üçün şirkətin mühasibi Rozaya 500 ABŞ dolları əlavə pul verdi. Sənədləşmə işlərini həll etdikdən sonra İlhamdan 58.500 ABŞ dollar pul aldı. 2011-ci ilin oktyabr ayında İlham ona zəng edərək dedi ki, onun İlhama satdığı mənzil Elman tərəfindən bir neçə şəxsə satılmışdır. Məlum oldu ki, o, mənzili alana qədər Elman həmin mənzili başqa şəxsə satmışdır. O, 29 avqust 2008-ci ildə həmin mənzili İddiaçı satarkən, Elman onun müqaviləsini ondan aldığına görə onda müqavilənin əsli və heç bir surəti qalmayıb. ... Məhkəmədə,zərərçəkmiş şəxslər .... İddiaçı ... mənzillə təmin olunub təqsirləndirilən şəxslərdən şikayətlərinin olmaması ... müəyyən olundu. Məhkəmə, həmin halları nəzərə alır. ... X4 Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.2.2-ci və 313-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ilə dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 2 (iki) il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yedddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 2 (iki) il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CMnin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 3 (üç) il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. ... Zərərçəkmiş şəxslər ... İddiaçı ... mənzillə təmin olunub təqsirləndirilən şəxslərdən şikayətlərinin olmaması ... nəzərə alınsın”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.09.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Təqsirləndirilən şəxs X8 ... göstərmişdir ki, ... Elman Tağıyev barəsində aparılan cinayət işi üzrə İddiaçızərərçəkmişşəxs kimi tanınmış, belə ki, İddiaçı 29 avqust 2008-ci il tarixdə "xxxx" MMC tərəfindən ünvan 7 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 4-cü mərtəbəsində yerləşən 117 m2 sahəsi olan mənzil almış, lakin Elman Tağıyev tərəfindən həmin mənzil öncədən başqa şəxsə satıldığından qeyd edilən mənzil İddiaçı verilməmişdir. 2011-ci ildə X15 Məmmədova vurulmuş ziyanın ödənilməsi üçün həmin binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən 102 kv metr sahəsi olan 3 otaqlı mənzili təklif etmiş, İddiaçı razılaşmışdır. Lakin faktiki olaraq qeyd edilən 1-ci blok, 1-ci mərtəbəsində yerləşən 102 kv metr sahəsi olan 3 otaqlı mənzil X5 məxsus olmuşdur. X10 də məlumatı olmuşdur. X14 həmin vaxt və sonralar binaya gedib gəlmədiyindən Elman Tağıyev mənzili İddiaçı vermiş, Nazim Məmmədovun isə pulunu qaytaracağını bildirmişdir. Lakin bununla bağlı İddiaçı hər hansı bir müqavilə və ya maliyyə arayışı təqdim edilməmişdir. Yəni formal olaraq, qeyri rəsmi binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən 102 kv metr sahəsi olan 3 otaqlı mənzili İddiaçı verilmişdir. Faktiki olaraq mənzil Nazim Məmmədovun olmuşdur. İddiaçı isə həmin mənzildə müəyyən qədər təmir işləri aparmışdır. Həmin vaxt İddiaçı mənzili 60000 manata satmaq istədiyini ona bildirmişdir”. Beləliklə, iş materiallarından göründüyü kimi, 1(101)-65/2014 saylı cinayət işi üzrə "xxxx" MMC-nin təsisçisi və sədri işləyən X4 təqsirləndirilən, İddiaçı zərərçəkmiş şəxs, Cavabdeh isə şahid qisminə cəlb edilmişlər. Həmin cinayət işi çərçivəsində İddiaçı "xxxx" MMC tərəfindən ona verilməli olan mənzilin əvəzinə mənzillə təmin edilmiş və təqsirləndirilən şəxslərdən şikayətinin olmamasını bildirmişdir. 08.11.2017-ci il tarixdə iddiaçı X7 ona qarşı məhkəmədə iddia qaldırmış və 1(101)-65/2014 saylı cinayət işi çərçivəsində "xxxx" MMC tərəfindən İddiaçı ayrılmış mənzildən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iş üzrə iddiaçının iddia ərizəsi nəticə etibarilə təmin edilmiş və 17.08.2020-ci il tarixdə icra sənədi icraya yönəldilmişdir. İddiaçı həmin mənzildən məhrum olduqdan sonra ilkin olaraq mənzil aldığı Cavabdeh mənzilə görə ödədiyi 58.500 ABŞ dollarını tələb etmək qərarına gəlmişdir. Halbuki həmin mənzilə dair mübahisə 1(101)-65/2014 saylı cinayət işi çərçivəsində yekunlaşmış və İddiaçı zərər vurmuş şəxs məhkəmə hökmü ilə müəyyənləşdirilmişdir. İddiaçı iddia ərizəsində tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etmiş, lakin Cavabdeh tərəfindən onun mülkiyyət hüququnun hansı formada pozulmasını ərizəsində göstərməmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “ ... istintaq gedişində həmin mənzilin Cavabdeh əvvəl də başqa şəxsə satıldığı müəyyən edilmişdir. Buna görə də zərərçəkmiş şəxs qismində tanınmağını xahiş etmişəm”. İş materiallarında olan sənədlərdən göründüyü kimi, tərəflər arasında müqavilə 29.08.2008-ci il tarixdə bağlanmış, 1(101)-65/2014 saylı cinayət işi üzrə istintaq 2011-ci ildən başlanmış, İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 30.09.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə müvafiq olaraq, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə tərəflər arasındakı müqavilənin 29.08.2008-ci il tarixdə bağlanmasını, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsini, eyni zamanda mülki işin materiallarını və qətnamənin əsaslandırıcı hissəsində qeyd olunanları nəzərə alaraq, hesab edir ki İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar